|
|
|
|

Bütün əzabları və ağrılarıyla, hicranı və ayrılığı ilə, qısqanclığı və qəlizlikləri ilə birgə sevgi lazımdı insana. Hava, su kimi... Varlığını hiss etmək üçün, yaşadığını anlamaq üçün, həyatın həm acı, həm şirin tamını duymaq üçün. Axı hətta sevginin gətirdiyi iztirablar belə insan hissləridi. Məhəbbət əyləncə deyil, lağlağının ona heç bir aidiyyatı yoxdu. Yalnız nadan adam sevgiyə belə baxa bilər, hər an sevinc umar ondan... Sevgi minbir çaları, yüz ovqatı, halı, bir sözlə ürəyinin varlığını, beyninin qatlarını, təzadlarını anlamaq üçün hər şeyi özündə birləşdirir. Və onu təhlükəli edən də elə budu... Özündən asılı hala salır. Sevgi bitincə, sönüncə hər şey itir, bitir, tükənir. Ən qəribəsi də budur ki, sən sevginin xəstələnməsini, zədələnməsini, azalmasını qətiyyən hiss eləmirsən. Bu çox təbii, adi, sakit axarla gedir. Bir gün səhər ayılırsan və sanki beynin bomboş olur. Səsinin əks-sədasını öz içindən eşidirsən. Bomboşsan ona görə. Sevgi hamısını özüylə aparıb. Sakinsiz, adamsız ev kimidi indi qəlbin... Ha boylanırsan heç kimi görmürsən orda, ha aldatmağa çalışırsan özünü, alınmır. Axı, elə dünən yuxuya gedəndə burda qoymuşdun onu, bax bu taxta çıxarmışdın, bəs nə oldu? Srağagün əlindən tutanda elektrik keçmişdi bədənindən... İndi bu əlləri soyudan nədi axı? Yadındadı, yaxşı yadındadı təlaşın, həyəcanın... Ürəyin yerindən çıxırdı bir kəlməsindən, şirin sözündən ötrü çox şeyə hazır idin! Hələ baxışından havalanmağın! Dodaqlarına tamarzı uşaq kimi həsrətlə baxmağın da çıxmaz yadından... Hə, bunlar hamısı xatirindədi. Amma indi sadəcə hadisə kimi, keçmiş kimi... Həyəcan, ürək döyüntüsü, qorxu, təlaş, dəlilik hamısı çıxıb yadından, ürəyindən çıxıb ona görə. Üz döndərirsən özündən, baş götürüb getmək, qaçmaq istəyirsən. Qəzəbsiz, kinsiz, nifrətsiz... Sakitcə, elə o səhər, içərini boş gördüyün, günəşə də sevinmədiyin səhər. Xatirələrini də evdə qoyursan, çantanı da götürmürsən heç... Ataol Bəhramoğlu dediyi kimi – ürəyindəki uşaqla, cibindəki revolverlə. O uşaq başlanğıcın, revolver sonun simvoludu burda. Uşaq ümiddi, revolver ümidsizlik.
Amma şeirdə eşqinin bitməsini dərk edən aşiq qəzəbli deyil. Hüzünlüdü sadəcə. “İyi günlər, sevgilim...” deyəndə də üzündəki ifadə aydın görünür, gözündəki kədər sezilir. Sözlərində, ovqatında daha çox çarəsizlik hiss olunur. Bitmiş bir sevgini qaytara bilməməyin ağrısı.
Axı bu eşq burada bitibsə, çıxıb getməkdən savayı yol varmı?! Hələ o xatirələr istiykən uzaqlaşmaq, heç nəyi adiləşdirmədən, yerə endirmədən, bəsit bir sevgi hekayəsinə çevirmədən getmək! ...sevginin havası qalırkən... Heç olmasa xatirindəki gözəl günlərin sehri itmədən getmək! Ataol Bəhramoğlu kimi. Şair sevgisini itirmiş insanın halını ən çox “Nə kadar güzeldin sən! Nasıl eşsiz bir yazdı!” misrasında ifadə edir, məncə. Bu məqamda ən kədərlisi keçmiş zamandı. Aşiq xanımın gözəlliyindən də, yazın bənzərsizliyindən də keçmiş zamanda danışır. Axı sevgi bitibsə, o gözəllik də gözündə deyil... Eşq tükənibsə, yaz daha elə təsir etməyəcək sənə! Albomlardakı şəkillər kimi solacaq o xatirələrinin rəngi! Olsa-olsa şeir yazarsan, “bütün ölü şairlər” təki... Get, məncə, vaxtında get!
Şeirin sonluğu düşündürür adamı. Şair “...bir nehir akıp gider” deyəndə zamanamı, həyatamı işarə edir?! Bu, təxminən “Həyat davam edir” təsəllisi deyil ki, görəsən?! Və əslində elə “Yüreğimde bir çocuk” söyləyəndə də gözləntisini, ümidini ifadə etmirdimi?
Məncə, sevgisi bitmiş, içi, ruhu boşalmış adamın o sıcaq, dəli duyğularının yerində bir ümid, arzu yaranır: Yeni sevgi ümidi! Təzə sevda arzusu! Axı sevgi həm də həyat tərzidi?! Elə yaşamağa öyrəncəlisənsə, həyatına sakit, hamı kimi davam eləməyin zor işdi. Ataol Bəhramoğlu ikinci, “Bir kadını bəkləmək” şeirində məhz bu gözləntini, bu istəyi ifadə edir. Aşiqin soyuqlamış səsini eşidirəm şeirin ilk misralarından! Təkliyin soyuğu, şaxtası alıb onu. Amma yenə gözləyir o Qadını! Şair Qadının necəliyini, xarakterini qəribə üsullarla təsvir edir. Bu Qadın sıradan biri deyil! Güclüdü! Bir rüzgarı keçmək, bir şarkını dağıtmaq sadə işdi ondan ötrü. Öz yalnızlığını şairin tənhalığına qovuşdurmaq kimi! Axşamı işıqlandırmaq, dünyanı gözəlləşdirmək kimi!
... bu məqamda aşiqin ürəyinin artan ritmi necə hiss olunur?! Üzündəki işıq göz qamaşdırır! Axı gəlir, bəklədiyi qadın gəlir... Sevgi gəlir, təlaşı qayıdır, ruhu dönür bədəninə!
Yenə gözəlləşəcək yaz, şirin çay da şipşirin dadacaq sabahdan... Sevgisizlik mürgüsündən oyanır, unutduğu şeirlər, xatırlamadığı mahnılar düşür yadına... Hamısı bir-bir. Eşitdiyi addım səsləri ilə... O bəklədiyi qadın yaxınlaşdıqca! Saçlarını, ətəklərini uçuraraq gələn Qadın!
... Və qəribə bir qorxu alır adamın canını! Birdən gəlməsə? Fikrini dəyişsə, cəsarəti çatmasa?! Cibindəki revolver!!!!!!!!!!
Ataol Bəhramoğlu:“Ne kadar güzeldin sen!”
Bu aşk burada biter ve ben çekip giderim.
Yüreğimde bir çocuk, cebimde bir revolver.
Bu aşk burada biter, iyi günler, sevgilim.
Ve ben çekip giderim, bir nehir akıp gider.
Bir hatıradır şimdi dalğın uyuyan şehir,
Solarken albümlerde çocuklar ve askerler.
Yüzün bir kır çiçeği gibi usulca söner,
Uyku ve unutkanlık gittikçe derinleşir.
Yan yana uzanırdık ve ıslaktı çimenler,
Ne kadar güzeldin sen! Nasıl eşsiz bir yazdı!
Bunu anlattılar hep, yani yiten bir aşkı,
Geçerek bu dünyadan bütün ölü şairler.
Bu aşk burada biter ve ben çekip giderim,
Yüreğimde bir çocuk, cebimde bir revolver.
Bu aşk burada biter, iyi günler, sevgilim
Ve ben çekip giderim, bir nehir akıp gider.
Ataol Bəhramoğlu: “Bir Kadını Bekliyorum...”
Bir kadının bana gelecek olması, bir rüzgarı geçerek.
Bir şarkıyı geçerek, saçlarının uçuşunda,
Bir kadının bana gelecek olması, bir ömür geçecek.
Aşkın buruk tadında, buluşması iki yalnızlığın
Bir akşamı geçecek.
Belki de dağılan sesleri hüznün ve akşamın
belki de
Bir kadını geçecek.
Bir kadını bekliyorum
Eteklerini ve saçlarını uçurarak gelecek...



