Dil üzrə etüdlərdən (2013-2014-cü illər)
Qulaq tutub eşitməyin önəmi
Haydeqer (almanca "Haydaqa") kimi biz də dilimizə qulaq tutub ondan fəlsəfəni, fəlsəfəyə qulaq tutub ondan dilimizi eşitməyi öyrənməliyik. Nə qədər ki Azərbaycan elmində bu iş zəif olacaq, dilimizin kasadlığından, geriliyindən deyinəcəyik.
"Soruşmaq" sözünə qulaq tutanda eşidilən fəlsəfə
"Soruşmaq" sözü "sormaq" (və ya "sovurmaq") feilinin çevrimi, transformasiyasıdır. Sormaq isə havanı çəkəndə hava axınında nələrisə içəri çəkməkdir. Bunun fiziki olaraq uğurlu olmasından ötrü içəri çəkilən hava (və ya nəfəs) axınının gücü və bu axının çəkildiyi dəliyin dar girdəliyi gərəkdir.
Nəfəs əskilərdə (elə mifolojilərin özündə də) çox vaxt ruhla, kutla oxşartıda götürülürdü. Əski yəhudi dilinin "nefeş" (ərəbcə "nəfs") kəlməsinin həm də ruhu bildirməsi buna bir örnəkdir. İndi biz "soruşmaq" feilini görürsək, burada da ruhun özünə çəkmək, özünə yığmaq işini sezərik.
Bu yerdə incə bir məqam. Soruşmağın kökündə təəccüb durur. Təəccübün mimikasında isə biz girdələnmiş gözləri, girdələnmiş dodaqları xarakterik sayırıq. Eyni zamanda, bu girdələnmə həm də sovuran dodaqların girdəliyini təkrar edir.
Yaxşı, bəs soruşmaq nədir? Soruşmaq cavab (yanıt) almaq üçündür, cavab bilgisini içəri çəkmək üçündür (bu içəri çəkməyi isə biz "başa düşmək", yəni başın içinə girmək, salmaq adlandırırıq).
Beləliklə, türk dilləri hansısa bilməzə düşüncə ilə, bilməzəliklə soruşmağı sormaq fiziki eyləminin modelində, görkündə mənimsəmiş və uyğun olaraq sual vermək aktına adı da "sormaq" sözündən çıxarmışdı.
Düşüncə mədəniyyətində sual qoyuluşu
Aristoteldən bu yana filosoflar və alimlər bilmək, anlamaq istəyinin özülünə təəccübü, nəyəsə mat qalmağı qoymuşlar. Təəccübdən sual doğur və sual cavab axtarışlarına yönəldir. Sonra elə bu məsələyə də bir nəsnə artırıldı: yenilik tapmaq, problemi üzə çıxarmaq sualın necə qoyulmasından asılıdır. Bu üzdən ən böyük tapıntı sual tapıntısıdır.
Süzann Lanqer adında bir qadın filosof vardı, yazmışdı ki, dönəmlər hansı sorunun başına fırlanması ilə xarakterizə olunur. Yunanıstanda "dünya kimdən yaranmışdı (və ya kim yaratmışdı)?" sualı Tanrıların dünyanı yaratmaq mifolojisinə gətirib çıxarmışdı. "Dünya nədən yaranmışdır?" isə yunan fəlsəfəsini ağıllara gətirmişdi və bu zaman "Sudan (Falesdə), Oddan (Herakalitdə) yaranmışdı" demişdilər.
Mən bir imtahan metodunu yaman sevirəm. İmtahanda müəllim sual vermir. Tələbəyə deyir, sən mənə sual ver. Və sualın necəliyinə görə də onun biliyini dəyərləndirir. Mən çox yoxlamışam, Azərbaycanda gənclər onları ağrıdan məsələlərlə bağlı sual verə bilmədiklərindən onları nəyin ağrıtdığını deyə bilmirlər.
Azərbaycan türkcəsinin "soruşmaq" (sormaq) modelindən çıxış etsək, sual qoymaq, sualı dəyişmək soruşmaqda içəri sormanın tuşlanma vektorunu, oxunu dəyişdirməkdir. Bu yerdə, "başa düşmək", "sormaq" sözləri bilimlə bağlı yeni bir məsələ üzə çıxarır. Başa düşmək, soruşmaq özünə çəkib özündə yerləşdirənin (başın, bilincin) tutumu məsələsini qoyur. Şüurun, bilincin içi hansısa genişlikdə, tutumdadır, sorulanlar, başa düşənlər ora girib orada özünə yer tapırlar. Bəs yaxşı, bu içəriliyin, bu tutumun sınırları, ölçüsü varmı?
Nəsnələr dünyasında və ruh aləmində tutum ayrıntıları
Belə soruşulanda fiziki olanın tutumu ilə şüurun tutumu arasında oxşarsızlıqlar aydın olur. Fiziki olanın içinə nələrsə sorulduqca içi dolur, içində yeni sorulanlara az yer qalır. Bilincin unutqanlığı bu baxımdan bəlkə də bilincin tutumunu fiziki tutuma oxşadır. Unutqanlıq bilincdə nələrisə pozub təzə gələnlərə yer açmağa bənzəyir. Azərbaycan türkcəsində deyirlər: huşdan çıxıb. "Huşdan çıxıb" şüurdan çıxıb qırağa düşməkdir. Dediyim kimi, unutqanlıq bir aspektdə bilincin həcmini fiziki tutumla bənzərləşdirir.
Ancaq daha təsirlisi bənzərsizlikdir. Bilincini biliksiz, sualsız daşıyanlar, adətən, öz qutlarını, ruhlarını dar, dayaz sıxıntıda duyurlar. Belələrinin Niççenin "öz içinə baxmaq uçuruma baxmaq deyilmi?!" aforizmini anlaması mümkün deyil.
Bilik intensiv sorğularla özünə baxmaqdır. İnsan, beləcə, içinə çoxlu-çoxlu soraqlar çəkməklə içinin "fizikasını" yenib içini böyüdür, şüurun həcmini artırır. Bu fizikiliyə uyuşmazlığı Nəsrəddin Tusi belə anlatmışdı: maddi dəyərlər işləndikcə azalır, mənəvi dəyərlərsə işləndikcə çoxalır.
"Yaxşı" sözündən əxlaqa balaca səyahət
Bu sözün gündəmə gətirilməsinin mənası
Mənəviyyatın ən önəmli məsələlərindən biri Yaxşı və Yaman məsələsidir (bəlkə Xeyir və Şər mənasında Yaxşı və Yaman sözlərini işlətməyi öyrənək?) Bizim məmləkətdə isə bir xeyli adam var, bu məsələləri elə anlayır ki, sonucda siyasi dünyamız, gündəlik yaşamımız (məişət həyatımız) qorxunc kölgələrdə, hənirtilərdə eşidilir. Gəlin Yaxşı, Yaman sözlərindən şüalanan bilinmələrə qulaq tutaq, toplumdakı olaylardan axan bilinmələrlə öncəki bilinmə axınını qovuşduraq, görək nə alınır? Görək bilinmələrdən aydın bələdçilik qazana biləcəyikmi?
Bu sözün soy-kökü
Anadolu türkləri "yaxşı" yerinə "iyi" deyirlər və bizim "yaxşı"mızı anlamırlar. Bizə də onların "iyi"si yaddır, hərçənd Ortaçağ Azərbaycan türkcəsində yaxşı mənasında "eyi" işlənib, hələ indiki ləhcələrimizdə "yey", "iyi" variantlarının qalmasını demirəm.
Ancaq bu "yaxşı" sözü hardandır, nədən törəyib, bunu çoxumuz bilmirik. Bilmək üçünsə "yaxşı"nı bilməyən Anadolu türkcəsi dadımıza çatır. Bu dildə "yaraşıqlı" anlamında "yakışıklı" sözü var, "yakışıklı" "yaxışıqlı"nın bir tayıdır. Deməli, "yaxşı" yarayan anlamı ilə bağlıdır (yəni "yakışıqlı" "yaraşıqlı" deməkdirsə, eləcə də "yaxışıqlı"ya uyğundursa, deməli, hamısının kökündə "yar-arlı"nın kökü var).
Bunu yadda saxlayaq, keçək yeni məsələyə
Sokrat və Kant "yaxşı" haqqında
"Yaxşı" nədir?" sualını birinci Sokrat qoyub və cavab verib: nəsnə öz amacına ("amac" və "umacaq" eyniliyinə fikir verin) cavab verirsə, yaxşıdır. Məsələn, qalxanın vəzifəsi döyüşçünü qılıncdan, toppuzdan, oxdan qorumaqdır. Ona görə də qızıl qalxan yaxşı deyil, çünki qorumaq vəzifəsini yetərincə görə bilmir. Dəmir qalxan isə möhkəmliyinə görə yaxşıdır. 18-ci yüzildə Kant bu problemə qayıdıb söylədi: o nəsnələr ki, bizim gərəklərimizi (tələbatımızı) ödəyir, yaxşıdır. Nəyinsə yaxşılığı gərəklərimizi ödəməsindən asılıdır.
İndi mən deyə bilərəm ki, Sokrat və Kantın "yaxşı" haqqında fəlsəfə ilə çıxardıqları düşüncələr türklərin "yaxşı" sözündə bilincsiz, yəni şüurun xəbəri olmadan gizlənib. Türkcənin bilinmələri nəyi anladır? Onu anladır ki, yaxşı "yararlı" deməkdir, - Anadolu türklərinin yaraşıqlı mənasında "yakışıqlı" sözü də bunu göstərir, - yaxşı yaraşıq gətirirsə, yaxşı yararlılıq da gətirir.
Bu yerdə yeni sual çıxır: yaxşı nəyə yararlıdır?
Sofistlər və Niççe yararlıq haqqında
Yaxşı nəyə yararlı olandır? Əski yunan filosoflarından olan Frazimax (sofistdir) deyirdi: hər hakimiyyət özünə yararlı olan qanunlar verir, sonra da bu qanunları ədalətli adlandırır. Deməli, ədalətli olan güclülərə, yuxarıda duranlara yararlı olandır. Sonralar Niççe bunu daha aydın söylədi: Yaxşı nədir? Üstün insanların hakimiyyət duyğusunu, hakimiyyət istəyini, hakimiyyətin özünü nə artırırsa, yaxşıdır. Buradan çoxlu konkret sonuclar çıxır. Məsələn, hakimiyyətdə olan ürəyi daş olsa da, yazıq adamın halına yanırmış kimi telekamera qarşısında gözlərini yaşardanda bu riyası yaxşı olur. Çünki vətəndaşlar onun qayğıkeşliyinə heyran qalır, bu heyranlıqsa onun hakimiyyətini gücləndirir. Deməli, sofistlərə və Niççeyə qalsa, yaxşı birisini başqalarından güclü, başqalarından qüdrətli edəndir.
Başqa əxlaq
Nəsə, mən var-dövləti artırmaq üçün hakimiyyət istəyən və bu hakimiyyətə yararlı olanları yaxşı adlandıranların yaxşılığını qəbul edə bilmirəm. Çünki bu yaxşılıqda yaraşıq yoxdur. Yaxşıda gördük ki, yaraşıq gizlənib. Bəs əsl yaxşılıq, Allaha xoş gedən və ya nəcib insana yarayan yaxşılıq nəyə yararlı olmalıdır? Bir etik baxışa görə, yaxşılıq başqalarını mutlu etməyə yararlı olan əməllərdir. Ancaq burada bir nəsnə var, adamların xoşbəxtlik haqqında təsəvvürləri cürbəcürdür, ona görə də bu istiqamətdə adamlara yarınmaq istəyən çaşbaş qalır. Kimi isə xoşbəxt etmək üçün filan yararlı işi edir, sonunda isə aydın olur ki, bu adam mutluluğu tamam başqa yerdə, başqa şeydə axtarırmış və ona görə də sənin "yaxşılığından" əsəbiləşir. Başqa bir filosof (Karl Popper) bunu nəzərə alaraq söyləyir: yaxşılıq başqalarını mutlu, xoşbəxt etməyə yararlı işləri görmək deyil. Yaxşılıq başqalarının əzablarını, yaşamaq ağırlığını azaltmağa yararlı işləri görməkdir. Qoy insanları əzaba salan vəziyyətlər az olsun, xoşbəxtlikləri ilə isə özləri məşğul olarlar.
Bu deyilənlərə türkcədən bilinmələr nə artırardı. Türkün "yaxşı" sözündə gizlənmiş "yaraşıq" anlamından çıxış edib düşünmək olar ki, yaxşılıq oluma, varlığa yaraşıq gətirəndir. İnsan olumunun, daha geniş götürsək, bütün olanların yaraşığı isə onlarda kut, ruh, mənəviyyat payının dərəcəsindən asılıdır. Kapron yarpaqdan əsl yarpaq niyə yaraşıqlı görünür? Ona görə ki, əsl yarpaq dindarın gözünə dünyanı bürümüş İlahi Ruhun təcəssümü kimi görünür, ateist isə, bu Ruhu qəbul etməsə də, təbiətin yaradıcı gücünü ölgün yox, canlı bir zənginlik kimi həmin yarpaqdan duyur.
Dünyada kutluluq, mənəviyyat payı nədir ki, onu azalmağa qoymayan yaraşıq yararlıdır? (Fikir verin, "yaratmaq"da da "yaramaq" feilinin kökü var. Deməli, yaradıcılıq ya dünyada, ya da nədəsə çatışmayanı aradan götürüb yararlılığı yaratmaqdır).
Bu, artıq, yeni problemə çıxaran ideyadır. Hələliksə, deyim ki, İslam və başqa mənəvi dinlər, böyük filosofların, sənətkarların çoxu "mənəviyyat nədir?" sorusunu anlatmaqla məşğul olublar. Hərçənd onu da deyim ki, "mənəviyyat nədir?" sorusunun çətinliyinə görədir ki, anlamayanlara, özünü itirmişlərə mənəviyyat adı ilə mənəviyyatsızlığı, - bağışlayın, qaba sözə görə, - soxuşdurmaq asan olur.