|
|
|
|

Ön söz
28 May 1918-ci il. “Xalq bir gündə qərinələrin sevincini yaşadı”. Bu sözlər M.Ə.Rəsulzadənin – bütün şüurlu həyatını vətənin müstəqilliyi, millətin azadlığı, səadət və xoşbəxtliyi uğrunda mübarizəyə həsr etmiş bir vətən övladı, istiqlal fədaisinin ürək sözləri idi. Bu əsri sevinc asan başa gəlməmişdi. O, “üsulunu başqa mütərəqqi millətlərin elmi və ədəbi hərəkatından, ənənəsini Mirzə Fətəlilər, Həsənbəylər, 1905-ci il inqilabı ilə müvəqqəti istiqbal dövrünün milliyyətpərvər mühərrir və ədiblərindən, hərarətini əsrin ən qüvvətli və ən həyati məfkurəsini təşkil edən xalqçılıqdan, həyəcanını ən incə tellərə toxunan milliyyət hiss və duyğusundan” (M.Ə.Rəsulzadə) alan fədakar və məfkurəçi bir nəslin ölüm-dirim savaşının bəhrəsi idi. Milli müqəddəslərimizdən Üzeyir bəyin yazdığı kimi “müstəqil dövlətin yaranması çətinliklə əmələ gəldi. Bu istiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdılıb, minlərcə xanimanlarımız xaraba qoyulmuşdu”
İstiqlal hərəkatı bir nəslin deyil, nəsillərin arzu və istəklərinin, fədakarlıq və qətiyyətlərinin, səy və bacarıqlarının, öyrənmək istedadının bəhrəsi idi. M.Ə.Rəsulzadə bu keyfiyyətləri bir sözlə, istiqlal – deyə səciyyələndirib.
M.Ə.Rəsulzadənin əsərlərinin növbəti 5-ci cildinə onun Zaqafqaziya Seyminin iclaslarındakı (1918-ci ilin fevral-aprel ayları) əsas çıxışları, Batumdan Tiflis və Gəncəyə qayıtması və Gəncədə Milli Şuranın iclaslarındakı çıxışları, İstanbul səfəri və oradakı fəaliyyətini əks etdirən bəyanat, müsahibə və məktublarından sətirlər, 1918-ci il noyabrın 7-də Bakıya gəlişi haqqında xəbər, Milli Şuranın fəaliyyətinin bərpası və “Azərbaycan” qəzetində bununla bağlı dərc olunmuş yazılar, “Azərbaycan” qəzetində rəsmi əməkdaş kimi fəaliyyətə başlaması, “Müsavat” partiyasının işinin yenidən qurulmasında göstərdiyi fədakarlıq, Parlamentin iclaslarındakı çıxışlarından bəzi seçmələr, Azərbaycan hökumətinin daxili və xarici siyasəti haqqında “Azərbaycan”, “İstiqlal”, “Naş put” qəzetləri və “İstiqlal” məcmuəsində dərc olunmuş məqalələri, o cümlədən “Azərbaycan paytaxtı” və “Azərbaycan Cümhuriyyəti” və s. daxil edilmişdir.
Məlumdur ki, 1918-ci il fevralın 23-dən Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlardan və əlavə seçilmiş nümayəndələrdən ibarət Zaqafqaziya Seymi fəaliyyətə başlamışdı. Seymdə Azərbaycan siyasi partiyalarının 44 nümayəndəsi vardı. Zaqafqaziya Seyminin müsəlman fraksiyasının rəhbəri M.Ə.Rəsulzadə idi. 1918-ci il fevralın 23-dən mayın 26-dək fəaliyyət göstərmiş Seymin iclaslarında M.Ə.Rəsulzadə dəfələrlə mühüm əsas məsələlər və problemlər üzrə çıxışlar etmişdir. 1918-ci ildə Seymin stenoqrafik hesabatları ayrıca kitabça halında nəşr olunmuşdur. M.Ə.Rəsulzadənin bu iclaslarda rus dilində əsas çıxışlarını əsərlərinin bu cildində ilk dəfədir ki, həm ruscasını, həm də ana dilində tərcüməsini dərc edirik.
1919-cu il fevralın 17-də Bakıda “Müsavat” partiyasının rus dilində həftəlik “Naş put” (Yolumuz) adlı mətbuat orqanı nəşrə başlamışdı. Qəzetin 1919-cu ilin aprelinədək 10 sayı buraxılmışdı. Bu nömrələrdə M.Ə.Rəsulzadənin 4 əsəri dərc olunmuşdur. Onları da cildə daxil etmişik. Qeyd edim ki, bu mətbuat orqanı tədqiqatçıların diqqətindən də kənarda qalıb.
Bildiyimiz kimi, Xalq Cümhuriyyəti dövrü Azərbaycan tarixi salnaməsinə “Müsavat dövrü”, “Müsavat hakimiyyəti” kimi anlayışlarla daxil olmuşdur. Müsavatçılıq təkcə partiya deyil, həmçinin müstəqillik, azərbaycançılıq, müasirlik, dünyanın demokratik dövlətləri cərgəsində öz yerini tutmaq anlayışıdır. Rəsulzadənin bu dövr fəaliyyətinin əsasında 110 illik fasilədən sonra müstəqil Azərbaycan dövlətçiliyinin Azərbaycan adı ilə həqiqi demokratik parlament respublikası kimi bərpasına nail olmaq prinsipi dayanırdı. Azərbaycanın coğrafi məfhumdan dövlət məfhumuna çevrilməsi işində, Türk və İslam aləmində, hətta beynəlxalq miqyasda ilk demokratik cümhuriyyət kimi tanınması M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Müsavat” partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.
M.Ə.Rəsulzadə öz dövrünün cərəyan edən hadisələrinə yeni baxış nümayiş etdirirdi. Bu baxışlar indinin özündə də çox böyük elmi-nəzəri və tarixi əhəmiyyətə malikdir. Məsələn, M.Ə.Rəsulzadə 1918-1920-ci illəri “dövri-hürriyyət”, yəni azadlıq dövrü adlandırırdı. O, eyni adlı məqaləsində (“Azərbaycan” qəzeti, 14 mart 1920, №54) yazırdı: “Böyük Fransa inqilabı (1789-1793-cü illər inqilabından söhbət gedir. – Ş.H.) “hüquqi-bəşər”i elan eləmişdi. Böyük Rusiya inqilabı da (1917-ci il fevral inqilabı – Ş.H.) “hüquqi-miləl”i elan etdi”. M.Ə.Rəsulzadə bu yazıda 1905-1907-ci illər inqilabını rus yox, məhz Rusiya inqilabı adlandırmışdı. Eyni ilə 1917-ci il fevral inqilabını da təkcə rus yox, Rusiya zülmü altında əziyyət çəkən bütün xalqların inqilabı kimi səciyyələndirirdi. Rəsulzadə qeyd edirdi: “Rusiyada fevral inqilabına mütəaqib bir də oktyabr inqilabı (bolşevik xürucu) vaqe oldu ki, bu da artıq Rusiya degil, rus inqilabı idi... Nəticədə görüyoruz ki, Rusiya inqilabı bütün sabiq Rusiya xalqlarına şamil ikən, rus inqilabı yalnız ruslara şamil olunuyordu”. M.Ə.Rəsulzadənin bu dövr yazdığı məqalələrin mövzu dairəsi çox genişdir. Burada Azərbaycan hökumətinin, Azərbaycan parlamentinin fəaliyyətinə dair çox ətraflı, dəqiq təhlil və şərhlər verilir, hökumətin gördüyü işlər qiymətləndirilir, müstəqillik əleyhdarlarının təxribatçılıq fəaliyyəti çox kəskin və ciddi şəkildə ifşa olunurdu.
Məlumdur ki, bu dövrdə 23 ay fəaliyyət göstərmiş Azərbaycanın müstəqil dövlət hakimiyyətinin fəaliyyəti çox kəskin daxili və xarici şəraitdə cərəyan edirdi. Müstəqillik düşmənləri həddindən artıq çox idi. Müstəqilliyin ilk 6 ayında Azərbaycan hökuməti Qafqaz İslam Ordusunun varlığı şəraitində fəaliyyət göstərirdi. 1918-ci il noyabrın birinci yarısında Qafqaz İslam Ordusu Azərbaycanı tərk etdikdən sonra, noyabrın ikinci yarısında müttəfiq qoşunları Vətənimizə gəldi və 1919-cu ilin avqustunadək burada qaldı. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayın yalnız 8-ni xarici hərbi qüvvələrsiz fəaliyyət göstərmişdir. Bu cür mürəkkəb şəraitdə dövlətin müstəqilliyini qorumaq, onun 1920-ci ilin yanvarında Paris sülh konfransında müttəfiq dövlətlər tərəfindən tanınmasına nail olmaq M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan istiqlalçılarının nə qədər savadlı, dərin təfəkkürlü, vətənə sədaqətli fəaliyyət göstərmələrinin nümunəsidir.
Oxucular təqdim etdiyimiz əsərlərlə tanış olduqda özləri bunun şahidi olacaqlar. M.Ə.Rəsulzadənin Cümhuriyyət dövrü fəaliyyəti onun bir dövlət xadimi, siyasətçi kimi fəaliyyətinin əsas mərhələsini təşkil edir.
M.Ə.Rəsulzadə 71 il ömür sürmüşdür. Onun yalnız 32 ilini bilavasitə vətənində yaşamışdır. Bu müddətdə onun göstərdiyi nəhəng fəaliyyət Azərbaycan tarixinin qızıl səhifələrini təşkil edir. Bu dövr haqqında çox yazılıb, xeyli dissertasiya işləri müdafiə edilib. Əlbəttə, sovet dövründə yazılanların hamısı məlum ideoloji və siyasi amillər səbəbilə düşmənçilik, saxtakarlıq, böhtan və iftira ilə müşayiət olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə Rəsulzadə irsinə münasibət tam olmasa da dəyişib. Məqsədim M.Ə.Rəsulzadənin vətənindəki fəaliyyətini, xüsusilə onun dövri mətbuatda dərc edilmiş məqalələrini, imzası ilə dərc olunmuş sənədləri toplamaq və nəşr etdirməkdir. M.Ə.Rəsulzadənin Cümhuriyyət dövrünü əhatə edən əsərlərinin əlavə 2 cildini də hazırlayıram. 6-cı cild onun parlamentdəki çıxışları, 7-ci cild isə ədəbi-bədii və tərcümə əsərlərindən ibarət olacaqdır.
Zənnimcə bu əsərlər tariximizin bu möhtəşəm dövrünün tədqiqi və təbliğində ən möntəbər mənbələrdən sayıla bilər.
Əsərləri
V cild
(1918 – aprel 1920)
Məhəmməd Əmin
Rəsulzadə
Azərbaycan İstiqlalını
Mübəyyin Əqdnamə
Böyük Rusiya inqilabının cərəyanında dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqasiyanın rus orduları tərəfindən tərkini mucib bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndi qüvvəyi-məxsusələrinə tərk olunan Zaqafqasiya millətləri, müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqasiya Qoşma Xəlq Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqasiya Qoşma Xəlq Cümhuriyyəti cüzindən çıxıb da müstəqil Gürcü Xəlq Cümhuriyyəti təsisini səlah gördü.
Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarşi cənub-şərqi Zaqafqasiyadan ibarət bulunan Azərbaycana dəxi bulunduğu xarici və daxili müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor.
Buna binaən arayi-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurayi-milliyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki:
1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi, Cənubi-Şərqi Zaqafqasiyadan ibarət Azərbaycan dəxi kamilülhüquq müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xəlq Cümruhiyyəti olaraq təqərrür ediyor.
3. Azərbaycan Xəlq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcivar olduğu millət və dövlərlərlə münasibati-həsənə təsisinə əzm edər.
4. Azərbaycan Xəlq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər.
5. Azərbaycan Xəlq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.
6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul hökuməti-müvəqqətə durur.
Bu əqdnamə 1918 sənəsi Mayıs ayının 28-də Tiflisdə elan olunmuşdur.
“İstiqlal” məcmuəsi, 28 Mayıs 1919, №1
Qeyd: 1918-ci il mayın 11-dən M.Ə.Rəsulzadə Zaqafqaziya Seymi nümayəndə heyəti tərkibində Osmanlı Türkiyəsı ilə sülh danışıqlarında iştirak edirdi. Bu danışıqlar da Trabzon danışıqları kimi bir nəticə vermirdi. M.Ə.Rəsulzadənin yazdığı kimi “Batum müzakiratı uzun sürmüş, gürcülər artıq Zaqafqasiya hökumətində qalmağı kəndi hesablarına zərərli görərək əl altından Almaniya ilə anlaşmışlardı”. Mayın 25-də nümayəndə heyətinin rəhbəri Noy Jordaniya Batumu tərk edərək Tiflisə döndü. M.Ə.Rəsulzadə gürcülərin birtərəfli istiqlal elanı etmək planlarından xəbərdar idi. O, türklərlə ikitərəfli danışıqlar aparmaq üçün Batumda qalaraq elə mayın 25-də Nəsib bəy Yusifbəylini də təcili Tiflisə yola saldı. N.Yusifbəyli Tiflisdə Seymdəki müsəlman fraksiyasını toplayaraq fraksiyanın rəhbəri M.Ə.Rəsulzadənin məktubunu onlara oxudu, o cümlədən “İstiqlal Bəyannaməsi”nin mətni ilə onları tanış etdi. Mayın 26-da gürcülər Seymdən çıxıb öz müstəqilliklərini elan edən gün müsəlman fraksiyası Seymin buraxılması ilə əlaqədar kəndilərini Azərbaycan Şurayi-Millisi elan edərək 2 gün sonra Mayısın 28-də dəxi Azərbaycanın istiqlalını elan etmişlərdi”.
Beləliklə, Azərbaycan Milli Şurasının və Azərbaycanın müstəqilliyinin elanı məsələsi mayın 26-da Seymin müsəlman fraksiyasında müzakirə edilmiş və iki gün sonra mayın 28-də İstiqlal Bəyannaməsi elan edilmişdir. Bütün bunlar 1919-cu ildə Cümhuriyyətin bir illik yubileyi münasibətilə M.Ə.Rəsulzadənin hazırladığı “İstiqlal” toplusundakı “Azərbaycan Cümhuriyyəti” məqaləsində verilib. Azərbaycan Milli Şurasının protokollarında isə bu tarix mayın 27-si kimi göstərilir.
M.Ə.Rəsulzadənin Batumdan N.Yusifbəyli ilə göndərdiyi və Milli Şurada oxunan məktubu, onun teleqramı 2006-cı ildə nəşr olunmuş sənədlər toplusunda yoxdur. Xüsusi qeyd edilib ki, “işdə yoxdur”. Niyə yoxdur? Axı olub. Məsələnin araşdırılması vacibdir.
M.Ə.Rəsulzadə 1929-cu il mayın 28-də Cümhuriyyətin 11-ci il dönümü münasibətilə “Odlu Yurd” məcmuəsində dərc edilmiş “Bu günün ilhamı” sərlövhəli məqaləsində yazırdı:
“İslam dünyasında ilk dəfə olaraq təəssüs edən bir Türk Cümhuriyyətinin istiqlalını təsbit etmiş 28 May Bəyannaməsi... Böyük Fransız ixtilalı, Böyük Amerika istiqlal hərbi, Böyük Almaniya istixlası, Böyük İtalyan ittihadı kibi hürriyyət və milliyyət hərəkatlarında əsas təşkil edən və nəhayət, Vilsonun 14 maddəsində yer bulan və Millətlər Cəmiyyəti fikrinin əsasını təşkil edən böyük fikir müqtəziyatının Azərbaycan xüsusiyyətilə imtizac etdiyini göstərən bir vəsiqədir.” (“Odlu Yurd”, 28 may 1929, №4, səh.118-121)
Milli Şuranın 1918-ci il Mayın 28-də Tiflisdə elan edilmiş İstiqlal Bəyannaməsinin müəllifinin Milli Şura sədri M.Ə.Rəsulzadə olduğu heç bir şübhə doğurmur.
Adı çəkilən “Bu günün ilhamı” məqaləsini də oxuculara təqdim edirəm – Ş.H.
Bu günün ilhamı
28 MAY!.. İştə idealist Azərbaycan nəslinə ilham verən bir gün!.. Hürriyyət və istiqlal günü!
Əsrin ən qiymətli şüarını təşkil edən milliyyət prinsipi və milli istiqlal haqqında bilistifadə bundan 11 il əvvəl kəndi istiqlalın elan edən Azərbaycan xalqı 28 May Bəyannaməsilə bir milliyyət olaraq əsrlərdən bəri təəzzüv edən və sənələrdən bəri genişlənərək nəhayət, siyasi şüur və milli ehtiyac halına gələn davasını təsbit ilə mədəni millətlər ailəsi içində bir millət olaraq yaşamaq əzmində olduğunu bütün cahana elan etdi.
Bu gündən etibarən 28 May Azərbaycan xalqının həyatında siyasi ən mühüm bir amil oldu.
Hər hansı bir müəssisədə olduğu kimi, fıkir müəssisələrinin də sənəlik blanço günləri var. 11 sənədən bəri milli Azərbaycan fıkri yaşadığı həyat blançosunu 28 Mayda yoxlar və kəndi ilhamını bu tarixi gündən alır.
28 May, müasir Azərbaycan cəmiyyətinin dahi Mirzə Fətəlilə başlayan milli tərəqiyyat və harsi inkişaf seyrini icmal edərək, ona yaşadığımız milli istiqlal məfkurəsilə məşbu böyük dövr ilə mütənasib bir şəkil və istiqamət vermişdir;
Bu şəklin hansı ümidlərə istinad etdiyilə bu istiqamətin hansı hədəflərə doğru getdiyini bilmək istəyənlər ilk səhifəmizdəki Bəyannaməni oxusunlar. Bu Bəyannamə milliyyət, cümhuriyyət, demokratik və müasirlik kimi dörd böyük rüknün üzərinə qaim bir fikir mənzuməsindən mülhəmdir.
Öylə bir ilham ki, bu gün ən Uzaq Şərqdəki Çindən tutmuş, Qərbin ən son nöqtəsindəki İrlandiya, cənubdakı Hindistandan tutmuş Şimaldakı fin kaymalarına qədər dünyanın hər tərəfindən böyük hərəkətlər yaradır, insan kütlələrini xətir və xəyala gəlməyən bir enerji ilə tərəqqi və inkişaf yoluna sövq edir.
18-ci əsrin sonları və 19-cu əsrin əvvəllərindən etibarən mədəniyyət dünyası tarixində ən böyük rol oynayan bu ilham verən fıkir, milliyyət ümdəsi, 20-ci əsrin hülulu ilə daha ziyadə qüvvət almış, Avropa və Amerika hüdudunu aşaraq, Yaxın və Uzaq Şərq məmləkətlərini dəxi kəndi təsirilə sarmışdır.
Cahanı içindən gəmirən təzadların zəruri çarpazlaşmasından vücuda gələn böyük müharibə əsasında bu böyük qüvvətin icra etdiyi təsiri gördük. Cahan hərbi kəndisini doğuran böyük təzadları tamamilə həll edəmədi. Bu, tamamilə həll edilməyən məsələlər miyanında milliyyət məsələsi də var. Fəqət bu məsələ tamamilə həll edilməmişsə də, qismən həll olunmuş, qismən də həlli önünə keçilməz bir inad və israrla vəz edilmişdir. Bu üzərində israr edilən məsələlərdən biri də 28 Mayda vəz olunan Azərbaycan məsələsidir.
İslam dünyasında ilk dəfə olaraq təəssüs edən bir türk cümhuriyyətinin istiqlalını təsbit etmiş 28 May Bəyannaməsi, Böyük Millət Məclisinin Türkiyə Cümhuriyyətinin hürriyyət və istiqlalını təzəmmün edən “Misaqi milli” növündən bir vəsiqədir. Bu vəsiqə, böyük Fransız ixtilalı, böyük Amerika istiqlal hərbi, böyük Almaniya istixlası, böyük italyan ittihadı kibi hürriyyət və milliyyət hərəkatlarında əsas təşkil edən və nəhayət, Vilsonun 14 maddəsində yer bulan və Millətlər Cəmiyyəti fikrinin əsasını təşkil edən böyük fikir müqtəziyatının Azərbaycan xüsusiyyətilə imtizac etdiyini göstərən bir vəsiqədir.
Milli istiqlal davası mədəni millətlər ailəsi miyanında kəndinə məxsus bir evə, bir yuvaya malik olmaq davası deməkdir. Cahan millətlərindən mühüm bir qismi bu sərih haqqına malik deyildir. Bunlardan bir qismi bu haqqını qazanmaq, bir qismi də onu idarə etməklə məşğuldur. Azərbaycan xalqı ikinci növə daxildir.
Əvət, 11 sənə əvvəl biz bu haqqımızı iqtisab etmiş, kəndi yuvamızı qurmuş, kəndi həyatımızı kəndimiz idarəyə başlamışdıq. Bizim böylə bir haqqa malik olduğumuzu və özümüz-özümüzü idarəyə layiq olduğumuzu mədəniyyət dünyası da qəbul eyləmiş, Azərbaycan Cümhuriyyətinin iştiqlalı böyük dövlətlər tərəfindən dəxi tanınmışdı.
Fəqət, sözdə millətlərin kəndi müqəddəratlarını bizzat hələ haqlı olduqlarını qəbul edən bolşeviklər, işdə təvarüs etdikləri rus imperializminin ənənəsinə sadiq qalaraq, o zamankı siyasi vəziyyətdən istifadə edərək böyük bir qüvvə ilə Azərbaycan hüdudunu keçərək hürriyyət və istiqlalımıza təcavüz etdilər, milliyyət, cümhuriyyət və demokrasi ümidlərini təhqir ilə milli müqəddəsatımızı kirli ayaqları altında çeynədilər.
Onlar bu ani zərbə ilə həyatı durdurmaq, tarixi çevirmək istədilər. Fəqət bihudə!..
Tətbiq olunan bütün məzalimə, təcrübə olunan şeytani sistemlərə rəğmən, Azərbaycan həyati-müstəvili bolşevizmin deyil, xilaskar millətçiliyin hədəfi üzərində inkişaf etməkdədir. Kommunizm ixtilalının ixfal şüarları ilə aldadılaraq mücadilə həyatına cəlb etdiyi xalq kütlələri həqiqi əsasdan ari olub, xəyallar üzərində qurulan sistemin iflası nisbətində tarixin təbii yolundan getməyi bolşeviklərə rəğmən öyrənir, milli müqavimət gündən-günə qüvvətlənir. Qismi-məxsusumuzda təsbit edildiyi kimi, millət başına çökən bu kabusa müsəlləh qiyamlar, siyasi mücadilələr və harsi müqavimətlərlə qarşı gəlir.
Belə ki, müqəddəs cidalın 11-ci ildönümünə aid blançonu yaparkən bax nələri qeyd edə biliyoruz:
Köylülər əkin sahələrini azaldır, hökumətə ərzaq satmaq istəmirlər; sovet seçkiləri bolşeviziyada hökmfərma olan o müdhiş terrora rəğmən, sovet əleyhində bir nümayiş şəklinə girir. Kommunistləri öldürürlər, komisiyonları basırlar, köylü kommunistlərin verdiyi vərəqdəkiləri deyil, öz adamlarını seçdirmək istəyir.
Gənclər milliyyət ruhu ilə mütəhəssisdir. Bu ehtisas gəncliyə qarşı tətbiq olunan təqibat sistemilə məkusən mütənasib olaraq artır. Komsomollar belə milliyyətçi olurlar. Nə sürgünlər, nə həbslər, nə də qətllər bu gəncliyi milli məfkurəyə məcburiyyətdən qopara bilmir. Böyük qafilə şəklində Şimali Rusiyaya sürülən mücahidlər “Yaşasın Azərbaycan!” – deyə vaqonlara atılır və arxasınca ağlayan gəlinə “türk qızı ağlamaz!” bağırırlar!..
İstiqlal qüvvəsi gün keçdikcə sistemin həyatın canlı qüvvətlərilə mücadilədə olduğunu görür və öz istinad etdiyi qüvvələrdən də şübhələnməyə başlayır. Nəticədə biz qızıl ordu nəfərləri arasında dəxi həbslər, sürgünlər və qətllər icra edildiyini xəbər alırıq. Duyuruq ki, kommunistlər hələ silahlarından təcrid olunurlar.
Əvət, zaman milli istiqlal fikrinin lehinə işləyir. Qəlblərini bu qayəyə bağlayan və cəhdlərini bu uğurda sərf edən azərbaycanlılar hər sənə 28 Mayda keçdikləri cidal yolunu seyr edir, hədəfə varacaq məsafəni tədqiq edirlər. Hərəkatın aktiv və passivini ölçərək illik blançonu yapdıq-dan sonra yeni bir qüvvət və ilham ilə mücadiləyi davam etdirirlər!
Bu gün bizə nə ilham ediyor? On bir illik mücadilə nəticəsində nə görürük?
Mücadilə əzm və iradəsi mətinləşən bır millət görürük ki, hər dürlü maneələrə rəğmən, bir dəfə təsbit olunan böyük hədəfə doğru durmadan yürüyür. Cahan tarixinin təcrübəsindən, milliyyət fikrinin qüvvətindən və türkün əzəli qabiliyyətindən ilhamlanan bu yürüş rnütləqa zəfərə nail olacaq, bu gün “Çeka”nın qapalı zirzəmilərində, Sibiriyanın günəş görməyən tunduralarında, mühacirətin səfalət və məhrumiyyətə dolu şəraiti daxilində hürriyyət, istiqlal və vətən eşqi və həsrətilə döyünən həzin qəlblər, çox çəkməz vətənin ağuşunda yerləşər, istiqlal və hürriyyət bayramını müzəffər bir surətdə qeyd edərlər!
Hər 28 Mayı dərk etdikcə biz arzuladığımız günə bir az daha yaxınlaşdığımızı hiss edir, bu böyük gündə çarpan qəlblərin müştərək duyğusundan qüvvət və ilham alaraq yeni həmlələrlə yolümuza davam edəriz!
Bəli, vətəndaşlar, yürüyəlim, durmadan, yorulmadan, sarsılmadan daim yürüyəlim, məqsədə çatacağımız gün yaxınlaşır!..
İştə bü günün ilhamı, onu həqiqətə çevirəlim!
“Odlu Yurd”,
28 may 1929, № 4
Təəzzüv – danışılan
Məşbu – doymuş
Müqtəziyat – lazımi şeylər
İmtizac – uyğunluq
Təvarüs – varies olma
İxfal – gizli, örtülü
Məkus – bir şeyin tərsi, əksi
M.Ə.Rəsulzadənin öz səsilə 1953-cü ilin 28 Mayında
“Amerikanın səsi radiosu”ndan Azərbaycana xitabı
Əziz vətəndaşlarım!
“Amerikanın səsi” radiosunun verdiyi imkanlardan istifadə edərək, bu gün, Azərbaycan tarixinin ən böyük günü olan 28 Mayısda, Sizlərə xitab edirəm. 100 il sürən çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayi-Millisi Azərbaycan Cümhuriyyətinin istiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılmışdır. Mədəni bütün bir tərəkəyə (mirasa) malik olan Vətənimiz siyasət sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı XIX əsrin başlanğıcında Rusiya çarlığına qarşı yapılmışdır. 30 il qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad xanın 1804-də Gəncədəki Şanlı qəzası dillərdə dastandır. “Ölmək var, dönmək yoxdur!” Bu, həqiqi vətənpərvərlərin tətbiq etdikləri ən müqəddəs şüardır.
28 Mayıs 1918-ci ildə istiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda o, zəmanəyə hakim olan əsrin böyük şüarından istifadə edirdi. “Hər millət öz müqəddəratını özü həll etməyə səlahiyyətdardır” düsturunu xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi.
İstiqlal elanı üzərində qurulan milli Azərbaycan hökuməti az zamanda məmləkətdə çox böyük işlər gördü:
100 ildən bəri əsgərlikdən mən edilən Azərbaycanda bir ordu yaratdı;
Çarlıq zamanında dövlət idarəsinə yaxın buraxılmayan azərbaycanlılardan zabit və əmniyyət qüvvələri vücuda gətirdi;
Sosial sahədə əsaslı islahata girişdi;
Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı;
Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı;
Xalqı az zamanda oxutmağa başladı;
Türkcəni dövlətin rəsmi dili elan etdi;
Orta və ali məktəblər açdı;
Qərbi Avropa demokratiyaları tipində xalq nümayəndələri cavabdeh bir hökumət üsuli-idarəsi yaratdı;
Hakimiyyət Milli Məclisinin əlində idi. Parlamentodan etimad almadıqca heç bir hökumət iş başında qala bilməzdi;
Məmləkətdə tam bir azadlıq vardı;
O zaman indi sovet zamanında olduğu kimi terror deyilən şeydən bir əsər yoxdu;
Şəxslər də, məskənlər də əmin və amanda idi;
Vətənin qapıları indi olduğu kimi bütün dünyaya qapalı deyildi. Hər azərbaycanlı istədiyi zaman hara istərsə gedərdi;
Qonşu və Avropa dövlətləri ilə dostluq münasibətləri təsis edilmişdi;
Bütün millətlərlə alış-veriş vardı;
Bütün bunların nəticəsində idi ki, Cümhuriyyətimizin istiqlalı Avropa dövlətləri ilə Birləşik Amerika tərəfindən tanındı. Onları təqibən böyük bir çox dövlətlər də istiqlalımızı tanıdılar.
Türkiyə ilə İran Azərbaycanla münasibətə gəldilər. Aralarında dostluq və qardaşlıq müqavilələri imzalandı.
12 yanvar 1920-ci il Cümhuriyyətin dövlətlər tərəfindən tanınması günü idi.
Bu günü Azərbaycan xalqı candan bayram etdi. Haqlı idi. Bu, həqiqətən böyük bir bayramdı. Çünki bu gündən etibarən Azərbaycan davası Rusiyanın bir iç məsələsi olmaqdan çıxmış, millətlərarası bir məsələ olmuşdur.
Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşdi və bu iləri dünya demokratiyası tərəfindən təqdirlə qarşılandı. 100 ildən bəri üstümüzə çökən istibdad və istila artıq bizdən uzaqlaşdı.
Heyhat! Qədər imtahanları tamam deyildi. Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Beləcə istiqlalımız qızıl istilaçıların ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl, 28 aprel Sovet propaqandaçıları bu qanlı istila hərəkatını sizə azadlıq və istiqlal hadisəsi kimi göstərdilər.
Sözdə sizə dünyanın ən azad və demokrat rejimi kimi qələmə verilən sovet quruluşu işdə qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız, bunun nə qədər doğru olduğunu gözünüzlə görərdiniz.
Azadlığımızı əlimizdən alanlar millətdən qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar. Azadlıq elan etsinlər. Edə bilməzlər! Çünki ağla-qara meydana çıxar. Onlar şəbpərə kimidirlər, günəşdən qaçarlar.
Azərbaycan, onunla bərabər bütün Qafqasiya Cümhuriyyətləri həqiqi azadlıq və istiqlalına 1918-in Mayısında qovuşdular. 1920-ci ildə isə bu azadlıq və istiqlal qızıl rus ordusu tərəfindən üstün qüvvələrlə, qanla və atəşlə basdırıldı. Faciələr və qəhrəmanlıqlarla dolu olan bu mücadilədə on minlərlə vətəndaş şəhid oldu. 1920-ci il istilasına qarşı 1918 istiqlal haqqını müdafiə edən Qafqasiya millətləri indi 33 ildir ki, müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alan bu mücadilədə vaxtilə yalançı kommunist şüarlarına aldanan, yol azmış bəzi vətəndaşlar belə, bu gün həqiqi milliyyətçilər və vətənpərvərlər cəbhəsinə keçmişlərdir. Yabançı istilası üzərinə əcnəbi məmləkətlərə çıxmış olan Qafqasiya emiqrantları milli istiqlal davasını mədəni dünya əfkari-ümumiyyəsinə anlatmaqdadırlar. Bu vəzifəni ifadədə nə kimi müşküllərə uğradığımızdan bəhs etmənin burada yeri deyildir. Bu qədər demək lazımdır ki, sovetlərdə kommunist rejiminə düşən millətlərin hər dürlü haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halına gəldiyini azad dünyaya anlatmaq çox çətin olmamışdır. Şükür ki, hadisələr bizə kömək edir. Dünya Sovet həqiqətini görməyə başlayır. Səkkiz ildən bəri hərbi bitirmişkən sülhə qovuşa bilməyən dünya artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər müəzzəm bir dövlət halında ayaqda durduqca və dünya inqilabı atəşi ilə yandırmaq könlündən keçdikcə yer üzündə heç bir zaman sülh və asayiş buluna bilməyəcəkdir.
Azadlıq cahanşümul bir fikirdir. “Bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz”.
1918 Mayısındakı tarixi qərarları ilə azad millətlər cəbhəsində yer alan Qafqasiya millətlərinin müqəddəratları azad millətlərin müqəddəratları ilə bağlanmışdır.
Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanın bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür, amma onun ikiüzlü sistemi – stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikcə dünya həqiqətləri ilə daha çox qarşılaşmaqda, həqq ilə batil, yalan ilə doğru üz-üzə gəlməkdədir. Şübhəsiz ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqqlarını tutan tərəf qalib gələcəkdir.
Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz Vətənimizdə 1918-ci ilin 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz.
Vətəndaşlar! Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı Vətən ayrısı bizlərdən, orada hər türlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqi ilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişi ilə dilə gətirirəm:
“Sən bizimsən, bizimsən, durduqca
bədəndə can.
Yaşa, yaşa, çox yaşa, ey, şanlı
Azərbaycan!”
“Azərbaycan” jurnalı, 1984, №247
Ankara



