Məlum olduğu kimi, Fransanın ölkəmizdəki səfiri Oreliya Buşez Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq, ona rəsmi etiraz notası təqdim edilib.
Səbəb isə bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlər olub. Odur ki, xanım səfirə Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə edilmiş qanunsuz səfərlər ilə bağlı rəsmi etiraz bildirilib. Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilməsi, Fransa hökumətinin bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərinin qarşısının alınması üçün effektiv tədbirlər görməsi istənilib və sonda qarşı tərəfə XİN-in rəsmi notası təqdim olunub. Qeyd edək ki, Fransa həm də Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biridir və bu baxımdan, bu ölkənin nümayəndələrinin, rəsmi şəxslərin Azərbaycanın rəsmi icazəsi olmadan işğal olunmuş ərazilərinə qanunsuz səfərləri, bunların mütəmadi hal alması Azərbaycan cəmiyyətində, siyasət cəbhəsində də haqlı etirazlara və hiddətə səbəb olub.
Azərbaycanın millət vəkilləri də Fransa nümayəndələrinin bu addımlarına kəskin etirazlarını bildirib, onların bu yöndəki addımlarını pisləyiblər. Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "525"ə açıqlamasında bildirib ki, Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi qrup fəaliyyət göstərir: "Öncə qeyd edim ki, Azərbaycan-Fransa münasibətləri ölkəmiz üçün mühüm önəm kəsb edir. İki ölkə arasındakı əlaqələr həm regionda sabitlik, həm də bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, son vaxtlar Fransanın bir neçə bələdiyyə rəhbəri tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirilib və bununla da beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycanın qanunlarını kobud şəkildə pozulub. Fransada Azərbaycana qarşı qərəzli mövqe tutan xüsusi bir qrup fəaliyyət göstərir. Qondarma "Dağlıq Qarabağ rejimi" ilə dostluq qrupu bu istiqamətdə "böyük xidmətlər" göstərir. Xüsusilə, Fransa parlamentinin sabiq üzvü Fransua Roşebluan erməni lobbisi tərəfindən maliyyələşdirilən, dəstəklənən, onun faktiki ruporuna çevrilən bir şəxsdir. O, açıq-aşkar şəkildə sifarişli, Azərbaycan-Fransa münasibətlərinə xələl gətirən fəaliyyətlə məşğuldur və onun ətrafına da bir qrup insan toplaşıb. Fransa bələdiyyə başçılarının bu səfərləri işğal və azərbaycanlıların etnik təmizlənməsi əsasında qurulan status-kvonun təşviqini həyata keçirmək baxımından birbaşa təxribatdır. Bunu başqa cür qiymətləndirmək mümkün deyil".
S.Seyidovun sözlərinə görə, Fransa bələdiyyə başçılarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri ölkələrimiz arasındakı münasibətlərin ruhuna ziddir: "Burada ən xoşagəlməz məqam ondan ibarətdir ki, bu bələdiyyə başçıları işğal olunmuş ərazilərə, xüsusilə Şuşaya, Laçına gedərək həmin ərazilərin qondarma rəhbərləri ilə "bəyannamələr", "bəyanatlar" imzalayırlar.
Belə sənədlərin imzalanması o deməkdir ki, Fransanın bələdiyyə başçıları Azərbaycan torpaqlarının işğalını, azərbaycanlıların əzəli, tarixi torpaqlarından etnik təmizlənmələrini qəbul edir, faktiki etnik təmizləmələri dəstəkləyirlər. Bu, öz-özlüyündə bir cinayətdir. Onu xüsusi qeyd etmək lazımdır ki, həmin yerli özünüidarəetmə orqanları Fransa və Azərbaycan arasında imzalanmış sazişlərə, sənədlərə zidd olaraq hərəkət edir, eyni zamanda, Fransanın özünün milli qanunvericiliyinə zidd və tam qanunsuz addımlar atırlar. Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən bir neçə ay bundan əvvəl - 2018-ci il mayın 24-də "Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi" haqqında imzalanmış təmimi təlimat bu qurumları, yəni bələdiyyələri Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələrin bağlanmasını, səfərlərin həyata keçirilməsini və birgə tədbirlərin təşkilini qəti qadağan edir. Bu, Fransanın Xarici İşlər və Avropa Məsələləri üzrə Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında imzalanmış bir sənəddir. Yəni bu sənədə əsasən, Fransada fəaliyyət göstərən yerli özünüidarəetmə orqanları ölkənin xarici siyasətinə zidd olan bəyanatlar, səfərlər və digər bu kimi addımlardan çəkinməlidirlər.
Fransa Konstitusiyasının 73-cü maddəsinə və yerli özünüidarəetmə qurumlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq, qəbul edilmiş təmimi təlimat bu kimi, hərəkətləri qadağan edir. Ancaq təəssüf ki, biz Fransa qanunlarına, beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin, Azərbaycan-Fransa münasibətlərinin ruhuna zidd hərəkətlərin şahidi oluruq. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi, təəssüflə deməliyəm ki, Fransa hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələlərinə dair bu sənədin müddəalarını dərhal yerinə yetirilməsi üçün müvafiq addımların atılması istiqamətində qətiyyət göstərmir. Hesab edirəm ki, Fransa hökuməti bu məsələ ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidir".
Millət vəkili Eldəniz Səlimov isə XİN-nin addımını təqdirəlayiq hesab edərək bildirib ki, Minsk qrupuna həmsədrlik edən ölkənin nümayəndələrinin bu cür cinayət xarakterli əməllərinə son qoyulmalıdır: "Əgər Fransa həqiqətən də Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllində səmimidirsə, maraqlıdırsa, o zaman bunu sözdə deyil, əməldə sübut etməlidir. Amma təəssüf ki, biz bunu illərdir görmürük. Ona görə nəhayət, Fransa ən azı ATƏT-in Minsk qrupunun üzvü və həmsədri kimi öz məsuliyyətini dərk etməli, Azərbaycanla bağlı qanunsuzluğa yol vermiş vətəndaşlarını cəzalandırmalı, münasibətlərin korlanmasına yönəlik addımlardan geri çəkilməli və münaqişənin ədalətli həllində öz müsbət töhfəsini verməlidir. Bunu tələb etmək və Fransadan gözləmək bizim haqqımızdır. Həmsədr dövlət kimi Fransanın borcudur ki, Ermənistana layiq olduğu yeri göstərsin. Yoxsa, onun həmsədrliyinin heç bir əhəmiyyəti yoxdur".
MM-in Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Sahibə Qafarova da deyib ki, Fransanın bir neçə bələdiyyə başçıları tərəfindən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərinin həyata keçirilməsi və orada mövcud olan qondarma separatçı rejim təmsilçiləri ilə "bəyannamə" imzalanması ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. S.Qafarova qeyd edib ki, belə qanunsuz səfərlərin həyata keçirilməsi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimin təbliğinə və işğalçılıq siyasətinin təşviqinə xidmət edir: "Bu səfərin təşkili və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimlə imzalanan "bəyənnamə" Fransının özünün də qanunvericiliyi ilə ciddi ziddiyyət təşkil edir. Çünki Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci il mayın 24-də "Yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi" haqqında imzalanmış təmimi təlimata əsasən yerli özünüidarəetmə qurumlarına Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etmək qadağandır. Deməli, qanunsuz səfər çərçivəsində imzalandığı iddia edilən "Dostluq haqqında Bəyannamə" heç bir hüquqi qüvvəyə malik deyil. Bu isə bir daha sözügedən bələdiyyə sədrlərinin Fransanın özünün qəbul etdiyi qanunlara qarşı saymazyana münasibətini ortaya qoyur. Paradoksal hal odur ki, Fransa hökuməti və müvafiq qurumlar bu qanunsuzluğun nəticələrinin aradan qaldırılması üçün lazımi qətiyyəti göstərmir".
Adıçəkilən Qrupun digər üzvü Rauf Əliyev öz növbəsində Fransa nümayəndələrinin Dağlıq Qarabağ səfərlərini pisləyib və bunun qanunsuzluq, beynəlxalq hüquq normalarına hörmətsizlik kimi qiymətləndirib. O da qeyd edib ki, Minsk qrupunun həmsədri kimi Fransa bu cür səfərlərin qarşısını almalı və buna yol verənləri məsuliyyətə cəlb etməlidir: "Hesab edirəm ki, bundan sonra bir daha bu kimi hallara yol verilməməlidir. Bunun qarşısını almaq həmsədr dövlət kimi ilk növbədə Fransanın borcudur".
Kamil HƏMZƏOĞLU