|
|
|
|
Oktyabrın 9-da AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan orudusu ilə Qarabağın düşməndən azad edilməsi uğrunda mübarizədə əldə etdiyi tarixi nailiyyətlərə həsr olunmuş toplantı keçirilib.
Qurumun mətbuat xidmətindən “525”ə bildirilib ki, əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
YT Parkın direktoru Vasif Abbasov tədbiri giriş sözü ilə açaraq bu gün xalqımızın mühüm tarixi hadisələrə şahid olduğunu deyib. Qeyd edib ki, hazırda Azərbaycan ordusu cəbhə bölgəsində böyük qəhrəmanlıq göstərərək illərdir ki, düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək uğrunda mübarizə aparır, düşmənə layiqli cavab verirlər:
“Bu çətin günlərdə AMEA-nın qurumlarından biri kimi biz də üzərimizə düşən məsuliyyəti dərk etməli, həmrəy olmalıyıq”. V.Abbasov Yüksək Texnologiyalar Parkı, eləcə də onun rezidenti olan Təcrübə-Sənaye Zavodunun da orduya dəstək təşəbbüsünə qoşulduğunu bildirib. O, Tərtər və Füzuli bölgələrində yerləşən tibb məntəqələrinə və hərbi hissələrə əsgərlərimiz üçün zəruri olan müxtəlif tibbi ləvazimatlardan ibarət yardımın, eləcə də YT Parkda istehsal olunan digər məhsulların göndərildiyini diqqətə çatdırıb.
Parkın direktoru müharibə başlayan ilk günlərdən etibarən bütün xalqın vahid şəkildə səfərbər olaraq həm dövlət başçısını, həm də ordumuzu dəstəkləməsini, əsgərlərə əzmkarlıq ruhunu aşılamasını son dərəcə təqdirəlayiq hal kimi qiymətləndirib. O, YT Parkın Akademiyanın orduya dəstək təşəbbüslərində davamlı olaraq iştirak etməyə hazır olduğunu bildirib.
Sonra YT Parkın direktor müavini Elyar Kərimov çıxış edərək Azərbaycanınərazi bütövlüyünün təmin olunması uğrundaəldə olunan qələbələr münasibətilə bütün əməkdaşları təbrik edib, bu zəfərin hər bir azərbaycanlıya böyük ruh yüksəkliyi və sevinc bəxş etdiyini qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli çıxışları, ciddi arqumentləri bu konfliktin hərb yolu ilə həll oluna biləcəyini bütün dünyaya nümayiş etdirdi.
Tədbirdə, həmçinin YT Parkın Hüquq və insan resursları şöbəsinin müdiri Fikrət Qaibov və digərləri çıxış edərək siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin dövlət başçısının ətrafında sıx birləşdiyini söyləyib, qəhrəman əsgərlərimizin qələbə uğrunda sona qədər mübarizə aparacaqlarınainamlarını ifadə ediblər.