filologiya üzrə fəlsəfə doktoru
Bir şair vardı, "Şeyx əş - şuyux" oluban dünyaya elm, ədalət, hikmət dərsi öyrətdi, Gəncəni ərşə yüksəltdi.
Bir şair vardı, dərisini soydular, "ənəl - həqq" dedi, qərib məzarı talandı, düz deyirmiş, dünya həqq deyildi, yalandı.
Bir şair vardı, "keçmə namərd körpüsündən" deyib namərdə qənim kəsildi, xalqa tapındı, bir əli qılınc, bir əli qələm, bu cahangirə mat qaldı aləm.
Bir şair vardı, doqquz ağçaya möhtac ola-ola doqquz min misra yazdı, hər misrası min qızıldı.
Şair gördüm, sazı sinəsində, söz qoşdu, saz çaldı, sazı-sözü coşdu getdi. Şair gördüm, başı sinəsində, hər gəlib-gedənə "şeir" dedi, ənam aldı, hamını satdı, başı salamatdı. Şair gördüm, vətən dedi, torpaq dedi, dediyinə özü də inanmadı, Qarabağa yanmadı, türk nədir, heç balasını tanımadı. Şair gördüm, çağırılmayan yeri dar elədi, nə utandı nə də ar elədi...
Şair də gördüm, özü gözəl, sözü gözəl, qəlbi təmiz, məsləki düz, amalı düz, hər şeiri yüz, torpaqcanlı, qeyrəti qanlı. Yana-yana yazdı, yaza-yaza yandı. Bir həsrət məşəlinə döndü. Bu həsrətin sonu olmadı. Bu həsrətdə hər şey vardı - el-oba sevgisi, qohum-əqrəba məhəbbəti, dost sədaqəti. Bu həsrətdə bir yanğı vardı, torpaq yanğısı, inam yanğısı, dözüm yanğısı. Amma bu həsrətdə bir həsrət də yaşayırdı - Ata həsrəti. Heç kəs sona qədər bilmədi ki, şair yaratdı bu Ata həsrətini, yoxsa bu Ata həsrəti yaratdı şairi?!
Məni qınayanlar
Məni nə sayır...
Bu torpaq.
Deyirlər, atamınkıdır
Bəli, mən atamam -
Atam yaşayır
Yazdığım şeirlər atamınkıdır
Bağırsam dünyanı bürüyər hayım,
Elə kövrəlmişəm,
Elə dolmuşam
Ata həsrətindən necə yazmayım?!
Ata həsrətiylə şair olmuşam.
Ata həsrəti səni şair elədi, sənin sözlərin müqəddəsliyi Ata elədi. Həsrətin müqəddəs oldu. Belə həsrət olmamışdı, belə müqəddəslik deyilməmişdi. Belə həsrət gördünmü heç?! Bu müqəddəslik olmasaydı yəqin dünya olardı puç!
Nə xoşbəxt, mənalısan sən, şair,
Nə bəxtəvər atanın övladısan sən, şair
Sənin ömür yoldaşın olan o ülvi həsrət azalmadı, övladlarının qəlbinə köçdü, bir az da böyüdü, səni sevənlərin qardaş, əmi, dayı, dost həsrətinə döndü.
Həsrətin nə olduğunu hamıdan yaxşı bilə-bilə bizi həsrətdə qoydun, şair...