|
|
|
|
İkinci Qarabağ müharibəsində Şəhid olmuş və ya Qazi kimi evə dönən hər bir igidimizin həyatı bir dastandır - qəhrəmanlıq dastanı! Onlardan biri haqqında söz açmaq istəyirəm...
Ülvi Rəfiyev (16.08.1996-25.10.2020) xoşbəxt bir ailənin ilk övladı idi. Sevilə-sevilə böyüyür, böyüdükcə də ailəsevər, insansevər, vətənsevər bir gənc kimi hər kəsə nümunə olurdu. Çünki doğulduğu ailə halal, zəhmətkeş və kökünə bağlı idi. Atası Rəfail bəy də Ordubadın ən ziyalı ailələrindən biri, 50 il pedaqoji təcrübəsi olan, uzun müddət Ordubadda Təhsil şöbəsinin müdiri işləmiş Qadir Rəfiyevin ailəsində anadan olmuşdu. Ülvi bütün qohumları, xüsusilə babası və nənəsi tərəfindən çox sevilirdi: adı kimi o qədər saf, təmiz və mehriban idi ki, onu sevməmək mümkün deyildi.
Orta məktəbi bitirdikdən sonra Neft və Kimya Universitetinə (indiki ADNSU) daxil oldu. Yaxşı oxumaqla bərabər, həm də Universitetin ictimai həyatında da fəal iştirak edirdi. ADNSU-nun "Gənclik" mahnı və rəqs ansamblının ən fəal üzvü idi, bütün yarışlarda, beynəlxalq festivallarda universitetin şərəfini qoruyur, həmişə də qalib kimi qayıdırdılar. Hətta Türkiyənin məşhur "Yetənək sizsiniz" proqramında uğurla çıxış etmişdi. Gələcəklə bağlı böyük arzuları vardı. Daha çox Azərbaycanı Beynəlxalq festivallarda layiqincə təmsil etmək istəyirdi.
Tələbə həyatından sonra hərbi xidmətə çağırıldı, vətənə olan borcunu ödədi. Burda da özünü nümunəvi hərbçi kimi göstərdi, özünün, ailəsinin başını uca tutdu.
Mülki həyata qayıtdıqdan sonra həm sərbəst yaşamaq, həm də ailəsinə dəstək olmaq üçün əmək fəaliyyətinə başladı. İşini sevdi, sevildi, ailə qurmaq barədə düşünməyə başladı. Deyərdi ki, özümə möhtəşəm toy edəcəm və toyda "Zeybək" rəqsini oynayacam.
İkinci Qarabağ müharibəsi başlayanda artıq dörd ay idi ki, özünün sevib-seçdiyi xanımla nişanlanmışdı. Məlum pandemiya səbəbindən, toy məsələsi yubanırdı və düşünürdü ki, tezliklə hər şey düzələr və ilin sonunda qohumların, dostların şahidliyilə yaxşı bir toy edər özünə. İyul hadisələrindən sonra o da minlərlə gəncimiz kimi Səfərbərlik İdarəsinə gedib könüllü yazılmışdı.
27 sentyabrda müharibə başlayandan bir neçə gün sonra Ülvi də çağırış vərəqi aldı. Kiçik qardaşı Ülvanın hərbi xidmətdə olmasına baxmayaraq, elə həmin gün şöbəyə getdi, eyni gündə də döyüşə yollandı. Füzulinin, Cəbrayılın alınmasında döyüş yoldaşları ilə bərabər qəhrəmancasına vuruşdu. Ancaq Füzuli istiqamətində düşmən tam şəkildə məhv edilmədiyindən, onları yenidən oraya qaytardılar.
25 oktyabr səhər saat 10 radələri... Səhərdən başlayan döyüş getdikcə daha da güclənir, qarşı tərəf geri çəkilmək istəmir. Döyüşçülərimiz nə qədər şücaət və igidliklə vuruşsa da, düşmənin qarşı tərəfdən top və mərmiatanlardan dəqiq atdığı zərbələr bizə irəliləməyə imkan vermir.
Səs-küyün, atəşin altında Ülvi əvvəlcə yanında güclü partlayışın olduğunu eşidir, sonra beldən aşağı güclü bir ağrı hiss edir. Bu an Üvi özündə cəsarət tapıb ayağa qalxmaq istəyir, ancaq mümkün olmur: düşmən mərmisin qəlpəsi öz işini artıq görmüşdü. Yanındakı dostları köməyə gəlirlər, qan itirməsin deyə ayağını dizdən yuxarı bağlamağa çalışırlar. İlk ağlına gələn atası, anası, qardaşı və sevdiyi qız olur. Bir də fikirləşir ki, artıq əvvəlki kimi rəqs edə bilməyəcək...
Dostları onu hospitala yola salandan sonra onlardan biri Ülvinin atasına zəng vurub: "Rəfail dayı, Ülvini Beyləqan xəstəxanasına apardılar, yaralanıb. İmkanınız varsa, təcili ora gəlin. Ona aid nə varsa, məndədir. Əgər sağ qalsam, gətirib verəcəm, şəhid olsam, sağ qalan dostlar çatdıracaqlar, narahat olmayın, haqqınızı halal edin".
Ailəsi əvvəlcə düşündü ki, yəqin yüngül yaralanıb, xəstəxanada lazım olacaq hər şeyi yığıb yola çıxdılar.
Yolda zəng gəldi: "Salam. Gül dükanından narahat edirik. Dünən oğlunuz Ülvi bəy gül buketi sifariş verib, ünvanı deyərdiniz çatdıraq..."
O gün Ülvigilin nişanlanmasının 4-cü ayı idi, hər ayın tamamında gül buketi ilə sevgilisini təbrik edərdi.
Ailə xəstəxanaya çatanda, artıq gec idi. Ülvi yolda çox qan itirdiyindən dünyasını dəyişmişdi. Bundan sonra anasının, atasının, sevgilisinin və qohumlarının, dostlarının nə yaşadığını yazmaq artıq mümkün deyil.
Ülvi bəy həm də Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin nəslindən, Vətən üçün canını əsirgəməyən Rəfiyevlərdən biridir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Vüsal ƏHMƏDOV