Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə çıxılmaz anlar yaşayıb. O, BBC-nin "HARDTalk" proqramında qonaq olarkən aparıcının sualları qarşısında çətin vəziyyətə düşüb.
Jurnalistin Ermənistanın Azərbaycan ərazilərini qanunsuz işğalı, Tovuz istiqamətində həyata keçirdiyi hərbi təxribat, mülki vətəndaşımızı qətlə yetirməsi, Dağlıq Qarabağa qanunsuz yol çəkilməsi, Avropa parlamentarilərinin bununla bağlı bəyanatı və digər suallarına cavab verə bilməyən Paşinyan işğala haqq qazandırmağa çalışıb.
Aparıcı ötən ay sərhəddə baş verən yeni toqquşma, iki tərəfdən 17 hərbçinin öldürülməsini qeyd edərək, Paşinyanın hakimiyyətə gəlişi ilə heç nəyin dəyişmədiyini söyləyib. Əlavə edib ki, iyulun ortalarında Ermənistan silahlı qüvvələri Azərbaycanın kəndlərini atəşə tutub: "Azərbaycana istinadla gördük ki, 76 yaşlı mülki vətəndaş qətlə yetirilib. Əlbəttə ki, bundan daha sonra hərbi toqquşmaya gətirib çıxaran cavab atəşi açıldı. Bir daha qeyd etmək istəyirəm ki, sizin siyasətiniz sülhün bərqərar olması üçün hesablanmayıb".
Paşinyan isə ilk olaraq Azərbaycanın Ermənistana qarşı hərbi hücuma başladığını deyib.
Aparıcı "siz deyirsiniz ki, azərbaycanlılar hücumu başladı. Azərbaycanlılar əlbəttə deyir ki, siz bunu başladınız. Mən bunu bu gün "HardTalk"da həll etməyəcəm. Lakin aydın olan odur ki, siz ay boyunca münaqişədə təzyiqi artıran ciddi təxribatçı əməliyyatlar həyata keçirdiniz. Məsələn, nə üçün ötən il avqustda Xankəndinə gedərək, Artsax adlandırdığınız Dağlıq Qarabağın Ermənistan olduğunu bəyan etdiniz? Bu, aydın şəkildə Azərbaycana qarşı təxribat idi".
Paşinyan yenə də sualdan yayınmağa başlayıb, tarixi saxtakarlığa əl atmağa çalışıb.
Lakin jurnalist bu dəfə də onu tutarlı fakt qarşısında qoyub: "Səmimi olaraq, biz sizin tarixinizin bir neçə minilliklər əvvəlinə gedə bilmərik. Amma bu günün reallığını səsləndirə bilərik. BMT Təhlükəsizlik Şurası sizin də yaxşı bildiyiniz kimi, Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Azərbaycan Respublikasının ərazilərindən dərhal, tamamilə qeyd-şərtsiz çıxmasını tələb edən qətnamə qəbul edib. Siz isə ora getməyi seçirsiniz və həmin ərazinin Ermənistanın olması barədə danışırsınız. Siz aydın şəkildə sülhməramli deyilsiniz" .
Paşinyan yenə də yalana əl atıb, həmişə olduğu kimi, BMT Təhlükəsizlik Şurasının sənədinin mahiyyətini təhrif etməyə çalışıb.
Aparıcı daha sonra Ermənistandan Dağlıq Qarabağa yol çəkilməsini planı barədə danışıb, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçilərinin bununla bağlı etiraz bəyanatını xatırladıb.
Paşinyandan "həmin yolun tikilməsini dayandıracaqsınız?", deyə soruşub.
Paşinyan separatizmə haqq qazandırmağa çalışıb.
Jurnalist ondan Dağlıq Qarabağ məsələsindəki millətçi mövqeyinə görə əvvəlki sələflərindən fərqlənmədiyini deyib: "Ermənistan xalqı üçün vacib məsələdə masaya hər hansısa fərqliliyi gətirdiyinizin sübutu haradadır?"
"Siz hakimiyyətə jurnalist, insan haqları müdafiəçisi karyerası ilə gəlmisiniz. Hətta bir müddət siyasi dustaq kimi həbsdə olmusunuz. Siz insan haqlarının qeydinə qalırsınız. Bəs həqiqətən də sələflərinizdən fərqli olduğunuzu göstərmək istəsək, siz keçmişdə, xüsusilə 1990-cı illərin əvvəli - 80-ci illərin sonlarında Ermənistan qüvvələrinin əsas insan haqları pozuntuları, Dağlıq Qarabağ daxilində müharibə cinayətləri törətdiklərini etiraf etməyə hazırsınızmı? Bir çox müstəqil müşahidəçilər həmin cinayətləri kataloqlaşdırıblar. Siz onlardan üzr istəməyə, etiraf etməyə hazırsınızmı?"
Paşinyan isə Sumqayıt hadisələri barədə danışmağa cəhd edib, jurnalist Stiven Sakur isə ondan konkret sual soruşduğunu və Azərbaycandan deyil, Ermənistandan danışdığını xatırladıb: "Bunun sadə cavabı var: hə, ya yox". Sualı cavabsız qalan aparıcı əlavə edib ki, "üzr istəməyə hazır olmadığınız aydın oldu".
Nikol Paşinyanın müsahibəsi əslində, bir sıra vacib məqamları göstərir. İlk növbədə bu müsahibə artıq beynəlxalq ictimaiyyətin bu münaqişə, Ermənistanın işğalçılıq siyasəti, törətdiyi qətliamlarla bağlı bütün həqiqətləri bildiyini göstərir. BBC kimi media nəhənginin kifayət qədər təcrübəli və tanınan aparıcısı tərəfindən belə sualların səsləndirilməsi Ermənistanın nağıllarına artıq heç kimin inanmadığını ortaya qoyur. Ermənistan tərəfi daha öz yalanları ilə beynəlxalq ictimaiyyəti, dünya birliyini aldada bilmir.
Paşinyan bundan əvvəl 56-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə debat zamanı da rüsvay olmuşdu. Onun məntiqsiz cavabları, verilən suallardan yayınması, bir sözlə, məğlub duruma düşməsi öz ölkəsində də ciddi tənqidlərə tuş gəlməsinə səbəb oldu. Ümumiyyətlə, son günlər cərəyan edən hadisələr, iyulda Ermənistanın təxribatı zamanı beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi işğalçını geriyə addım atmağa məcbur edir. Ermənistan bütün cəbhələrdə uduzub. Sülhə doğru addım atmasa, işğaldan əl çəkməsə, daha acınacaqlı, aciz duruma düşəcəyinə isə heç bir şübhə yoxdur.
PƏRVANƏ