|
|
|
|
Mirkazım Kazımovun 70 yaşı tamam olur. Keçmiş deputat, Azərbaycanın ictimai-siyasi xadimi də demək olar. Bizim üçün Mirkazım Kazımov böyük və müqəddəs dini ocağın təmsilçisidir.
1960-80-ci illərdə iki Məhəmməd (Mir Məhəmməd və Şeyx Məhəmməd) təkcə Cəlilabadın yox, bütövlükdə regionun dini ab-havasını müəyyənləşdirirdilər. Ona görə dini ab-hava çox sağlam idi. Sovet dövründə həm din inkişaf edirdi, həm də ən vacibi sağlam inkişaf edirdi.
İki Məhəmməd özlərindən əvvəlkilərdən ilham almışdılar, onların ideyalarının daşıyıcısı idilər. Ona görə vəziyyət o qədər yaxşı idi. Hətta bəziləri güman edirdilər ki, bu iki Məhəmmədə fizika, riyaziyyatdan da sual versələr, cavab verəcəklər. Özbəkistan, Qazaxıstandan Mir Məhəmməd ağanın ocağına xüms-zəkat gələrdi. Bu gün hamı bilir ki, Mir Məhəmməd ağanın ocağının varislərinin standartdan kənar məişəti yoxdur.
İndi mənim üçün keçmiş deputat və yaxud gələcəkdə də deputat, ictimai-siyasi xadimdən daha çox, Mirkazım ağa dini ocağın, əsl vətəndan cəmiyyəti strukturunun davamçısıdır və əminəm ki, Mirkazım ağanın çox aktiv iştirakı olduğu proseslərin ucu sonda yenidən ölkəmizdə dini proseslərin sağlamlaşmasına və bu yöndə ölkəmizin inkişafına səbəb olacaq. Ən azı, Mirkazım ağa çox fəal siyasətçidir. Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunanlardan biridir. Ona uğurlar, cansağlığı və uzun ömür arzulayıram. Məlumat üçün deyim ki, tək o olmayıb. Böyük qardaşı Mirhəsən ağa yaxında rəhmətə getdi. Allah rəhmət etsin. Mirhüseyn ağa, Mir Mehdi ağa bunlar hamısı böyük ideyanın daşıyıcıları, insanların ümid yeri olublar. İndi o missiya Mirkazım ağanın üstündədir və Mirkazım ağanın nəsli, qardaşı uşaqlarının bir neçəsi o ocağın işığını, nurunu gəzdirəcəklər.
Mübariz ƏHMƏDOĞLU
SİTM-in sədri
P.S. Bəlkə də bu ocağın nurundandır. Mirkazım müəllimin yubileyi ərəfəsində Azərbaycanın əzəli və əbədi torpaqları bir-birinin ardınca işğaldan azad olunur…