|
|
|
|

Bu gün "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov Türkiyə Banklar Birliyinin İllik Toplantısında iştirak ediblər.
525.az Assosiasiyaya istinadən xəbər verir ki, toplantıda iqtisadiyyat və bank sektoru ilə bağlı aktual məsələlər müzakirə olunub, maliyyə sektorunun inkişaf trendləri, mövcud çağırışlar və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakar, Bank Tənzimləmə və Nəzarət Agentliyinin sədri Şahap Kavcıoğlu, Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan, xəzinə və maliyyə naziri Mehmet Şimşek çıxış ediblər.
Toplantı çərçivəsində bank sektorunun dayanıqlı inkişafı, iqtisadi proseslərin maliyyə bazarlarına təsiri, tənzimləmə mühiti və sektorun qarşısında duran prioritet məsələlər barədə müzakirələr aparılıb.
ABA beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və bank sektorunda qarşılıqlı təcrübə mübadiləsinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir.



