Dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti qanunvericilik məclisi – Məclisi-Məbusanın açılışının 95 ili tamam olur. Üzeyir bəyin təbirincə desək, bu, tarixi bir gündür. 1917-ci il iyunun 18-də Gəncədə Azərbaycanı tərk edib İstanbula rəsmi ezamiyyətə getmiş Məhəmməd Əmin Rəsulzadə 1918-ci il noyabrın 7-də Bakıya gəlir. Noyabrın 9-da onun təklifi ilə Azərbaycan hökuməti “Azərbaycan bayrağı haqqında” qərar qəbul edir. Noyabrın 10-da Azərbaycanı tərk edəcək Qafqaz İslam Ordusu komandanlığı şərəfinə ziyafət təşkil olunur. Bakı və Azərbaycanı məhv olmaqdan xilas edən türk ordusu bir neçə gündən sonra Azərbaycanı və bütün Zaqafqaziyanı tərk etməyə başlayır. İngilislərin başçılıq etdiyi müttəfiq hərbi qüvvələrinin Bakıya gəlişi gözlənilir. Vəziyyət mürəkkəbdir, müstəqillik əleyhinə ermənilərin və xristian icmasının çıxışları, hazırlıqları görülür. Elə Tomsonun başçılıq etdiyi müttəfiq qoşunlarına da Azərbaycanda mövcud iqtidarın türklər tərəfindən qurulması fikri İranda ikən onlara təlqin olunur. Belə bir müşkül vəziyyətdə Azərbaycan iqtidarına qanuni xalq tərəfindən müdafiə olunan orqanın təşkil edilməsi ehtiyacı görünürdü. M.Ə.Rəsulzadə 1918-ci il noyabrın 10-da Milli Şuranın iclasını çağırır. Bundan əvvəl F.Xoyski hökuməti 6 ay müddətinə Məclisi-Müəssisana hazırlıq və çağırılması planlaşdırmışdı. Bu çox uzun müddət idi, hər şey alt-üst ola bilərdi. Milli Şura Zaqafqaziya seymində müsəlman fraksiyasına daxil olan 44 nəfərin Tiflisdə mayın 27-də təşkil etdikləri parlament funksiyasını yerinə yetirirdi. Gəncədə ilhaqçıların, yəni Azərbaycanı müstəqil bir dövlət kimi yox, Türkiyənin bir vilayəti kimi görmək istəyənlərin təzyiqi ilə Milli Şura fəaliyyətini dayandırmışdı. Milli Şura işini bərpa edir və Azərbaycanın Milli Məclisini, yəni Məclisi-Məbusanını təşkil etmək haqqında qərar qəbul edir. Dekabrın 7-də bu qərar yerinə yetirilir və Azərbaycan parlamentinin ilk iclası reallaşır. Oxuculara Milli Şuranın 1918-ci il dekabrın 7-dək fəaliyyəti haqqında onun rəisi M.Ə.Rəsulzadənin “Azərbaycan” qəzetində dərc etdirdiyi tarixi sənəd səciyyəli məqalələrini təqdim edirəm.
Məhəmməd Əmin RƏSULZADƏ
Hanki ümidlə?
Azərbaycan istiqlalının yeni bir səhifəsi vərəqlənir. Şurayi-Milli açılır.
Şurayi-Milli açılır.
Bu sədayi eşidən azərbaycanlı əndişəsiz degildir. Düçar olduğu bu qədər müsibətlər, giriftar olduğu bu qədər fəlakətlər kəndisində bir növ yas və naümidlik törətmişdir.
Mart hadisələrini görən, hürriyyət, ədalət və millətlərə həqqi-müsavat vəd edən adamların birər cani, qatil və cəllad kəsilərək su əvəzinə qan axıtdıqlarına şahid olan sentyabr müzəffəriyyətinin bütün şəddand və nəhslərini duyaraq qurbanlar verən, hərb və zərbin, səfalət və fəlakətin, daxili müharibələrin bütün müsibət və ələmlərini çəkən Azərbaycan vətəndaşı heç şübhəsiz ki, “Şurayi-Milli açılır” – deyincə bir az düşünəcək. Artıq əhvali-fövqəladədən çıxaraq mənad bir həyati-siyasiyə başlayacağı fikrini bəsləmək istəyəcəkdir.
Fəqət nasıl, Türkiyə mütarikə əqd etmiş, Avstriya-Macarıstan qitə-qitə olmuş, Bolqariya çoxdan təslim olmuş. Almaniya silahını qoymuş. İnqilab atəşləri bütün Orta Avropa məmləkətlərini bürümüş, boğazlar açılmış, ingilislər Bakının qapısına dayanmışlardır.
Böylə ikən, əcəba, hanki ümidlə Şurayi-Milli açılıyor? Şurayi-Milli bu qədər müşkülata qarşı Azərbaycan istiqlalını mühafizəyə qadir olacaqmı?
İştə əfkari-ümumiyyəmizin “Hanki ümidlə?” sualı ilə xülasə etmək istədigi bir həyəcan.
Fəqət bu həyəcana pək o qədər də məhəl yox. Tamamilə ümidsiz bir halda degiliz. Şurayi-Millinin açılması ilə azərbaycanlılar müqəddəratlarını tamamilə kəndi əllərinə alıyorlar. Burası millətin əməllərini, arzu və məqsədlərini bütün cahani-mədəniyyətə elan edəcək bir kürsüdür. Bu kürsünün öz kürsümüz, öz minbər və öz məbədi-siyasiyyəmiz olduğunu bütün cahana isbat etməliyiz, etməklə mükəlləfiz.
Qoy Mərkəzi avropa dövlətlərinin cahanı təhdid edən bazui-ahəninin qırılmaq keyfiyyəti bizi heç də naümid etməsin. Bizə həqqimizi verəcək, həqqi-həyatımızı təmin edəcək qüvvət nə Krupun topları, nə də digər bir qüvvəyi-cabirədir. Biz həqqi-həyatımızı hər şeydən əvvəl kəndi iman və istedadımızdan, sonra bütün dünyaya hakim olacaq fikri-hürriyyət və üxüvvətdən alacaqdıq.
Şimdi hərb və zərb dövrəsi keçərək fikir və istidlal zamanı hülul ediyor. Bu gün qaliblər də məğlubların iləri sürdükləri əsasatı müdafiə ediyorlar. Lenin tərəfindən millətlərin hüququna aid elan olunan düsturlar, Vilsonun şəraiti-sülhiyyəsinə dəxi bir zəminə təşkil ediyor.
Vilsonun bütün aləm məvacihəsində elan etdigi prinsiplərin bizə tətbiq edilmiyəcəgini düşünmək üçün meydanda heç bir səbəb və cəhət yoxdur. Əcəba, nə düşünülür? Bütün Aləmi-İslamə naqiz bulunmaq vəziyyətində olan İngiltərə yanı başımızda bir gürcü, bir erməni və sair millətlərin hüquq və həqqi-həyatını tanır da bizi boğarmı? Böylə bir düşüncə əbəs olsa gərəkdir.
Bizə həqqi-həyat tanıyacaq İngiltərə ilə pək əla uyuşur və etilaf edəriz. Azərbaycan hökuməti Bakı dəxi daxil olduğu halda Qafqasiyanın qismi-mühümmü üzərində əmniyyət və asayiş təmin etməklə ingilislərə müfid olur, ingilis mədəniyyət və fünunundan da biz istifadə edəriz.
Ümid edəlim ki, bütün millətlərə həqq və hürriyyət vəd edən Vilson zümrəsi Azərbaycan hürriyyət və istiqlalını boğacaq bir vəziyyət almasın.
Əvət, ümid edəlim. Bu ümidlərimiz vicdani-milliyyəmizin imanı və hərbi-ümumi nəticəsində təsis edəcəgi möhtəməl bulunan “Cəmiyyəti-əqvam” şüarı ilə ruhlansın.
Bu gün biri digəri ardından devrilən təxtlərin, qurama su kökü kibi parçalanan dövlətlərin, yarı Avropayı istila edən inqilabların yalnız bir mənası vardır: demokratizmin qələbəsi! Bu qələbə yarı dünyayə degil, bütün aləmi-mədəniyyətə şamil olmayınca bəşəriyyət sükun bulamıyacaq. Bunu görməli, o surətlə hərəkət etməlidir.
İştə Azərbaycan Şurayi-Millisi böylə ümumi bir demokratizm ərəfəsində açılır ki, bu açılış bizim də millətlər bayramına hürriyyət libası geyərək çıxmamızı mucib olacaq.
Ümid və iman edəlim ki, Azərbaycan kibi müqəddəs atəşi ilə əskidən bəri bir ziyarətgah kibi tanınmış olan yurdumuz demokratlığını yalnız soyuq göstərmişlərə münhəsir etməyib, səmimi işləri ilə də isbat etsin.
Qoy Azərbaycan Şurayi-Millisi qanlardan bıkmış, xərabəliklərdən usanmış bəşəriyyətin sülhi-ümumi bayramı üçün yapacağı çırağına kəndisinə məxsus azəri bir ziya sancsın, kəndi himayəsində yaşayan insanları bilafərq cins və məzhəb bəsləyərək bir yurd, isindirəcək bir ocaq olsun!
Ey qarei-möhtərəm, hanki ümidlə? – soruyordun. İştə böylə bir ümidlə!...
M.Ə.Rəsulzadə
“Azərbaycan”, 16 təşrini-sani (noyabr) 1918, №41
Tovzi – bölüşdürmə
Bazi – əzəmət, qüvvət
Bazui-ahənin – dəmir kimi qüvvəti,
qolu
Azərbaycan Şurayi-Millisi tarixindən
Azərbaycan Şurayi-Millisinin 1918 sənə iyun ayının 17-də Gəncədə Fətəli xan Xoyski hökuməti-hazirəsini təşkil edərək bütün səlahiyyəti-hökuməti kəndisinə tövdi ilə tətil etdigi qarelərimizə məlumdur. İyunun 17-i Azərbaycan tarixi istiqlalına səbt olunacaq günlərdir. Şurayi-Millinin təkrar həyat və fəaliyyətə başladığı bu gündə fövqüzzikr günün iclasını qaparkən Şurayi-Milli rəisi Rəsulzadə Məhəmməd Əmin həzrətləri tərəfindən irad olunan nitqi nəşr etməyi münasib gördük.
İştə nitqin məzmunu:
Həzərat! Daha sabahkı iclasımızı açdığım zaman nə kibi məsuliyyətli və ağır bir zaman içərisində bulunduğumuzu ixtar eləmişdim. Tarixi məsuliyyətin bütün o çəkilməz yükünü şimdiki qərarınızla Fətəli xan Xoyski cənablarının təşkil elədigi hökumətinin omuzlarına yüklədiniz. Bu qərar bir tərəfdən əhvalın icabı, digər tərəfdən də “blok” ilə “Hümmət”in istefaları üzərinə mənən və şəklən alınma məcburiyyətini hasil etmişdi.
Dünya müharibəsi və Rusiya inqilabının təsiratı ilə yeni doğmuş və həyati-siyasiyyəyə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçiriyor. Bu yeni türk növzadi-siyasəti rüşd və büluğ bulub da millətlər zümrəsinə bir amili-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuqlar kibi südəmər halında ikən tərki-həyat edəcəkmidir!? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zamanki müqəddərati-milliyyəyi əllərinə alanlar üçün Azərbaycan növzadını tələf etdirməmək kibi müşkül, fəqət müşküllügi ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor. İştə böylə bir zamanda və bu böyük məsuliyyəti-əzimənin bari-giranı altına girmiş olduğu halda Fətəli xan cənabları hüzurunuza çıxıb da etimadınızı istəməklə kəndisinə iqtidar arıyor. Fəqət bunu yaparkən o, diqqət etdiniz yəqin ki, nə qədər sararmış, titrəmişdi. Siz onu ehtimal ki, heç bir zaman və heç bir məkanda bu dərəcədə lərzan və hərasan görməmişdiniz. Bu nəyə bənzər bilirmisiniz? Dəhşətli həngamlarda səfəhati-hərbin məsuliyyətli dəmlərində ricət yapmaq məcburiyyətində qalan bir ordunun mövqei-məxsusi son dərəcə imkanı qədər mühafizə etmək üzrə bırakdığı məfruzəyi istila edə bilən həras və həşitə...
Əvət, əfəndilər, Azərbaycanın paytaxt mövqei bulunan Gəncədə naqis də olsa hakimiyyəti-milliyyəyi təmsil edən bir müəssisənin şu surətlə meydandan çəkilmək məcburiyyətində qalması heç şübhəsiz demokratinin bir ricəti və qüvai-mürtəcenin bir müvəffəqiyyətidir. Bu ricət ağ və pak qüvvətlərə müqabil qara və napak qüvvətləri təqviyə edəcəkdir. Bu nöqteyi-nəzərdən bakılınca ilk nəzərdə bizim halımız o qara binanın halına bənziyor kibidir. Bu hallar bizdə Rusiya məqasədi-inqilabisinin iflasına dair bir əqidə hasil ediyor. Fəqət əfəndilər! Zəvahirlə bakmıyalım, səthi düşünmiyəlim, pək də məyus olmıyalım.
Bəncə, Rusiya inqilabi-əziməsi hər nə derlərsə-desinlər, qətiyyən iflas etmədi. Rusiyada inqilab nə yapacaqdı? Bu suala “Böyük Rusiya” fikri ilə məsmum olan rus inqilabçıları nöqteyi-nəzərindən degil, inqilabın kəndi təbiətini təhlil edərək cavab verməlidir. Böylə bakılırsa Rusiya inqilabı məzlum və məğdur siniflərlə məhkum millətləri azad etməlidi. Məğdur siniflər, təqdir edəlim ki, istədiklərindən fəzləsini aldılar. Millətlər isə birər-birər kəsbi-istiqlal ediyorlar. Əvət, dünyanın altıdan birini tutan böyük Rusiya parçalanıyor. Fəqət inqilab böyük Rusiya yaratmaqlamı müvəzzəf idi? Qətiyyən degildi. İfrata gedən sinif hürriyyətləri əlbəttə ki, təyid olunacaq və mötədil bir şəklə girəcəkdir. Çünki bu hürriyyətin şəkli-haziri heç şübhəsiz ki, hürriyyət degil, bir afət və fəqət bu yolda yapılacaq ricət əminəm ki, hər halda inqilabdan əvvəl mövcud olan hüdudun ötəsindən degil, bərisində təvəqqüf edəcəkdir. Demək, əhval əvvəlkisinə nisbətlə hər halda iyi olacaqdır.
Əfəndilər! Bən sabiq Rusiya ərazisində güzəran etməkdə bulunan vəqaeyə böylə bakıyorum, buna görə də hala ümidlərimlə bərabər olaraq yaşıyorum. Biliyoram, əfəndilər ki, Azərbaycan Rusiya inqilabının vəz etmiş olduğu müsbət nəzəriyyələrlə elan etdigi əqanim, hürriyyətdən son dərəcədə istifadə edəcəkdir.
İştə müstəqil bir Azərbaycan, siyasətən kəsbi-hürriyyət və istiqlal edəcək Azərbaycanda ictimai hürriyyətlər və hüquqi-bəşərə aid dəsturlar hər halda müstəbid Rusiya zamanında daha geniş, daha əlverişli olacağına şübhə etməm. Hətta əfəndilər, söyləmək istərəm ki, Azərbaycan Qafqasiyada ən hürriyyətpərvər və inqilabçı təsəvvür olunan Gürcüstandan daha məsuddur. Çünki burada bizim daxili hürriyyətlərimizə icrayi-nüfuz edən və edəcəgi mütəsəvvür bulunan qüvvət yabancı bir qüvvət degil, öz qüvvətimizdir. (Alqışlar). Burada istiqbal böyük və şanlı bir millətin müxtəlif şöbə və budaqlarını tövhidə doğru gedəcək ki, eyni məqsədimizdir. (Alqışlar). İctimai və hüquqi hürriyyətlərdə bərfərz qaib etsək belə, siyasətən qazanacaq, təlafi mafat edəcəgiz. Halbuki Ukrayna, Gürcüstan və sairə öylə degildir. Əvət, əfəndilər! Pək də naümid olmayalım. Tarixin amali-milliyyəmiz nöqteyi-nəzərindən müsaid bir zamanında olduğumuzu, türk ittihadı üçün fürsət ələ keçdigini unutmayalım. Bütün məsaimizi bu hürriyyəti-siyasiyyənin təşəbbüsünə sərf edəlim. Bunun üçün də hər dürlü fədakarlığa amadə bulunalım.
Sizi, ey heyəti-hökumət, böylə bir əmri-əzimin ifası üçün tövkil ediyor, bütün məsuliyyəti öhdeyi-hökumətimizə təhmil etməklə zənn etməyiniz ki, yalnız qalıyorsunuz. Yetişər ki, siz keçirməkdə olduğumuz zamanın əhəmiyyəti ilə mütənasib, amali-milliyyə ilə müvafiq, türklük əlasına, Azərbaycanın hürriyyətinə, türk kütleyi-nasının mənafeyinə mətuf olan icraatınızda kəhalət və müsahilə göstərməyib də, yorulmaz bir əzmlə çalışasınız. Biz hər zaman sizə məin olmaya hazırız, istədiginiz zaman bizi kəndinizlə bərabər bulacaqsınız. Biz hüzurumuzla sizə məin olmaya hazır olacağımız kibi icabı təqdirində başqa yollarla da sizi təqviyəyə hazırız. Nitəkim bugünki tətilimiz dəxi bu hisslə və bu məqsədlə icra olunuyor.
Şurayi-Millinin heyəti-hazirəsi həqqində vaqe olan tənqidatə qarşı buradan bəhs etməyə lüzum görmüyorum. Siz biliyorsunuz ki, bu tənqidat heyətdən ziyadə əsasa mətufdur. Bu münəqqidlər həqqindəki mühakimatı tarixə həvalə edəlim. Bir kaç ay sonra əgər bu vahi tənqidlərdə arzui-millət arayan ərkan əsasın degil, heyətin əleyhində isələr hürriyyət intixabatı təminilə millətin həqiqi tələqqiyatını görürlər. Millət kəndisi bizimlə onların arasında həkəm, o zaman həqq ilə batil də əyan olur.
Şimdi artıq bu ağır günlərdə öhdəsinə bir vəzifə tövdilə tərk etdigimiz hökumətə ərzi-vida edəlim də ayrılalım.
Əfəndilər! Sizdən, kəndi həqqimdə əzvi-ehtiramdan başqa bir şey görmədigim əziz arkadaşlarımdan ayrıldığım əsnada öhdəmə vagüzar etmiş olduğunuz vəzifə saiqi ilə yapmış olduğum qüsurlarımın əvəzini diləməgi ayrıca istirham edərim. Şimdi vəqt gəliyor, saəti-vida vuruluyor. Yekdigərinə qardaşcasına əlvida edəlim. Və ayrılırkən – əfəndilər! Bu ümidlə gedəlim ki, inşəallah yakında, Azərbaycanın paytaxtı bulunan Bakıda Azərbaycan Məclisi-Müəssisan dairəsində buluşuruz.
Yaşasın Azərbaycan, yaşasın türklük! (Şiddətli və sürəkli alqışlar). Məclis saət ikidə qapanıyor.
Azərbaycan”, 16 təşrini-sani (noyabr) 1918, №41
Tövdi – təslim etmə; vidalaşma
Bari-giran – ağır yük
Lərzan – titrəyən, titrək
Hərasan – qorxaq, ürkək
Təqviyə – qüvvətləndirmə
Məsmum – zəhərlənmiş
Müvəzzəf – vəzifə həvalə edilən
Əqanim – əsillər
Mafat – itmiş, yox olmuş
Tövkil – vəkil etmə
Həkəm – münsif, arbitr
İstirham – yalvarma, xahiş etmə
Məfruzə – ayrılmış, ifraz edilmiş, fərz edilən, vacib olan
Məin – daşan su
Azərbaycan Şurayi-Millisinin Bakıda münəqqid birinci iclası
İclas saat 1215 dəqiqədə Şura rəisi Məhəmməd Əmin bəy Rəsulzadə cənablarının sədarəti ilə açılır. Azərbaycan nazirləri, Şurayi-Milli üzvləri, Gürcüstan və Dağıstan hökumətləri nümayəndələri, rus və erməni Milli Şuraları nümayəndələri, İran konsulu iclasda isbati-vücud edirlər.
Şura rəisi Məhəmməd Əmin bəy cənabları iclası açıb, aşağıdakı nitqlə hazirunə xitab ediyor:
Möhtərəm Şura əzaları! Bu gün Azərbaycan Şurayi-Millisi Azərbaycanın baş və ayrılmaz bir əzasını təşkil edən paytaxtında açılır. Azərbaycanlılar hamınıza məlum olduğu kimi, heç bir zaman hürriyyət və istiqlaliyyət fikrindən ayrılmayaraq daima bu uğurda çalışıb mübarizə etmişlərdir. Rusiya çarizmi dövründə yalnız milli ədəbiyyat, milli məktəb, milli mədəniyyət uğrunda mücahidə etmək şəklində təzahür etmişdir. Çarizmin süqutu ilə bütün millətlər müqəddərati-milliyyələr həlli hüquqi-milliyyələrin təminini intizar etdilər. Azərbaycanlılar dəxi hüquq və istiqlaliyyələri yolunda çalışdılar. Məəttəəssüf çarizmin süqutundan sonra inqilab öylə qeyri-təbii bir şəkil aldı ki, millətlərin hüququ təmin ediləmədi. Millətlər kəndi arzu əməllərinə nail olamadılar. Bunun üçün də Rusiyada bulunan məhkum millətlər bizzat kəndi başlarının çarəsinə baxmağa məcbur oldular. Digər bir çox vilayətlər kimi Zaqafqaziya qitəsi də Rusiyadan ayrıldı. Daha sonra da sizə məlum olan səbəblərə görə Zaqafqaziya millətləri də kəndi istiqlaliyyətlərini elan etmiş oldular. Gürcüstan Zaqafqaziyadan ayrılıb da elani-istiqlal etməsinə mütəaqib Zaqafqaziya Seymi müsəlman əzaları kəndilərini Azərbaycan Şurayi-Millisi elan etdilər. Şurayi-Milli Gəncədə ictima edərək əhvali-fövqəladəyi nəzərə alaraq müvəqqətən səhneyi-siyasətdən çəkilmiş idi. Bu gün Şurayi-Milli yenidən dəvət edilib müqəddərati-məmləkəti kəndi əlinə alıyor.
Məlumunuz olduğu üzrə Bakının ziynəti, milli hiss və cərəyanlarının məcmui milli təşəkkülatlarının mərkəzi “İslamiyyə” binası idi. Milli Parlamanımızın həmin möhtəşəm binada dəvət edilib iclaslar yapması əfkari-ümumiyyənin arzusu idi. Fəqət bu gün o möhtəşəm bina xarabazara döndərildiyindən iclasımız bilməcburiyyə başqa bir binada – bələdiyyə salonunda açılır. Əvət əfəndilər! Bina yanar, dağılar, fəqət millət, istiqlaliyyət fikri, milli ruh ölməz, öldürülməz! Bina yanar, fəqət amali-miliyyə, onun atəşi ilə tutuşub şölə çəkər. Vicdani-millidə işıqlanan bu atəşi milləti kəndisinə bir nur həda təyin etməklə milli hüququnu almaq, milli müqəddəratını öz əlinə salmaq uğrunda çalışar. Qoy “İslamiyyə”ni yaxan atəş bizi yaxsın, əməl şöləsi versin (alqışlar).
Doğrudur, Milli Şuramız Məclisi-Müəssisan əsası ilə tamam xəlq tərəfindən seçilmiş bir şura deyildir. Lakin tarix böylə şeylərə çox təsadüf edib, bu kimi müəssisat fövqəladəyə bir çox şahid olmuşdur. Bugünkü Milli Şuramız parlaman surəti almaq üçün genişlənəcək və oraya əhalinin hər qismindən müqəddəratını Azərbaycanın müqəddəratı ilə bağlamış, Azərbaycanın şadlığı ilə şadlanan və qəmginliyi ilə qəmgin olan bütün millətlərin nümayəndələri cəlb olunacaqdır. O zaman tam bir parlamana malik olacağız.
Bugünkü günə nail olmaq üçün millətimiz nə qədər fədakarlıqlarda bulunmuş, nə qədər qurbanlar vermişdir. Azərbaycan istiqlaliyyət və muxtariyyəti yolunda nə qədər qurbanlar verdiyimizə yenə o möhtəşəm “İslamiyyə” binasının xərabəsi müdhiş bir timsaldır. Bundan əlavə, hamımız bilməliyiz ki, bu səadətə nail olmağımızda biz hər şeydən ziyadə bizim dəvətimiz, ricamız ilə imdadımıza gəlmiş və bizim həyati-təbiiyyəmizi mühəqqəq bulunan təhlükədən xilas etmiş olan türk əsgərlərinə mədyuniz. Azərbaycan yaşadıqca o şühədayi-hürriyyətin nami bittəb unudulmayacaqdır. Gərək türklərin, gərəksə Azərbaycanın vermiş olduğu qurbanlar, o vətən və millət şəhidlərinin tərəhhümi-ruhu üçün ayağa qalxmağı təklif edirəm (hamı qalxıyor).
Əfəndilər! Əhvali-siyasiyyə olduqca müşkül bir halə gəlmişdir. Bu gün biz azərbaycanlılar Şurayi-Milliyəyə yığıldıqda Milli Şura üzvləri, hüquqi-milliyyətinin müdafiəsi, namusu-milliyyənin mühafizəsi üçün firqəi nəzai, sinfi münaqişəsi və sairəni kənara ataraq əl-ələ verib müttəhidən çalışmalıyız. Biz böylə çalışaraq əmin olmalıyıq ki, vicdani-bəşəriyyətdə birləşmiş olan müsavat milli həqqindən məhrum qalmayız. Biz böylə çalışaraq əmin olmalıyıq ki, vicdani-bəşəriyyətdə birləşmiş olan müsavat milli həqqindən məhrum qalmayız. Hazırda qalıb, məğlub ümumdövlət və millətlər arasında ən artıq intişar tapan haman millətlərin müsavat hüquqi və müqəddərati-milliyyə təminin millətlərin özlərinə tapşırılması şüarıdır. Bu qrupu bir söz olmayıb bəşəriyyətin milyonlarca qurban verməsi və cəmiyyəti bəşəriyyətin buna müvafiq vəziyyət alması iqtizasıdır. Hüquqi-milliyyəsini idrak etmək aləmi-islamda tərəqqipərvər və mədəni bir hökumət təsis etmək istəyən biz azərbaycanlılarda bəşəriyyətin vicdanına inanalım. Bu uğurda çalışalım və əmin olalım ki, çalışsaq cəmiyyəti-əqvam içində Azərbaycanın da möhtərəm bir yeri olacaqdır. Buna həqli olduğumuzu kimsə inkar edəməz (alqışlar).
Şura rəisi nitqinin axırında, Şurayi-Milli əzası Lütfəli bəy Behbudovun şəhadəti münasibətilə tərəhhümi-ruh üçün ayağa qalxmağı təklif ediyor (hamı qalxır).
Rəis – söz Azərbaycan Cümhuriyyəti heyəti-vükəla rəisi Fətəli xan Foyski cənablarına aiddir.
Şura rəisi – əgər etiraz yoksa Şurayi-Milli namından Parlaman dəvətinə qədər qüvveyi-icariənin yenə də hökumət öhdəsində qalmasını qəbul edəlim.
Şura rəisi – Milli Şura üzvlərindən Rüstəmbəyli Şəfibəy cənabları tərəfindən bir formul təklif olunmuşdur. (Formulu oxuyor): “Əhvali-fövqəladəyi nəzərə alaraq hökuməti-hazirə iş başında qalıb, qüvveyi-icbariyyədən istifadə ediyor”.
Formul səsə qoyulur. Bilaetiraz qəbul olunur.
Şura rəisi təklif edir ki, Şura izn versin heyəti-rəyasə cəmaətə xitabən bir müraciətnamə və bəyannamə nəşr etsin. Bundan əlavə də hüquq və istiqlaliyyətimiz haqqında, Azərbaycanımızı aləmə tanıtmaq və bəşəriyyət hüzurunda səsimizi ucaltmaq lazım gəldiyindən Şura izn versin bəşəriyyət və mədəniyyət naminə Vilson və aləmi-mədəniyyətə xitabən digər bir müraciətnamə dəxi nəşr edilsin.
Şura üzvlərinin təklifi və bəyannamələrin tərtibi beynəlxalq şuraya həvalə olunur.
16 noyabr 1918