|
|
|
|
Azərbaycan Ordusunun erməni təxribatlarına qarşı başladığı uğurlu əks-hücum əməliyyatlarına təkcə ölkə vətəndaşları yox, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız da böyük dəstək verirlər.
Bu günlərdə redaksiyamıza Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan bir qrup azərbaycanlı ziyalının - şair, yazıçı, tərcüməçi, jurnalist və elm adamlarının yazdıqları məktublar daxil olub. Onlardan bəzilərini oxuculara təqdim edirik.
İlham Bədəlbəyli, şair-tərcüməçi:
- Biz otuz ilə yaxındır, Azərbaycan bayrağının Şuşada, Xankəndidə, həsrətində olduğumuz bütün kənd və şəhərlərimizin üzərində dalğalanacağı günü gözləyirdik. Otuz ildir, mənfur düşmənin ağlını başına yığacağını, dünya birliklərinin Qarabağ konfliktinə düzgün qiymət verəcəklərini, qəsbkarların bizim torpaqlarımızı müharibəsiz tərk edəcəklərini gözləyirdik. Təəssüf ki, sülhsevər Azərbaycan xalqının bütün bu ümidləri puça çıxdı. Amma biz bunu dəqiq bilirdik ki, şər qüvvələrin zülmü daimi ola bilməz. Və o gün gəldi! Səbr kasası dolan Azərbaycan xalqı elə bir həddə çatdı ki, artıq onun qarşısını heç bir qüvvə ala bilməz!
İndi biz hər gün, nəfəsimizi dərmədən, ana torpaqlarımızın üzərində möhkəm addımlarla irəliləyən əsgərlərimizin qələbələrini izləyirik. Bir gözümüz gülür, bir gözümüz qəhrəmancasına həlak olan igidlərimizi ağlayır.
Bu gün biz heç zaman olmadığımız kimi yekdilik! İnanırıq ki, qələbə bizimdir. Şanlı Ordumuz haqq yolundadır və sonda həmişə haqq qalib gəlir!..
Əliş Əvəz, şair-publisist:
- Əziz dostlar, qurban olduğum Azərbaycan əsgərinin qələbələri bizi çox sevindirir. Bu uğurların bir əhəmiyyəti də ondadır ki, Livandan, Suriyadan və başqa yerlərdən Qarabağımıza köçürülən haylara dərs oldu. Anladılar ki, Paşinyanın onlara etdiyi vədlər boş imiş.
Mənim qardaşım Birinci Qarabağ müharibəsində, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanaraq müharibə əlili olub. Zəng etdim, sevincinin həddi-hüdudu yox idi! Bizə - 50 milyonluq xalqımıza bu sevinci yaşadan igidlərimizi bağrıma basıram! Şəhidlərimizin əziz ruhları qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyirəm! Allah Ordumuza, onun Ali Baş Komandanına illərdir yolumuzu həsrətlə gözləyən ürəyimiz Qarabağı işğaldan qurtarmaqda kömək olsun! Yaşasın Anamız Azərbaycan!
Sultan Mərzili, şair-publisist:
- Bu il Azərbaycan ordusu yaranışının 100 illiyini öz ata-baba torpaqlarını alçaq və şərəfsiz düşməndən azad etməklə qeyd edir!
Biz - bütün dünya azərbaycanlıları cəbhə bölgəsindən gələn xəbərləri diqqətlə, nəfəs çəkmədən izləməkdəyik. Amma düşmən də yatmır, ölüm həddinə çatdığı üçün ən çirkin üsullardan da istifadə etməyə çalışır. Ona görə də, bütün soydaşlarımızı diqqətli və ehtiyatlı olmağa çağırıram. Hər birimiz özümüzə senzor olaq, diplomatiya bacarığına yiyələnək. Qeyrətli, şücaətli, cəsarətli Azərbaycan Ordusunun əsgərinə, zabitinə, komandirlərinə, Ali Baş Komandana və onlara dəstək verən Azərbaycan xalqına eşq olsun!
Afaq Şıxlı, həkim, şair, tərcüməçi:
- Bu gün Azərbaycan xalqı kimi sülhsevər və müdrik bir xalq babalarından miras qalan və gələcək nəsillərə vəsiyyət edəcəyi ana vətəndən ötrü ölüm-dirim davasına qalxıb. Bu mübarizədə bizi dəstəkləyənlər də var, yolumuza daş ələyən, azadlığımıza, irəliləyişimizə hər yolla mane olmaq istəyən ermənipərəstlər də. Amma haqq ilə nahaqqı bir tərəziyə qoymaq olmaz. Əks halda tarix ağır dərs verər!
Bu günlərin həyəcanı kövrək qəlbimizin rahatlığını alıb, yuxumuzu ərşə çəkib. Döyüşlərdən, döyüşənlərdən, qələbəmizin taleyindən nigaranıq. Amma Ordumuza və Ali Baş Komandanımıza etibarımız sonsuzdur. Əsgərlərimizin şücaətinə inamımız yenilməzdir. Onlara rəşadət və əzm diləyirəm! Biz ilahi ədalətə sığınır və torpaqlarımızda ədaləti bərpa edirik! Zəfər bizimdir!
Mehriban Abdullayeva, pedaqoqika üzrə fəlsəfə doktoru:
- Bu gün çox sevindirici haldır ki, Birinci Qarabağ müharibəsindən sonra doğulmuş gənclərdə elə bir milli qürur, milli şüur yaranıb ki, gənclər "Ya Qarabağ, ya ölüm" deyərək böyük ruh yüksəkliyi ilə döyüş meydanına, sanki uzun illərin döyüş praktikası görmüş zabitləri kimi atılırlar.
Bu gün Azərbaycan xalqının müqəddəs torpaqlarının azadlığı arzusunu Azərbaycan əsgəri reallaşdırır. Onların döyüşə toy-bayram kimi yollanmaları onu göstərir ki, Azərbaycan xalqı mübariz xalqdır və onu heç kəs durdura bilməz! Bu gün ölkəmizdən kənarda yaşayan bütün azərbaycanlılar kimi mən də Azərbaycan əsgərinə Qarabağda Qələbə marşında addımlamağı, Ali Baş Komandanımıza Qələbə paradı qəbul etməyi arzulayıram! Biz - Moskvada yaşayan azərbaycanlılar, yekdilliklə Vətən üçün hər an cəbhəyə yollanmağa hazırıq. Vətən çağırsa, bir müsəlləh əsgərik. Təki Vətənimiz Azərbaycan bütöv olsun!
Xalidə Səmədova, pedaqoq:
- 30 il bundan əvvəl soruşsaydılar ki, müharibəyə münasibətin necədir, sözsüz ki, müharibənin əleyhinə olardım. Bu gün isə: "Torpaqlarımızın azadlığı uğrunda müharibə ən doğru çıxış yoludur!" - deyirəm. Bu müharibə - müqəddəs müharibədir! 30 ildir canımızdan can ayrılıb, yuxularımız ərşə çəkilib! Vətən, Torpaq hissi necə güclü hiss imiş, ilahi! Bunu bir də bizdən - qərib ölkədə yaşayanlardan soruşun! Bir ana kimi müharibə tərəfdarı olmaq mənə çox ağırdır! Cəbhədə bizim mərd, min bir əziyyətlə böyüdüb boya-başa çatdırdığımız balalarımız can qoyur! Vətən necə müqəddəsdirsə, balasının dırnağına daş dəyməsinə razı olmayan ana, bu gün onun yolunda xeyir-dua ilə övladını odun-alovun içinə göndərir. Çünki biz haqq yolunda vuruşuruq.
Xocalı torpağını qanı ilə sulayan balaların harayı bizi səsləyir. Yuxularımda tez-tez gəzib dolaşdığım, suyuna, dağına-daşına qurban olduğum doğma Gülablım bizi gözləyir. Artıq o yerlərin sahibi gəlir. Qələbə bizimdir! Qarabağ Azərbaycanındır! Tanrı başımızı uca eləsin, bu savaşda zəfər bizim olsun! Tezliklə Qarabağda üçrəngli bayrağımız dalğalansın!
Zemfira İsmayılova, professor:
- Vətənimin torpaqlarında şiddətli döyüşlər gedir, top gurultusu eşidilir. Bizim bölgə qonşumuz öz alçaq təbiətini bir daha sübut edib və əcdadlarımızın ərazilərində müharibə başladıb. Bizim igid əsgərlərimiz canlarının bahasına, qəsbkarlardan doğma torpaqlarımızı qarış-qarış geri qaytarırlar. Və faşist dövlətin hərbi planları iflasa uğrayır. Zəfər uzaqda deyil. Tezliklə bizim üçrəngli bayrağımız geri qaytarılmış bütün torpaqlarımızda dalğalanacaq!
Tünzalə Vəliqızı, jurnalist, "Yeni səs" İA-nin rəhbəri:
- Müharibə orta nəslə görə atanın atasının divardan boylanan əsgər şəklidir. Nənənin xatirəsindəki həsrətdir. Müharibələr lənətlidir, lənətlənər...
Biz müharibə istəmirik, müharibəni yenmək üçün savaşırıq. O savaşın adı müharibə deyil, Qurtuluşdur, Xilasdır! Biz Vətəndən uzaqlarda olsaq da, qurtuluş yolunda, torpaqlarımızın bütövlüyü uğrunda savaşan əsgərlərimizin yanındayıq! Tanrı Azərbaycan xalqını, dövlətini və onun uğruna canını fəda etməyə hazır olan böyükdən böyük Əsgərlərimizi qorusun!
İqbal Rüstəmov, jurnalist, Real televiziyasının və "Report" İA-nın Rusiya nümayəndəliyinin rəhbəri
- Azərbaycan xalqı sülhsevərliyi, xeyirxahlığı ilə hər zaman tarixin səhifələrində xoş sözlərlə anılıb. Bu gözəl və müdrik xalqın səbrini necə tükətmək lazım idi ki, bu gün o, müharibənin gərək olduğunu düşünsün, atılan bombaların və güllələrin səsindən deyil, sakitlikdən qorxsun?!
Bu gün Azərbaycanda - qadın, kişi, uşaq, böyük, müxalifət, iqtidar - hər kəs özünü Vətənin müsəlləh əsgəri hesab edir. Bu gün Azərbaycan xalqı tarix boyu heç bir xalqın birləşmədiyi kimi birləşib. Mənim xalqım bu gün özü tarix yazır. O, yalnız erməni hərbi birləşmələrinə qarşı vuruşmur, o, həm də erməni faşizminin kökünü kəsmək istəyir. Ana-bacılarımız gecə-gündüz cəbhədə döyüşən əsgərlərimizə dua edir, onları müzəffər görmək istəyirlər. Və elə də olacaq. Məqsədimiz bir, amalımız birdir - qələbə! Hörmətli Prezidentimizin apardığı xarici və daxili siyasətlərin bəhrəsi olaraq biz və gələcək nəsillərimiz azad, bütöv, aydın səmalı Azərbaycanda yaşayacağıq! Qələbə bizim olacaq!
Yaşar Süleymanlı, şair:
- "Müharibə" - mənim sevmədiyim sözdür. Çünki müharibə demək - ölüm, qan, dəhşət deməkdir. Amma bəzən müharibə zərurət olur, necə ki, bu gün Azərbaycan istəməsə də, döyüşməyə məcburdur. 30 il səbr edib gözləmək hər xalqa məxsus ola bilməyəcək böyük bir səbrin göstəricisidir. Amma səbrin də bitdiyi bir gün olur və o gün də bu gündür.
Azərbaycan xalqı hər zaman sülhün, əmin-amanlığın tərəfindən olub, lakin bu da bir talesizlikdir ki, erməni kimi məkirli, qan və qada hərisi olan bir xalqla qonşu olub. Mənim xalqım başına mərmi yağa-yağa bu münaqişənin sülh yolu ilə həll olunacağına ümid edib, öz ata-baba yurduna dönəcəyini gözləyib. Lakin gecə nə qədər də zülmət və uzun olsa da, ardınca nurlu bir sabahın gəlişi mütləqdir!
Nilufər Şıxlı, şair-jurnalist, "Rossiya seqodnya" BİA-nin müxbiri:
- Şanlı Ordumuz neçə gündür rəşadət göstərir. Onun gücünə, əzminə arxayınıq. Qələbə üçün dua edirik və inanırıq ki, işğal altında olan torpaqlarımız tam azad olunacaq. Bu əminliyi bizdə dövlət başçımız, Ali Baş Komandanımız cənab İlham Əliyev yaradıb. Prezidentimizin xalqa müraciətlərini diqqətlə dinləyir və onun qələbəmizə olan inamını görürəm. Bütün həyəcanlarım qürurla əvəzlənir, içimdə qalib gələcəyimizə tam əminlik yaranır.
Azərbaycan çağdaş tarixinin ən şərəfli anlarını yaşayır. Biz əminik ki, Ordumuz bu tarixə Tam Qələbə möhürünü vuracaq. Çünki reallıq və Ali Baş Komandanın əzmi bunun göstəriciləridir. Azərbaycan xalqı öz Liderinə inanır. Bu inamı görmək üçün döyüşə can atan, hərbi xidmətə çağırış üçün müraciət edən igidlərimizin sayına nəzər salmaq, arxa cəbhədə dövlətinin arxasında dağ kimi dayanmış xalqa baxmaq kifayətdir!