|
|
|
|
ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri - Fransa, ABŞ və Rusiyanın Dağlıq Qarabağda yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması Azərbaycanda böyük narazılıqla qarşılanıb.
Separatçı qurumun rəhbəri Bako Saakyanın ardıcıl olaraq, Paris, Vaşinqton və Moskvaya səfərinə şərait yaradılması bunu təsdiq edir. Həmsədr dövlətlər daşıdıqları vasitəçilik statusuna zidd olaraq, bu cür fəaliyyətlər həyata keçirməklə danışıqlar prosesini ciddi sürətdə zədələyir. Həmçinin, qanunsuz rejimin nümayəndələrini qəbul edən ölkələr nəinki Azərbaycanla mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış sazişlərin dilinə uyğun davranmır, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir.
Azərbaycan Xarici İşlər Nazirliyi baş vermiş qanunsuzluqla bağlı həmsədr ölkələrə öz etirazını bildirib.
Yayılan bəyanatda qeyd olunub ki, qanunsuz separatçı rejimin nümayəndəsinin Rusiya Federasiyasının ərazisinə daxil olmasına icazə verilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir.
Rusiya tərəfinin bu addımı Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərin yüksək səviyyəsinə uyğun gəlmir və ikitərəfli münasibətlərin normativ-hüquqi bazası ilə, xüsusilə də "Tərəflərin separatçı hərəkatları dəstəkləməmək, digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönələn şəxslərin fəaliyyətini qadağan etmək öhdəliyini" əks etdirən Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə ilə ziddiyyət təşkil edir".
Vurğulanıb ki, qanunsuz qurumun rəhbərinin ATƏT-in Minsk qrupu həmsədr ölkələrinə səyahətləri, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.
Eyni zamanda, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi B.Saakyanın Moskva səfəri ilə əlaqədar etiraz bəyanat yayıb.
İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov bəyanatı şərh edərək bildirib ki, ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, münaqişənin nizama salınması üçün üzərlərinə götürdükləri öhdəliklərə zidd olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən B. Saakyanın öz ölkələrinin ərazisinə daxil olmasının qarşısının alınması üçün heç bir tədbir görmür: "Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi təqdim edən Bako Saakyanın 2017-ci ildə Belçikaya, cari il ərzində Fransaya, ABŞ və Rusiyaya səyahəti hər şeydən əvvəl beynəlxalq hüquq prinsiplərinə tamamilə ziddir və ATƏT-in müvafiq mandatına, vasitəçilik öhdəliklərinə də uyğun deyil".
E.Əhmədov qeyd edib ki, B. Saakyan adlı şəxs Azərbaycanın işğal altında olan ərazilərində hərbi gücdən istifadə nəticəsində formalaşdırılmış oyuncaq, qeyri-qanuni rejimin təmsilçisidir: "Onun xarici, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə səyahət etməsinə imkan verilməsi işğal, təcavüz və terrorizm əməlləri nəticəsində yaradılmış rejimin təşviqinə xidmət edir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri belə addımlarla ayrı-seçkiliyə əsaslanan siyasət yürüdərək etnik təmizləməyə məruz qalmış Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının hüquqlarının pozulmasına göz yumurlar".
"Bir daha xatırladırıq ki, ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləridir və Dağlıq Qarabağ problemini həll etmək üçün beynəlxalq ictimaiyyət tərəfindən verilən mandat əsasında vasitəçilərdir. Onlar birtərəfli addımlar əvəzinə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında barışığa, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına çalışmalıdırlar", - deyə İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri bildirib.
Professor xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir: "BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, 26 il ərzində Minsk qrupunun göstərdiyi səylər indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib. ATƏT-in regionda sülhpərvər fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır. Bu baxımdan biz Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrə (Fransa, ABŞ, Rusiya) səfərini Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsindən olan məcburi köçkünlər, yəni 80 mindən çox azərbaycanlı adından kəskin şəkildə pisləyir, eləcə də hiddətimizi ifadə edir, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bu addımını Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı hörmətsizlik kimi qiymətləndiririk".
Ceyhun ABASOV