Bakıda keçirilən "Falcons Summit" tədbirində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun (SAGIA) rəhbərlik etdiyi dövlət və özəl sektor nümayəndələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SAGIA-nın Beynəlxalq əməkdaşlıq və müqavilələr idarəsinin baş direktoru Bader Məhəmməd Almufqai arasında keçirilən görüşdə ölkələrimiz arasında investisiya sahəsində əlaqələrin genişləndirilməsi, eləcə də "İkitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı Proqramı"nda nəzərdə tutulmuş əməkdaşlıq istiqamətləri və bu sahədə görüləcək tədbirlər müzakirə edilib.
Qeyd edək ki, 2019-cu il martın 4-də Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində KOBİA və SAGIA arasında "İkitərəfli investisiya əlaqələrinin genişləndirilməsi üzrə çərçivə əməkdaşlığı Proqramı" imzalanıb.
C.ABASOV