Ölkə başçısının fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsi yaradıldı. Fərmanda göstərilir ki fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaqdır. Eyni zamanda Prezident Administrasiyasına tapşırılır ki, 15 gün müddətində Fondun nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidirlər.
Fərmanda fondla bağlı bir çox məsələlərin əks olunduğu fərmanda xüsusilə qeyd edilir ki, fond dövlət qeydiyyatına alınanadək ianələr, qrantlar və digər vəsaitlər fondun xüsusi xəzinə və bank hesablarında toplana bilər. Hazırkı məqamda belə bir fondun yaranmasına böyük ehtiyac vardı. Ona görə də bu addımı dəstəkləyirəm. Düzdür bu fondların gəlir mənbəyi könüllülük prinsipi əsasında cəlb edilən ianələrdən formalaşsa da, burada müəyyən incə məqamlar var.
Bu fondların hesabına sadə xalq və ümumi dövlət maraqlarında bəzi şirkətlər iştirak etmək məcburiyyətində qalırlar. Onları buna vadar edən səbəb dövlətin yanında olduğunu biruzə vermək, ümumi reputasiyasına müsbət effekt əldə etməkdir. Hansı ki, həmin təsərrüfat subyektlərindən bəziləri belə fondlar olmadan xalq üçün fayda verməkdə maraqlı deyildilər. Bəziləri illər boyu yalançı tenderlərlə varlanmaqla məşğul idilər. Bəziləri isə inhisarçı mövqeyi ilə milyonlar qazanırdılar. Digərləri isə istehlakçıları aldatmaqla yüksək gəlir əldə edən nəhəng şirkətə çevriliblər. Eləsi də var ki, milli sərvətləri bu və ya digər formada şəxsi mənafeyinə uyğun istifadə edirdilər. Odur ki, bəzi şirkətlərdə adi hallarda xalq mənafeyini düşünən addımların atıldığını görmək mümkün deyildi. Amma belə fondlar yarananda həmin şirkətlər, təsərrüfat subyektləri də öz reputasiyaları naminə elə fondalara ianələr etməkdə maraqlı olurlar və vətənpərvərlik hisslərinin oyanışı nümayiş etdirilir. Bu hisslərin saxta və ya səmimi olmasından asılı olmayaraq son məqsədə çatmaqda öz tövhəsini vermiş olur.
Eldəniz ƏMİROV
SOCAR əməkdaşı, iqtisadçı ekspert