Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkən sahibkarlarla növbəti görüş keçirilib.
Nizami rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Firudin Cabbarov Trend-ə bildirib ki, görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini Hüseyn Mövsümov, sektor müdiri Tağı Tağıyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrail Əliyev, vergilər nazirinin müşaviri Elçin Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədrinin birinci müavini Natiq Həsənov, Nizami rayon prokuroru Pərviz İbayev və rayon Polis İdarəsinin rəisi Ədalət Abbasov iştirak ediblər.
Onun sözlərinə görə, görüşdə qeyd olunub ki, yanğın hadisəsi ilə əlaqədar Prezident İlham Əliyev tapşırıq verib: "Prezidentin tapşırığı ilə ziyan çəkən hər bir vətəndaşa dövlət yardımı göstəriləcək. Bunun üçün müvafiq komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq. Yaradılmış komissiyaya zərərçəkən sahibkarlar da daxil olacaq".
F.Cabbarov bildirib ki, yaxın günlərdə komissiya tərəfindən yanğın hadisəsinin baş verdiyi ticarət mərkəzinə baxış keçiriləcək.
Xatırladaq ki, martın 26-sı səhər saatlarında Bakının Nizami rayonundakı "Diqlas" ticarət mərkəzində yanğın baş verib. Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika, o cümlədən 3 helikopter cəlb edilib.