Elm və texnika, informasiya texnologiyaları sahəsində yüksək nailiyyətlər qazanılmasına baxmayaraq, bu gün insanlar arasında danışıq dili qədər əhəmiyyətli, etibarlı və səmərəli kommunikativ əlaqə vasitəsi tapmaq çətindir. Buna səbəb insan təfəkkürünün, ictimai həyatın məhsulu olan dilin cəmiyyətə məxsus bütün xüsusiyyətləri, keyfiyyətləri, siyasi, iqtisadi və sosial dəyişiklikləri canlı şəkildə əks etdirmək imkanlarına malik olmasıdır. Dil yalnız insanların ünsiyyətinə xidmət etmir,o, həm də mənsub olduğu xalqın,millətin tarixinin, mədəniyyətinin, adət və ənənələrinin, düşüncəsinin, dünyagörüşünün, əxlaqının və mənəvi dəyərlərinin daşıyıcısı, qan yaddaşı hesab olunur.
Bir çox cəhətlərinə görə onu dövlətlə müqayisə etmək olar. Dilin də dövlət kimi sərhədləri, qanunları, səlahiyyətləri var. Dövlət sərhədləri xarici müdaxilələrdən qorunduğu kimi, dilin hüdudlarının da kənar təsirlərdən mühafizə olunmasına daim ehtiyac yaranır. Uzun tarixi inkişaf yolu keçmiş, özünəməxsus qanun və qaydalarla möhkəmlənmiş Azərbaycan dilinin təmizliyinin, saflığının qorunması, onun kənar və yad təsirlərlə korlanmasının qarşısının alınması bu gün həmişə olduğundan daha çox əhəmiyyət kəsb edir. Bu, hər şeydən əvvəl, ölkəmiz, xalqımız müstəqilliyə yenidən qovuşduqdan sonra dilimizin də müstəqilliyinin bərpa olunması ilə əlaqədardır. Rəsmi dövlət dili səviyyəsinə yüksələn Azərbaycan dili artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Şükürlər olsun ki, dilimiz uzun illər boyu rus dili tərəfindən məruz qaldığı təsir dairəsindən biryolluq xilas olub, dünya dillərinə, xüsusən, Avropa dillərinə geniş inteqrasiya imkanları qazanıb. Doğrudur, müstəqilliyin doğurduğu əlverişli şəraitdə dilimiz inkişaf edərək daim zənginləşir. Lakin eyni zamanda o, tez - tez linqivistik normaların kobud şəkildə pozulması, korlanması halları ilə də üzləşir.
Bu cür dil pozuntularına mühüm informasiya vasitələri sayılan qəzet və jurnallar, radio və televiziya kanalları, reklam təsərrüfatları tərəfindən yol verilməsi isə böyük təəssüf və narahatlıq hissi doğurur. Sözügedən informasiya vasitələrinin kütləviliyini, yayılma imkanlarını nəzərə alsaq, bunun hansı fəsadlara səbəb olacağını təsəvvür etmək heç də çətin deyil. Qeyd edək ki, ədəbi dil normalarının pozulmasına səbəb olan, dil mədəniyyətinə xələl gətirən belə hallar həm yazılı, həm də şifahi nitqdə geniş müşahidə olunur. Əlbəttə, bununla əlaqədar, mətbuatda, müxtəlif auditoriyalarda kifayət qədər ciddi iradlar, tənqidi münasibətlər bildirilir. Lakin bütün bunlara baxmayaraq, təəssüf ki, həmin nöqsanlar yenə də təkrarlanır, davam etdirilir. İctimailiyi, kütləviliyi və əyaniliyi ilə seçilən televiziya kanallarında ədəbi dilin tələblərinə riayət olunmaması, dil normalarının pozulması faktlarına daha çox rast gəlinir. Təəccüblüsü budur ki, verilişlər zamanı televiziya kanallarının aparıcıları ilə yanaşı, dəvət olunan ayrı-ayrı şəxslər tərəfindən müntəzəm olaraq dil xətalarına yol verilir, lüzumsuz olaraq, rus sözlərindən, dialektlərdən, terminlərdən, hətta kobud, məişət və bazar leksikonuna daxil olan bayağı ifadələrdən də istifadə edilir. Bəzən utanc verən elə kəlmələr, elə ifadələr işlədilir, elə qəbahətli üslub səhvlərinə yol verilir ki, onları dilə gətirmək, ən azı, etik cəhətdən qeyri-mümkündür. Şübhəsiz ki, belə bir vəziyyət təqdim olunan verilişlərin sanbalına və keyfiyyətinə də ciddi xələl gətirir.
Televiziya dili ziyalı dildir. O, ədəbi dilin təbliğatçısı, təəssübkeşi olmaqla həmişə tamaşaçıya nümunə göstərməlidir. Lakin hər gün hamının gözü qarşısında dilimizin ən mühüm qaydalarının, ahəng qanununun, vurğunun, orfoepik, orfoqrafik və üslubi normaların ciddi şəkildə pozulmasına, yanlışlıqlar, təhriflər edilməsinə nə ad vermək olar? Qeyd etmək lazımdır ki, göstərilən dil nöqsanlarına bu və ya digər formada milli və eləcə də Azərbaycan dilində verilişlər hazırlayan xarici radiostansiyaların yayımlarında, habelə internet şəbəkələrində də rast gəlmək mümkündür. Yeri gəlmişkən, televiziya kanallarında, həmçinin dövri mətbuatda buraxılan bəzi xarakterik dil səhvlərinə toxunmaq istərdik. Məlumdur ki, danışıq və ya yazı prosesində işlədilən hər hansı bir artıq söz və ya şəkilçi dildə müəyyən ağırlıq yaradır, əlavə yükə çevrilir. Ancaq nədənsə kütləvi informasiya vasitələrində inkarlıq bildirən -ma, -mə şəkilçisindən və "nə" bağlayıcısından yanlış olaraq təkrar istifadə olunması hallarına daha çox yol verilir. Məsələn, çatışmazlıq əvəzinə çatışmamazlıq, toxunulmazlıq əvəzinə toxunulmamazlıq və.s. -Nə sən danış, nə mən danışım əvəzinə Nə sən danışma, nə mən danışmayım və s. Göründüyü kimi, qeyd olunan hər iki halda iki inkarlıq bildirən dil komponentinin yanaşı işlədilməsi faktı məntiqi cəhətdən bir təsdiq mənasının əmələ gəlməsinə xidmət edib. Oxşar cəhətlər digər dil təzahürlərində də özün büruzə verir. Məsələn, -Kaş ki, bunu biz də bacaraydıq əvəzinə -Kaş ki, bunu biz də bacarsaydıq və s.
Bəzi televiziya verilişlərində, xüsusilə, xəbər və idman buraxılışlarında titrlərdə, yazılı şərh və izahlarda orfoqrafik səhvlər, mürəkkəb adların ixtisarlarının yazılışı və oxunuşu ilə əlaqədar yanlışlıqlar diqqəti çəkir. Ekranlarda nümayiş etdirilən xarici filmlərin, (bədii, sənədli, elmi-kütləvi, cizgi filmləri) tərcüməsində yol verilən ciddi qüsurlar, səhvlər barədə söz açmaq yerinə düşər. Həmin filmlərin əksəriyyətinin tərcümələri tələsik, qeyri-peşəkarlıqla aparıldığından çaşqınlıq doğuran hallarla və fikir dolaşıqları ilə müşahidə olunur. Xaltura qoxusu gələn belə tərcümələrdə çox vaxt obrazların hərəkətləri söz cildləri ilə üst-üstə düşmür, bir-birini tamamlamır, filmin mətnindəki sözlər və ifadələr məcazilik nəzərə alınmadan, sərrast qarşılıqları tapılmadan dilimizə çevrilir. Daha doğrusu, bu zaman mətn üzərində bədii tərcümə əvəzinə hərfi tərcümə həyata keçirilir. Belə vəziyyət xarici ölkələrə məxsus reklamların tərcüməsində də özünü qabarıq şəkildə göstərir. Açığını deyək ki, bu gün bədii və elmi əsərlərin tərcümələrinin də səviyyəsini qənaətbəxş hesab etmək olmaz. Çünki bu sahədə nöqsanlar, çatışmazlıqlar yetərincədir. Tamam başqa bir mövzunun söhbəti olduğu üçün bu barədə çox danışmaq fikrimiz yoxdur. Lakin belə qənaətdəyik ki, tərcümələr mütləq peşəkarlara həvalə olunmalıdır.Necə deyərlər, çörəyi ver çörəkçiyə, birini də üstəlik.İndiki tərcümələrlə sovet dönəmində edilən tərcümələri müqayisə etsək, yəqin ki, bu fikirlə razılaşarsınız. Televiziya kanallarında təqdim olunan, müxtəlif müsabiqələrin, bilik yarışmalarının, konsert proqramlarının dilində də qüsur və nöqsanlar çoxdur. Bu tipli verilişlərdə həm aparıcıların, həm də şou-biznes nümayəndələrinin, müğənni və xanəndələrin, müsabiqə iştirakçılarının nitqlərində dil normalarının pozulması ilə bağlı məqamlar, ifa olunan musiqi parçaları üçün seçilən şeir mətnlərinin təhrif olunması, bir növ, adi hala çevrilib.
Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, kütləvi informasiya vasitələrində, eləcə də digər sahələrdə ədəbi dil normalarının pozulması hallarının belə geniş vüsət alması onlara qarşı vaxtında təsirli tədbirlər götürülməməsi və bununla əlaqədar konkret mexanizmin olmamasından irəli gəlir. Dil qanunlarının pozulması hallarının, bu sahədə hökm sürən laqeyd və biganə münasibətin aradan qaldırılması üçün mütləq ciddi addımlar atılmalıdır. Əlbəttə, bu iş birinci növbədə dövlət səviyyəsində həllini tapmalıdır. Lakin bu heç də o demək deyildir ki, belə vacib bir missiyanın icra olunmasından kimsə kənarda qalmalıdır. Azərbaycan dilinin inkişafına dair Dövlət Proqramı layihəsində göstərildiyi kimi, milli sərvətimiz olan dilimizin saflığının, təmizliyinin qorunması, onun korlanması hallarının qarşısının alınması hər bir ziyalının, hər bir vətəndaşın, bütövlükdə, cəmiyyətin ən müqəddəs vəzifəsidir.
Yəhya Paşazadə