Xəbər verdiyimiz kimi, sentyabr-oktyabr aylarında ATƏT-in Minsk qrupunun həmsədr dövləti Fransanın Alforvil, Valans, Sent-Etyen və Arnuvil bələdiyyə başçılarının işğal altında olan Azərbaycan torpaqlarına həyata keçirdiyi qeyri-qanuni səfərlər ölkə ictimaiyyətinin, o cümlədən, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının böyük narazılığı ilə qarşılanıb.
Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində üzərinə vasitəçilik missiyası götürən bir dövlətin ayrı-ayrı yerli özünüidarəetmə orqanları rəhbərlərinin erməni separatçıları ilə təmaslar qurması beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycanın qanunlarının kobud şəkildə pozulması halıdır. Bu, Fransanın vasitəçi qismində nüfuzuna xələl gətirir, rəsmi Paris barəsində etimadın ciddi şəkildə sarsılmasına xidmət edir.
Fransadan olan merlərin işğaldan əvvəl azərbaycanlıların yaşadığı Qarabağın tarixi mərkəzi Şuşa və Laçın şəhərləri ilə dostluq haqda "bəyannamə"lər imzalaması Ermənistanın insanlığa qarşı cinayət olan etnik təmizləmə siyasətinə dəstəyi ifadə edir. Fransa yerli özünüidarəetmə orqanlarının Ermənistanın gücdən istifadə etməklə işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma, separatçı rejimin təşviqinə xidmət edən qanunsuz addımları heç də münaqişəsinin sülh yolu ilə həlli prosesinə kömək olmur. Halbuki bələdiyyə sədrlərinin bu kimi təxribatçı əməlləri Fransa və Azərbaycan arasında imzalanmış sazişlərin dili və ruhuna, eləcə də Fransanın milli qanunlarına tamamilə ziddir. Fransanın xarici işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təmimi təlimat bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyi qadağan edir. Fransa Konstitusiyasının 73-cü maddəsi və yerli özünüidarəetmə qurumlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq qəbul edilmiş və qüvvədə olan bu təmimi təlimat məcburi xarakter daşıyır. Lakin məlum olmayan səbəblərdən Fransa hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsinə dair bu sənədin müddəalarının dərhal və şərtsiz həyata keçirilməsi üçün müvafiq addımların atılması istiqamətində qətiyyət göstərmir.
Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və erməni lobbisinin təsiri altında olan Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşbluanın, habelə Fransada fəaliyyət göstərən qondarma rejim ilə "dostluq dərnəyi"nin digər üzvlərinin belə səfərlərə qoşulması onların sifarişli xarakter daşıdığını açıq-aşkar şəkildə sübut edir. Baş vermiş bu hadisə rəsmi Parisin vasitəçilik statusuna, üzərinə götürdüyü öhdəliklərə növbəti dəfə kölgə salır, bu dövlətin heç də münaqişənin beynəlxalq hüquq çərçivəsində, ədalətli yolla həllində maraqlı olmadığını bir daha ortaya qoyur.
Artıq rəsmi Bakı məsələ ilə bağlı Fransanın ölkəmizdəki səfiri Aureliya Buşezə nota təqdim edib. Xarici İşlər Nazirliyinə çağırılan səfirə Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyinə və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən, bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə fransalı bələdiyyə sədrlərinin qanunsuz səfərləriylə bağlı rəsmi etiraz bildirilib. Xarici İşlər Nazirliyi bu kimi addımlara hüquqi və siyasi qiymətləndirmə verib. Fransa hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb.
Müəyyən fasilədən sonra Ermənistanla Azərbaycan arasında danışıqların davam etdirilməsinə qərar verildiyi, tərəflər arasında təmasların yaradılması üçün hazırlıqların getdiyi dövrdə Minsk qrupunun həmsədr dövlətinin belə bir mövqe sərgilməsi başadüşülən olmadığı qədər, prosesin ruhuna mənfi təsir edən ciddi faktordur. Fransa dövlətinin ayrı-ayrı rəsmi dairələrinin BMT Təhlükəsizlik Şurası qətnamələri ilə beynəlxalq səviyyədə işğalçı, təcavüzkar adlandırılan Ermənistanın zəbt etdiyi Azərbaycan torpaqlarında yaratdığı separatçı rejimlə əlaqələr qurmağa cəhd etməsi heç şübhəsiz ikili standartlar siyasətinin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Halbuki, münaqişənin həlli ilə bağlı vasitəçilik statusu daşıyan bir dövlət tərəfsizliyini ciddi şəkildə qorumalı, nüfuzuna xələl gələ biləcək addımlar daşınmalı idi. Lakin görünən odur ki, əvvəllər olduğu kimi, bu gün də Fransa tərəfi oxşar addımlar atmağa davam edir, bununla danışıqlar prosesində aşkar şəkildə Ermənistanın yanında yer aldığını göstərir. Ona görə də, Fransa tərəfindən həyata keçirilən bu cür addımlar, təxribat xarakterli hərəkətlərə qarşı Azərbaycan ciddi tədbirlər görməlidir. Bu mənada Fransanın "Suez", "Total", "Thales" kimi böyük şirkətlərinin Azərbaycanda dövlət sifarişi ilə həyata keçirilən çoxsaylı layihələrdə iştirak etdiyini nəzərə alsaq, Fransa bələdiyyə sədrləri və digərlərinin erməni separatçılarıyla əlaqələri qarşılığında rəsmi Bakı sözügedən şirkətlərlə əməkdaşlığa yenidən baxa, onların barəsində müvafiq ölçü götürə bilər.
Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisinin deputatı Elman Nəsirov qeyd edib ki, Fransadan olan bələdiyyə başçılarının işğal olunmuş ərazilərimizə qanunsuz səfəri Azərbaycan-Fransa münasibətlərinə ciddi kölgə salan hadisədir. O, "Trend"ə bildirib ki, ermənilərin çoxluq təşkil etdikləri Fransanın Alforvil, Valans, Sent-Etyen və Arnuvil şəhərlərinin bələdiyyə başçılarının cari ilin sentyabr-oktyabr ayları ərzində Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri, o cümlədən, 30 ildən artıqdır erməni lobbisinin əlində alətə çevrilmiş Fransa Milli Məclisinin sabiq deputatı Fransua Roşbluanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejmlə intensiv təmasları bir sıra nəticələrə gəlməyə əsas verir: "Fransanın yüksək rütbəli təmsilçilərinin separatçı rejimlə belə təmasları ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycan qanunvericiliyinin mühüm tələblərinə, o cümlədən, Fransanın milli qanunları və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik və onların kobudcasına pozulması aktıdır. Bu addımlar ümumən radikalizm, ekstremizm və terrorizmlə yanaşı, eyni zəncirin mühüm halqası olan separatizmin, konkret halda isə Azərbaycanın işğal altındakı ərazisi olan Dağlıq Qarabağda bu təhlükə mənbəyinin təbliği və təşviqi anlamındadır. Belə siyasət, ilk növbədə, ərazisində Korsika, Bretan, Yeni Kaledon, Polineziya, Mayotta və s. kimi potensial separatizm ocaqlarının "tüstüləndiyi" Fransanın uzaq olmayan perspektivdə eyni mənbədən qidalanmaqla milli maraqlarının hədsiz təhlükə altına alınmasına rəvac verə bilər. Qeyd edilən qeyri-qanuni hərəkətlər, o cümlədən, Fransadan olan merlərin qondarma rejimin rəhbrləri ilə Qarabağın tarixi mərkəzləri olan Şuşada və Laçında imzaladıqları "dostluq xartiya"ları nəticə etibarilə Azərbaycan-Fransa dostluq və tərəfdaşlıq münasibətlərinin həm keçmişinə, həm bu gününə, həm də gələcəyinə ciddi kölgə salan hadisələrdir".
Deputat hesab edir ki, Azərbaycan Fransa ilə məhz qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsində maraqlıdır: "Lakin təəssüf ki, Fransanın bəzi siyasi və lobbi dairələri bu ölkənin böyük dövlətçilik maraqlarını bir kənara atıb, cılız və dar erməni mənafeyinin keşiyində dayanmağa üstünlük veriblər. Bununla da beynəlxalq hüququn deyil, separatizmin, etnik təmizləmə siyasətinin, terrorçuluğun və insanlıq əleyhinə cinayət olan soyqrımın yanında yer alıblar. Bu hal Fransanın əlində bayraq etdiyi və ayrı-ayrı dövlətlərə qarşı ikitərəfli və Avropa İttifaqı çərçivəsində təzyiq elementi kimi istifadə etdiyi demokratik dəyərlərin ayaqlar altına atılıb tapdalanması effektini yaradır".
E.Nəsirov bildirib ki, Fransada yaşayan təxminən 500 minlik erməni diasporu və lobbisinin cızdığı çevrədə "rəqs edən" bu üzdəniraq siyasətbazların qanunazidd davranışı, heç şübhəsiz, bu dövlətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməində üzərinə götürdüyü vasitəçilik missiyası ilə ziddiyyət təşkil edir: "Tərəfsiz, qərəzsiz və obyektiv mövqe vasitəçilik institutunun əsas fəlsəfəsini təşkil edir. İndiki halda isə Fransanın səlahiyyətli təmsilçilərinin işğal altındakı ərazilərə dəfələrlə təkrarlanan qeyri-qanuni səfərləri rəsmi Parisin münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizliyi, üzərinə düşən missiyanı qərəzli, tərəfkeş və qeyri-obyektiv formada yerinə yetirməsi kimi qiymətləndirilməlidir. Əks halda necə ola bilərdi ki, sabiq deputat Fransua Roşbluan Fransa parlamentində təmsil olunduğu uzun müddət ərzində təkcə qanunverici orqan çərçivəsində yaradılmış "Fransa-Ermənistan dostluq qrupu"na deyil, eyni zamanda, bu çərçivədə fəaliyyət göstərən "Fransa-Dağlıq Qarabağ" dostluq qrupuna da rəhbərlik edə bilib? Axı necə mümkün ola bilir ki, siyasi kursunda separatizmə "yox" deyən Fransa parlamentində separatçı rejimlə dostluq qrupu fəaliyyət göstərə bilir? Nəhayət, axı demokratik Fransanın terrorçu və separatçı Ermənistan və onun yaratdığı oyuncaq rejimlə dostluğu niyə mümkün olur?"
Deputat əlavə edib ki, bu kimi suallar bu gün təcili cavabını gözləyir: "Əks halda hüquq və güc arasında qlobal balansın pozulduğu müasir sivilizasiyamız fəlakətlərin girdabında məhvə sürüklənə bilər. Fransa dövləti və onun ali rəhbərliyi həm öz böyük milli maraqlarından, həm də qlobal dünyanın təhlükəsizlik maraqlarından çıxış edərək bu kimi separatizmə dəstək və onun təşviqi kimi təxribatçı əməllərə qarşı prinsipiallıq və qətiyyət göstərməli, həyəcan təbili çalmalıdır. Separatizmə qarşı bütün dünya ölkələri koordinasiya olunmuş fəaliyyət göstərməlidir. Mübarizə "hər yerdə və hər zaman" prinsipi ilə aparılmalıdır. Separatçılar arasında "yaxşı" və "pis" bölgü aparılması prinsipi qəbuledilməzdir. Əks halda bir tərəfdə sivil dünya, digər tərəfdə isə separatizm və terrorçuluğun dayandığı qeyri-sivil dünyanın qlobal qarşıdurmasında birincinin məğlub statusuna enməsi labüd ola bilər. Bu səbəbdən rəsmi Parisin təmsilçilərinin Dağlıq Qarabağın erməni separatçılarının yanında yer alması əslində, ikincilərin mənafeyinə xidmət edir".
E.Nəsirov vurğulayıb ki, Fransa dövləti bütün bu reallıqları nəzərə alaraq, özünün potensial separatizm ocaqlarına malik olması, regionda və bütövlükdə Azərbaycanda cəmləşdiyi ciddi maraqlarından çıxış edərək nəinki Dağlıq Qarabağda separatizmi dəstəkləyən hərəkətlərinə rəvac verməməli, ilk növbədə, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb etməli və bu istiqamətdə hüquqi, əməli və təşkilati xarakterli addımlar atmalıdır.
Ceyhun ABASOV