|
|
|
|
Martın 17-də "2014-cü il Novruz bayramı münasibəti ilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi"nin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli əvvəlcə tədbir iştirakçılarını Novruz Bayramı münasibəti ilə təbrik edib. Daha sonra müsabiqə barədə geniş məlumat verən Vüqar Səfərli qeyd edib: "Hər il olduğu kimi, bu il də xalqımızın həyatında xüsusi yeri olan Novruz Bayramı münasibətilə media təmsilçiləri arasında fərdi jurnalist yazıları müsabiqəsi keçirilib. Müsabiqəyə ümumilikdə 96 yazı təqdim olunub. Müsabiqə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 10 istiqamət üzrə keçirilib. Fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmiş yazılar 9 ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə, 10 müsabiqə iştirakçısı həvəsləndirici mükafata layiq görülüb".
Vüqar Səfərli onu da bildirib ki, müsabiqənin şərtlərinə uyğun olaraq qaliblərin hər birinə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu və 1000 manat, həvəsləndirici mükafatların sahiblərinə isə təşəkkürnamə və 300 manat məbləğində mükafat verilib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə çıxışında öncə jurnalist əməyi barədə danışıb: "Hər bir cəmiyyətin qaymağı yaradıcı insanlar hesab olunur. Yaradıcı insanlar arasında isə jurnalistlər ən aktiv təbəqədir. Onların əməyini ulu öndər Heydər Əliyev hər zaman yüksək qiymətləndirib. Jurnalist əməyini fədakar əmək adlandırıb".
Əli Həsənov onu da bildirib ki, Azərbaycan jurnalistika tarixində iki şəxsin fəaliyyəti xüsusi qeyd olunmalıdır: "Onlardan biri Həsən bəy Zərdabidir ki, o, Azərbaycan mətbuatının əsasını qoyub. Digər şəxs isə ümummilli lider Heydər Əliyevdir. Əgər Həsən bəy Zərdabi Azərbaycanda milli mətbuatının əsasını qoydusa, ümummilli lider Heydər Əliyev Azərbaycan mətbuatı üzərindən bütün tənzimləmə və təsir mexanizmlərini yığışdırdı, onu dinamik inkişaf yoluna çıxardı və milli mətbuatın hərtərəfli inkişafı üçün əlindən gələni etdi. 1998-ci il avqustun 6-da Azərbaycanda sözün həqiqi mənasında azad sözün təməli qoyulub. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistikaya münasibəti haqqında çox danışmaq olar. Sizin hər biriniz bilirsiniz ki, cənab İlham Əliyev Prezident seçildikdən sonra nəinki Heydər Əliyevin əsasını qoyduğu demokratik ənənələrini davam etdirdi, eləcə də milli jurnalistikaya, yaradıcı insanlara Azərbaycan dövlətinin diqqət və qayğısını tam gücü ilə nümayiş etdirdi".
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri daha sonra qeyd edib ki, Azərbaycan dövləti iqtidarlı, müxalifətli, hansı cəbhədə fəaliyyət göstərməsinə baxmayaraq, bütün jurnalistlərə hörmətlə, qayğı ilə yanaşır. Onun sözlərinə görə, Prezident İlham Əliyev jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, media orqanlarının maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı imzaladığı sərəncamlarla, jurnalistlərin sosial-müdafiəsinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə ardıcıl tədbirlər həyata keçirib, Azərbaycan mediasına dövlət dəstəyinin göstərilməsinə başlayıb: "Bu müsabiqə jurnalistlər üçün təkcə yarış mühiti yaratmaq deyil, eyni zamanda, jurnalistlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən aksiyadır".
Prezident Administrasiyası rəsmisi bildirib ki, fərdi jurnalist müsabiqəsində iştirak edənlərin sayı ildən-ilə artır: "Əvvəllər müsabiqəyə qəzet redaksiyalarında çalışan jurnalistlər qatılırdısa, indi informasiya agentliklərində, müxtəlif internet saytlarında çalışan jurnalistlər də burada iştirak edirlər".
Bununla yanaşı, Əli Həsənov belə bir məqama da diqqət çəkib ki, bəzən Azərbaycan jurnalistini Azərbaycan dövlətinə qarşı, Azərbaycanın milli maraqlarına qarşı çevirmək cəhdləri də olur: "Təəssüflər olsun ki, bəzi dövlətçilik təfəkkürü zəif olan insanlar müəyyən müddət o cərəyanlara qoşula da bilirlər, o şəbəkələrin tərkibində dövlətimizə, millətimizə qarşı kampaniyalarda iştirak edirlər. Amma bilin ki, heç zaman dövlət bu insanların cəzalandırılması haqqında düşünməyib. Bunların cəzasını ən yaxşı halda cəmiyyət verər, tarix verər". O bildirib ki, Azərbaycan Prezidenti dəfələrlə jurnalistlərlə görüşüb və həmişə də çağırışı o olub ki, dövlətçilik, vətənpərvərlik hisslərinizi heç zaman unutmayın. Bizim bir vətənimiz var, o da Azərbaycandır: "Dünyanın hansı ölkəsinə getsəniz, sizi millətlərin nümayəndələrindən fərqləndirən azərbaycanlı olmağınız olacaq, azərbaycançılıq məfkurəsini daşımağınız olacaq. Siz dünyada yalnız bir azərbaycanlı kimi uğur qazana bilərsiniz. Siz Azərbaycan vətəndaşı olaraq yalnız azərbaycançılıq nümunəsini yarada və azərbaycanlı olmanızla da fəxr edə bilərsiniz. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, "mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". Bundan artıq nə ola bilər?"
Daha sonra qalib jurnalistlər mükafatlandırılıb. Bununla əlaqədar çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov əvvəlcə qalib jurnalisləri təbrik edib: "Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi müsabiqəyə təqdim olunan yazıların sayı ildən-ilə artır. O da xüsusi qeyd edilməlidir ki, müsabiqəyə təqdim olunan yazılar keyfiyyət baxımından da yaxşılaşır. Digər tərəfdən kəmiyyət baxımından da yazıların sayı çoxalır. Əvvəllər fərdi jurnalist müsabiqəsi yazısına 40-45 yazı təqdim olunurdusa, artıq belə yazıların sayı 100-ə çatır. Yəni, həm keyfiyyət, həm də kəmiyyət baxımından göstəricilərdə irəliləyişlər var. Yazıların əhatəsi baxımından da eyni sözləri demək olar. Belə ki, fərdi jurnalist yazıları müsabiqələrinə artıq 60-a qədər redaksiya qatılır".
Rəsmi hissə başa çatdıqdan sonra tədbirin bədii hissəsi başlanıb. İştirakçılar arasında Novruz Bayramının əsas xüsusiyyətlərindən biri olan yumurta döyüşü keçirilib və qalibə noutbuk təqdim olunub. Tədbirin bədii hissəsi tanınmış musiqiçilərin iştirakı ilə davam etdirilib.