27 sentyabr 2020-ci il - hər şeyin başlandığı qayıdış tariximiz. Zamanımızı, əhvalımızı, xəyallarımızı və yarıda qalan haqq mübarizəmizin gedişatını dəyişən müqəddəs tarixə çevrilən 44 gün. Elə adını Vətən müharibəsi adlandırmağımız da əbəs yerə deyildi. Aranından dağına, cənubundan şimalına vətənin dörd bir yanından igid oğulları heç nə düşünmədən, sevərək yollandı bu mübarizəyə. Hamı üçün tək amal, tək istək vardı: 30 illik həsrətə son qoymaq...
Bəlkə də, müharibə bizə unutmaqda olduğumuz digər bir çox dəyərləri də geri gətirdi. Doğmalıq, vəhdət, bütün cəbhələrdə yumruq kimi birlik, milli qayə və s. İnsanlar 44 gündə necə də doğmlaşa bildi. Nə vaxtsa bir-birinin yanından yad kimi ötüb keçənlər indi cəbhə yoldaşı, silahdaşı oldu. Eyni səngərdə çiyin-çiyinə dayanıb haqq yolunda birlikdə yer aldı. Bir vaxtlar heç tanımadığımız insanlar vətənin müdafiəsinə qalxıb, həm də bizi qoruyanlara - əsgərlərə çevrildilər və bəlkə də, şəhid oldular. Elə ön cəbhənin mənəvi yükünü arxa cəbhə də layiqincə çəkə bildi. Hər kəs qələbə kuzəsinə bir damla olmağa çalışdı. Bunun nəticəsidir ki, istər ön, istərsə də informasiya cəbhəsində Azərbaycan öz sözünü deyərək qalibiyyəti daddı.
Bu günlərdə qəhrəman oğullarımızın ayağı dəyən, şəhidlərimizin qanı bahasına alınan vətən torpağının hər yanından qələbəli günlərin havası duyulur. Üçrəngli bayrağımız azadlıq dadan torpaqlarımızda dalğalandıqca, sanki hər bir azərbaycanlının ürəyindəki uzun illərin Qarabağ dağı silinir, yerini fərəh, vüsal alır. Uzun illər vətəndən uzaq qalmış hər kəsin ürəyində olduğu kimi, xəyalında da canlandırdığı bir Qarabağı var əlbət. 30 il öncə o torpaqlarda yaşayanların gördüyü, indi vəhşi ermənilər tərəfindən dağıdılıb viran qoyulan və hər birimizin xəyallarında bəzədiyi kimi görmək istədiyi Qarabağ...Şuşanın cah-cəlalının, Laçın meşələrinin əzəmətinin, Ağdamın yaraşığının bərpa olacağı, Kəlbəcərin qaynayan sularını, buz bulaqlarının yenidən aşıb-daşacağı günlər uzaqda deyil əlbət. Biz də təqribən 5 il sonraya gedib, xəyal etdik. Xəyal etdik və "525-ci qəzet" olaraq hər birimizin aktiv olduğu sosial şəbəkələr vasitəsilə izləyicilərimizə sual ünvanladıq.
Sualımız sadə idi: "Xəyal edin! 5 ildən sonra Qarabağı necə görürsünüz? İşğaldan azad olunmuş şəhərlərimizin inkişafını necə təsəvvür edirsiniz?"
Oxucularımızdan qayıdışımızın ən gözəl təsvirini bizimlə paylaşmalarını istədik.
Ən maraqlı təxəyyül və arzuları sizə təqdim edirik.
Oxucumuz Şəbnəm Uğurlu yazır:
"Xarabalığa çevrilmiş cənnətin yenidən özünə qayıtmasını görürəm... Dünyanın fərqimizi, zövqümüzü bir daha anlayacağını görürəm. "Azərbaycanın ən gözəl şəhəri" statusu veriləcək Şuşanı görürəm! Oradan keçib Laçına evimizə gedəcəyəm, evimizi görəcəyəm. Şüşə kimi yollardan ötərkən, uşaqlığımın keçdiyi o məhəlləni xatırlayacağam... Şəhərin girəcəyində, çoxlu Azərbaycan əsgəri görəcəyəm, görəcəyəm ki, birləşib bayrağımızı sancırlar, yaxınlaşdıqca görəcəm ki, heykəl imiş, öz-özümə düşünəcəm ki, necə də təbii düzəldiblər... Polis idarəsinin yeni və möhtəşəm binasının yanından keçib həyətimizə girəcəyəm... Hicran xalanın taxta peçenyelər satdığı mağazası yerində olmasa da, hündür və çoxmərtəbəli bir ticarət mərkəzi görəcəyəm, həyətimizə girəndə isə ermənilərin qrad mərmisi ilə çilik-çilik etdiyi tut ağacından asılan yelləncəyimin yerində, qızlarım - Dəniz və Günəş üçün qırmızı bir yelləncək görəcəm. Bir tək asıldığı tut ağacı, o qədər hündür olmayacaq, olsun, biz onu da böyüdəcəyik!"
Fikirlərini bizimlə bölüşən başqa bir oxucu Zöhrə İsmayılovadır.
O, xəyal edir ki, Azərbaycanın ən böyük mühəndislik universiteti Qarabağda yerləşsin:
"Eyni zamanda, Amerikanın Silikon vadisinə bərabər elmi mərkəzin olmasını arzu edirəm. Qarabağ bütünlükdə Azərbaycanın elm və sənaye mərkəzi olsun. Niyə məhz Qarabağ?" - deyə soruşsanız, Qarabağ 3 dövləti Azərbaycan-Rusiya-Türkiyə özündə birləşdirəcək. Oradan keçən yol qovşaqları 3 dövləti özündən birləşdirir. Hər 3 dövlətin akademik, professor, mühəndis heyəti üçün əlverişlidir. Buna görə də biz həmin mərkəzlərə hər 3 dövlətdən mütəxəssislər cəlb etsək, onlar üçün də əlverişli olacaq. Düşünürəm ki, rayonlarda qızıl və müxtəlif metalların olması Geologiya kimi ixtisasların mühəndislərinin fəaliyyət zərurətini yaradır. Həmin universitetdə bu ixtisasın olması tələbələrə təcrübə keçməyi asanlaşdıracaq. Onlar real görəcəklər bütün prosesləri. Həmçinin, bu yerlərdə qurulması lazım olan çox infrastruktur layihələr var. Orada təhsil alan tələbələr bütün prosesləri real görmək imkanı qazanacaqlar".
"Əvvəl necə idi, elə də görmək istəyirəm", - deyə sosial şəbəkə istifadəçisi Elşən Əzim sorğumuza qoşulub:
"Son illərdə regionlar necə inkişaf etdi? Qədimliyini də saxladı, yeniləşdi də... Qarabağda isə daş üstə daş qalmayıb. Reallıq odur ki, yeni bir Qarabağ görəcəyik. Dünən bir həmyerlim deyir ki, o toyları, o ənənələri yenidən bərpa etmək lazımdır. Deyirəm, çətin olacaq. O qarabağlıların da çoxu bu dünyada yoxdur artıq. O papaqlı, kepkalı kişilər olan kəndi görmək istəyirəm. Bu, mənim xəyallarım... Reallığa qalanda, daha böyük bir gələcəyi xəyal edə bilərik. Həm turizmin, həm kənd təsərrüfatının, dağ-mədən sənayesinin və s. ən müasir səviyyədə inkişaf etdiyi bir vətən xəyal edirəm”.
Həcər Paşayeva isə Qarabağla bağlı xəyallarını belə ifadə edir:
"Vətənim bütöv Azərbaycandır. Laçın tam tədqiq olunmamış, cilalanmamış almaz parçasıdır. Onun cilalanıb dünyaya işıq saçan möhtəşəm bir diyar olmaq vaxtı çatıb. Ən ucqar kəndlərində asfalt yollar çəkilmiş, turizm şəbəkəsi bütün dünyanı əhatə etmiş, gözəlliklərini ovuc içi kimi sərgiləmiş bir bölgə olmasını təsəvvür edirəm. Bir də Bakıdan başlayan dəmir yolu ilə Zəngilandan Mehriyə, ordan doğma Naxçıvana gedən qatarla səfərim ilahi hisslər yaşadacaq. Laçından Gorusa, ordan Əngəlöyütü keçib Batabat aşırımından doğma yurda sallanmağımız da gözəl olacaq".
Yazıçı Kənan Hacılı mədəniyyət tədbirləri dolu xəyallarından söz açır:
"Qarabağ Azərbaycanın ən inkişaf etmiş regionlarından biri olacaq. Şuşada beynəlxaq festivallar keçirilməsini arzu edərdim. Cıdır düzündə el şənlikləri keçirilsin. Vaqifin məqbərəsi də yəqin restovrasiya olunacaq. Qarabağ gülüstana dönəcək!"
Şəfa Vəli hər qarışını gəzib tanıyacağı müqəddəs torpaq Qarabağı xəyal edir:
"O torpaqlardakı hər ağac, hər gül, hər daş haqqında Sədnik Paşa Pirsultanlının mirasında əfsanələr, rəvayətlər var. Hər birinin dünya mədəni irsinə çıxarılması üçün o əfsanələr, rəvayətlər öz obrazı ilə yanaşı təqdim olunmalıdır. Mənim təsəvvürümdə, 5 ildən sonra məktəblərimizdə "Qarabağ irsimiz" adlı dərs keçiləcək, bütün uşaqlarımız milli-mədəni sərvətlərimizi dəqiq tarixi faktlarla yanaşı, şifahi xalq ədəbiyyatındakı ifadəsi/anlatımı ilə də tanıyacaqlar. Ən əsası, mən özüm artıq Şuşanı, Kəlbəcəri, Ağdabanı, Azıx mağarasını Gəncə qədər tanıya biləcəyəm; dölmə-dölmə, küçə-küçə, ağac-ağac..."
Filoloq, şair Adilə Nəzər deyir ki, Qarabağ 5 ildən sonra onun təsəvvüründə tarixi, mədəni abidələri, at yarışları, xüsusilə də təbiəti ilə Qafqazın ən çox turistik məkanı kimi canlanır:
"Yurdun hər tərəfi yenidən kəşf edilir və istifadəyə verilir. Yerli əhali və gələn ziyarətçilər Qarabağın təbii sərvətlərinin də təbiəti qədər zəngin olduğundan danışırlar. Bu mövzuda filmlər çəkilir, video görüntülər yayılır. Dağları, sıldırım qayaları, dərələri, bulaqları, çayları, şəlalələri ilə hamını heyran edir Qarabağ. Yay aylarının birində 3 günlük xüsusi Qarabağ festivalı təşkil olunur. İl boyunca cənnət guşələrində milli bayramlarımız qeyd olunur, milli geyimdə rəqs ansamblı çıxış edir, mahnılar oxunur. Beynəlxalq Muğam festivalı keçirilir. Və "Şuşanın fəthi" adlı Azərbaycan filmi bir neçə dildə bütün dünyaya yayılır".
Xəyallar fərqli, arzular çox, yol uzun. Oxuduqca anlayırsan ki, bu xalqa qələbə, xoş günlər necə də gözəl yaraşır. İnanırıq ki, yaxın zamandan etibarən xəyallarımıza, təsəvvürümüzə sığmayacaq qədər gözəl görünüş alıb, yenidən öz əzəmətini geri qaytaracaq Qarabağımız. Bunun üçün yenə də birlikdə çalışacağımıza isə şübhə yoxdur.
P.S. Qarabağın işğaldan azad olmuş bütün bölgələri ilə bağlı ən maraqlı təxəyülləri və arzuları hər həftə "525-ci qəzet"in "Xəyallardakı Qarabağ" rubrikasında oxuya bilərsiniz.
Afaq RZA