|
|
|
|

Dünya dəyişir. Böyük dövlətlərin öz geosiyasi maraqları naminə apardıqları oyun qaydalarının da yeniləşməyə ehtiyacı var. Hər bir halda son zamanlar onlar tez-tez beynəlxalq hüquqdan danışırlar. Son onilliklərdə isə sanki bu termin yadlarından çıxmışdı. Görəsən, nələr baş verir? Başqalarının qarşılaşdığı problemlərin həllində beynəlxalq nizamlama prinsiplərini unudanlar hansı səbəblərdən hüquqdan söhbət açırlar? Ən əsası isə geosiyasi güclər özlərinin yaratdıqları dolaşıq vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkirlər. Onlar nə irəli gedə bilir, nə də geri çəkilmə imkanları var.
Geosiyasi "başgicəllənmə": uğurlardan sonrakı mərhələ
Varşava müqaviləsi təşkilatı və SSRİ-nin dağılması ilə dünya düzəninin normal hala düşməsi böyük ümidlər yaratdı. Qısa müddətə olsa da bir eyforiya yaşandı. Lakin bu, çox çəkmədi. Bir müddət Rusiyanın "nokaut vəziyyəti"nə düşməsindən istifadə edən Qərb, başda ABŞ olmaqla, öz iddialarını həyata keçirmək üçün tələsik geosiyasi addımlar atdı və yaranmış bu vəziyyətdən istifadə edərək təsir dairəsini genişləndirməyə nail oldu.
Həmin aspektdə ABŞ və Avropa yeni müstəqil dövlətlərlə əlaqələrin qurulmasında bir sıra müsbət nəticələr əldə etdi. Onun Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı genişləndi. ABŞ və Avropa İttifaqı müxtəlif proqramlar vasitəsi ilə bu məkanda mövqeyini möhkəmlədə bildi. İqtisadi, maliyyə və sosial sahələri əhatə edən proqramlar reallaşdırmaqla Qərb geosiyasi nüfuzunu da yüksəltmiş oldu. Ancaq təcrübə göstərdi ki, geosiyasətdə yaxşı başlanğıc daimi uğurlu olmağın təminatçısı deyil.
Qərb də bir sıra uğurlu addımlardan sonra özünü geosiyasi meydanda rəqibsiz oyunçu hiss etdi. Bununla qlobal miqyasda bir-birinin ardınca arzuolunmaz vəziyyətlər yarandı. İraq və Əfqanıstana olan hərbi müdaxilələr isə sonun başlanğıcı oldu. Sonra İran, Suriya, Misir, Liviya, Sudan, Mərkəzi Afrika Respublikası və digər ölkələrlə bağlı proseslər özünü göstərdi. Bütün bunları birləşdirən bir geosiyasi məqam vardı: Qərb silah və zor gücünə, yerli hakimiyyət orqanlarına təzyiq etməklə mənafeyinə uyğun nəticələrə nail olmağa çalışdı. Bu zaman Qərb başqa bir ciddi səhvə yol verdi.
Burada, onun "ikili standart" siyasətinə üstünlük verməsi nəzərdə tutulur. Məsələ ondan ibarətdir ki, Qərb öz maraqlarına uyğun olanda bütün təsir və təzyiq vasitələrindən istifadə edir. Məsələn, İraqa çoxlu sayda qoşun yeridir və buna beynəlxalq hüquq çərçivəsində haqq qazandırmağa çalışır. Başqa dövlətin ərazisini işğal altına aldığını qəbul etmir. Hərəkətlərini demokratiya, insan haqları, beynəlxalq terrorla mübarizə və s. kimi epitetlərlə izah edir. Başqa bir situasiyada isə tamamilə fərqli faktorlardan danışır.
Deyək ki, Cənubi Qafqazda Ermənistan Azərbaycanın torpaqlarının bir hissəsini işğal edib. 20 ildən çoxdur ki, Qərb cırtdan bir ölkəyə işğalçı olduğunu bəyan etmir. Hətta ona təcavüzkar belə demir. İndiyə qədər elə bir hal olmayıb ki, Qərb dövlətləri öz maraqlarına toxunan bir məsələdə hansısa ölkəni 20 il cəzasız buraxsınlar. Yuqoslaviyaya, Liviyaya, İraqa, Mərkəzi Afrika Respublikasına dərhal müdaxilə etdilər. İraqın Küveyti işğal etməsinin qarşısını dərhal aldılar. Üstəlik, onu darmadağın etdilər. İndi də İraq bir ölkə və cəmiyyət olaraq həmin zərbələrin altını çəkir. Eyni reaksiyanı Liviya məsələsində göstərdilər. Bu dövləti də faktiki olaraq xarabaya çevirdilər.
Lakin son vaxtlar sanki vəziyyət qəfil dəyişən kimi görünür. Bir neçə il geosiyasi meydanda elə də fəal olmayan Rusiya "va-bank" etmək istədi. Qərb üçün bu, bir qədər gözlənilməz oldu. Lakin Kreml ardıcıl olaraq öz geosiyasi iradəsini ortaya qoyaraq, gücləndiyini sübuta yetirmək üçün addımlar atdı. Nəticədə, dünya yenidən gərginlik içərisindədir. Hazırda keçmişə qayıdış, geosiyasi liderlik ambisiyalarının ortaya qoyulması açıq-aydın özünü göstərir. Həmin prosesdə Çinin yeri və rolu getdikcə daha qabarıq özünü göstərməkdədir. Bütün bunlar isə dünya siyasətində çox təhlükəli trendlərin meydana çıxdığını ifadə edir. Unudulmamalıdır ki, geosiyasi ambisiyalar ifrat səviyyəyə çatanda nəticə heç bir tərəf üçün qənaətbəxş olmur.
Yeni şərtlər: qlobal siyasətə baxış dəyişməlidir
Təkcə XX əsrdə iki dəfə tale bu həqiqəti bəşəriyyətə göstərib. Birinci və İkinci Dünya müharibələri Avropa dövlətlərinin ambisiyalarının tüğyan etməsi nəticəsində baş verdi. Deyəsən, dünya növbəti dəfə belə bir təhlükə ilə üz-üzədir. Hər bir halda çox düşündürücü geosiyasi proseslər özünü göstərir. Onlar ziddiyyətli və mürəkkəb xarakterə malik olmaları ilə qlobal miqyasda ciddi problemlər yaratmaqdadırlar. Həmin kontekstdə mühüm bir xüsusiyyəti vurğulamaq yerinə düşərdi.
Bütün dövrlərdə olduğu kimi, bir əsrin sonu, o biri (yeni) əsrin əvvəlində siyasi və geosiyasi proseslər daha sürətlə gedir. Obrazlı desək, iki əsrin qovşağında həmişə mürəkkəb vəziyyətlər yaranır. İndiki mərhələ də həmin mənada istisna deyil. Son proseslər göstərdi ki, "nokautdan çıxmış tərəf" oyuna var qüvvəsi ilə girməkdən çəkinmir. Bu, özünü Suriya və İranla bağlı proseslərdə göstərdi. Bununla da bir tərəfdən ümumi geosiyasi mənzərə gərginləşdi, digər tərəfdən isə yeni oyun qaydaları yaratmağın vaxtı çatdı. Həmin prizmadan Ukrayna hadisələrinə baxanda maraqlı cəhətləri görə bilərik.
Ukrayna ilə bağlı Qərbin ilk mərhələdə qələbə əldə etdiyi sanki şübhə doğurur. Moskva öz iradəsini V.Yanukoviçi qorumaqda və Krıma nəzarəti ələ almaqda ortaya qoydu. Kreml Qərbin sanksiyalarından çəkinmədiyini də nümayiş etdirməkdədir. Həmin tədbirlərə "asimmetrik cavablar" veriləcəyini bəyanladı. İndi Rusiyada Qərb şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcəyini bildirir. Bununla da dünyanın iki böyük gücünün qarşı-qarşıya gəldiyini müşahidə edirik. Məhz həmin anda böyük dövlətlərin yadına bir məsələ düşdü.
Biz son illər bəzi məsələlərdə unudulmuş beynəlxalq hüquq anlayışının birdən-birə xatırlanmasını nəzərdə tuturuq. Ancaq son 15-20 ildə belə təəssürat yaranmışdı ki, sanki beynəlxalq hüquq yoxdur. Tamamilə unudulub. Çox qəribədir ki, son iki onillikdə böyük dövlətlərin rəhbərləri beynəlxalq hüquq ifadəsini işlətməkdən çəkinən kimi görünürdülər. Məsələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq hüquqdan real olaraq istifadə edilmir. BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etdi, lakin ona əməl edilməməsinin beynəlxalq normalara zidd olduğunu qəti şəkildə bildirən böyük dövlət tapılmadı. Onların siyasi yaddaşı sanki bu məsələdə tamam pozulmuşdu. Bəs indi nə oldu?
Avropa İttifaqının rəsmi şəxsləri həyəcan təbili çalırlar ki, "Avropanı parçalamaq olmaz"! Razıyıq, ancaq sualımız var: bəs Azərbaycanı parçalamaq olar? Təbii ki, qətiyyən olmaz! Buna baxmayaraq, Azərbaycanın parçalanmasını neçə illərdir ki, Qərb "görmür". Milyonlarla müsəlmanın öz vətənində didərgin düşməsini ədalətli həll etmək üçün beynəlxalq hüquqda "konkret maddə tapa bilmirlər". Bunu deməyə məcburuq. Çünki Ermənistanın təcavüzkar olması ilə bağlı beynəlxalq təşkilatlar nə qədər sənəd qəbul ediblər, lakin onlara real əməl edilməsi mexanizmini "müəyyənləşdirə" bilmirlər. Əslində isə onların ikili oyun apardıqları göz qabağındadır.
Bütün bunlar beynəlxalq aləmdə qəribə bir vəziyyət yaradıb. İndi irəliyə getmək çətindir, geriyə çəkilmək də asan deyil. Artıq böyük geosiyasi güclərin özləri qarşı-qarşıya gəliblər və əvvəlki qaydada "irəli gedə bilmirlər". Beynəlxalq hüquq normalarını Qarabağda olduğu kimi tapdayıb keçə bilmirlər.
Bir-birlərinə iradlar tuturlar. Hər iki tərəf özünün tətbiq etdiyi sanksiyalara hüquqi don geyindirməyə çalışır. Onlar hər biri özünün haqlı olduğunu əsaslandırmağa çalışır. Ancaq reallıqda tərəflərin atdıqları addımlar inandırıcı olmur, bu addımların hər birinin arxasında maraqlar görünür. Hüquq isə yalnız sözdə var, əməldə istədikləri davranışa "hüquqdan don biçirlər".
Amma axı dünya da əvvəlki dünya deyil. Hazırda bir çox ölkələr gücləniblər, sıralarında sürətlə inkişaf edənləri də vardır. Qərb maliyyə böhranından əziyyət çəkəndə həmin ölkələrdə sosial-iqtisadi, maliyyə və mədəni tərəqqi müşahidə edildi. İndi xalqlar hər cəhətdən oyanıblar və onlar öz haqlarını tələb edirlər. Bu tələblərin fonunda Ukrayna məsələsində bir-birinə beynəlxalq hüququ xatırladanların sonra özlərini necə aparacaqları çox maraqlıdır!
Newtimes.az



