Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla sərhədlərin açılması ilə bağlı ölkəsinin şərtini açıqlayıb.
525.az APA-ya istinadən xəbər verir ki, Türkiyə XİN başçısı 24 TV-yə müsahibəsində bildirib ki, bu, Dağlıq Qarabağda prosesin düzgün və effektiv işləməsindən asılı olacaq.
Türkiyə ilə sərhədlərin açılması və ticari əlaqələrin bərpasının daha çox Ermənistan və Ermənistan xalqı üçün faydalı olacağını vurğulayan M. Çavuşoğlu qeyd edib ki, Ermənistan illərdir özü özünü tədric edib:
“Ermənistanın İranla çox problemi olmayıb, Gürcüstanla əlaqələrinin nə qədər sağlam olub-olmadığı ilə bağlı isə şərh vermək istəmirəm. Fəqət Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması Ermənistan iqtisadiyyatına zərər vurub. Ermənistan xalqı başqa ölkənin torpaqlarının işğal edilməsi bahasına həqiqətən iqtisadi baxımdan çətinliklər çəkib”.
“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya monitorinq mərkəzi Ağdamda yerləşəcək”.
O qeyd edib ki, müşahidə nöqtələri Dağlıq Qarabağa çox yaxın yerlərdə olacaq.
“Bizim Rusiya ilə imzaladığımız memorandumda açıq şəkildə göstərilib ki, müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq. Ev sahibi haranı göstərirsə, müşahidə nöqtələri orada olmalıdır”, - deyə Türkiyə XİN başçısı qeyd edib.