|
|
|
|
Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin noyabrın 10-da əldə etdiyi razılaşmaya əsasən ermənilər Azərbaycanın Kəlbəcər, Laçın, Ağdam rayonlarını tərk etməlidirlər. Onlar Kəlbəcərdən noyabrın 15-də çıxmalıdırlar. Artıq ermənilər 30 ilə yaxındır işğalda saxladıqları Azərbaycanın Kəlbəcər rayonunu tərk etməyə başlayıblar. Uzun illərdir işğal etdikləri tarixi Azərbaycan torpaqlarında milli-mədəni irsimizi dağıdan, abidlərimizi məhv edən, insanlarımızın əmlakını ələ keçirən ermənilər bu gün Kəlbəcəri tərk edərkən öz çirkin xislətlərini bir daha nümayiş etdirdilər. Belə ki, onlar əşyalarını çıxardıqdan sonra evlərə od vurub yandırırlar. Bunu təkcə xarici media deyil, özlərinin yerli mediası da sanki bir qəhrəmanlıq edirlərmiş kimi təqdim edir. "BBC"nin yayımladığı videoreportajda ermənilərin Kəlbəcəri tərk etdiyi təsdiqlənməklə yanaşı, qeyd etdiyimiz nüanslar da açıq şəkildə özünü göstərir. Reportajda görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər, hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar. İşğal olunmuş ərazilərdə maddi mədəni sərvətlərimizin dağıdılması və qarət olunması indi də davam edir. Ermənilər apara bilmədiyi hər şeyi isə yandırır, məhv edirlər.
525.az xəbər verir ki, Prezident İlham Əliyev bu faktı "İnterfax"a müsahibəsində də bildirib:
"Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə, halbuki orada 10 minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur".
BBC-yə danışan ermənilər deyirlər ki, onların yaşamayacaqları evlərdə azərbaycanlılar yaşaya bilməz:
"Ona görə də yandırırıq". Məhv edilən təkcə evlər deyil. Təbiətə də böyük ziyan vurulur. Bu, həm də dünyanın uzun illər torpaqlarımızı işğalda saxlayan erməni üzünün təqdimatıdır. "Dağıtmaq, məhv etmək, tarixi silməyə çalışmaq", budur onların xisləti.
Azərbaycan hər zaman beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verir. Ölkəmizin bu mövqeyi bütün dünyada müsbət qarşılanır və təqdir edilir. Azərbaycan dünya mədəniyyətinə, irsinə, tarixinə mühüm töhfələr verib. Azərbaycandan fərqli olaraq, ermənilər tarixi, dini abidələrə qarşı vandallıqları ilə "tanınırlar".
Onlar abidələrimizi, məscidlərimizi dağıdır, təhqir edir. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Bu vandalizm aktının ermənilərin işğal etdikləri ərazilərdə Azərbaycanın mədəni irsinə necə məhəl qoymadığının sübutudur. İslam dininə aid olan nümunələrimiz məhv edilir, məscidləri bu gün İslam adına yaraşmayan bir tərzdə vandalizmə məruz qalır. Tarixi-dini abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən müqəddəs məkanlardır. Buna görə də Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, o cümlədən, tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biridir. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etməkdir. Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı, eyni zamanda, terrorçu dövlət olduğunu tam şəkildə sübuta yetirən yetərincə faktlar mövcuddur. Paşinyan hakimiyyətinin cəbhədə məğlubiyyətlə yanaşı, törətdiyi hərbi cinayətlər, günahsız mülki şəxslərə qarşı terror törətməsi onu beynəlxalq müstəvidə də ciddi qınaq obyektinə çevirməkdədir. Qarabağ münaqişəsinin həlli prosesində həm hərbi, həm də diplomatiya müstəvisində üstünlük Azərbaycanın tərəfindədir. İşğalçı dövlət getdikcə özünü daha da ağır duruma salmaqdadır. Ermənistan bundan artıq ciddi nəticə çıxarmalıdır.
PƏRVANƏ