Yaşadığımız həyat, keçirdiyimiz zaman bəşəri ideyaları necə və hansı formada mənimsəməyimizdən asılıdır. Hansı ki, bu ideyalar xalqların liderləri tərəfindən cəmiyyətlərə təqdim olunur və o, bu ideyaların reallaşması üçün konkret yollar göstərir.
Xoşbəxt xalqıq ki, bəxtimizə və taleyimizə dövlətimizi bəlalardan xilas edib, dünyəvi inkişaf yoluna çıxaran Ulu öndər Heydər Əliyev kimi liderimiz var. Məhz Ulu öndərimiz Heydər Əliyev yaxın silahdaşları, əqidə dostlarının dəstəyi ilə Azərbaycanı müstəqilliyimizin ilk illərində mövcud olan xaos və anarxiyadan xilas edib, dünyanın ən qüdrətli, güclü dövlətlərindən birinə çevirdi.
Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsünə qoşulanlardan biri olan, Birinci Qarabağ müharibəsi veteranı Rüstəmov Arif Kamil oğlu 1990-1993-cü illərdə ölkədə hökm sürən ağır, məşəqqətli dövr barədə dərin təəssüf dolu fikirlərini bölüşərkən bildirir ki, o dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi, ölkəni idarə edə bilməməsi səbəbindən Azərbaycan hətta parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı: "O zaman güclü siyasi liderə və təşkilatlanmış qüvvəyə ehtiyac vardı. Bu güc Ulu öndər Heydər Əliyevin liderliyi altında təşkilatlanmış qüvvə - Yeni Azərbaycan Partiyası oldu. Bizlər Ulu öndərimiz Heydər Əliyevə yeni siyasi partiya yaradıb xalqı bu partiyanın bayrağı altında birləşdirməyə çağırdıq. Bununla bağlı ölkə ziyalıları Ulu öndərimiz Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da Ulu öndərimizə ünvanlanan ziyalıların müraciətinə 24 oktyabrda "Səs" qəzetində Heydər Əliyev "Müstəqil Yeni Azərbaycan uğrunda" başlıqlı yazı ilə cavab verdi".
A.Rüstəmov deyir ki, YAP-ın yaradılmasında ciddi təşviş və qorxu keçirən AXC-Müsavat iqtidarı 4 oktyabrda Naxçıvanda dövlət çevrilişinə cəhd etdi: "Onlar Naxçıvanda hakimiyyəti zəbt edib, Heydər Əliyev ətrafında birləşən insanları qorxutmaq, mübarizələrindən çəkindirmək istəyirdilər. Ancaq istəkləri baş tutmadı, bizlər bir yumruq kimi Ulu öndərin ətrafında daha da sıx birləşərək, təhdid və təzyiqlərin qarşısını aldıq".
Arif Rüstəmov: "Ulu öndərin müdafiəsi ilə bağlı Ali Sovetin qarşısında keçirilən mitinqlərə o zaman uşaq olan övladlarımla qatılmışam"
A.Rüstəmov bidirir ki, o zamankı hakimiyyətin qoluzorlu dəstəsinin qeyr-sivil əməllərinə və hərəkətlərinə baxmayaraq, Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində mübarizə davam etdirildi: "1992-ci il noyabrın 21-də Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın Naxçıvanda təsis konfransı keçirildi. YAP-ın yaranması ilə onun sıralarına ən nüfuzlu şəxslər, ziyalı və vətənpərvər insanlar toplaşdı. Bundan sonra partiyanın ölkənin hər bir bölgəsində təşkilatları yaranmağa başladı. YAP-ın yaranmasının tarixi zərurət, sosial sifariş olduğunu deyən A.Rüstəmov onu da qeyd edib ki, əhalinin axın-axın partiyanın sıralarına qoşulması o zamankı hakimiyyəti daha ciddi-cəhdlə Heydər Əliyevi sevənlərə qarşı represiyyalar aparmağa sövq edirdi: "Dəfələrlə mən, Murtuz Ələsgərov, Səfyar Musayev, Misirxan Vəliyev mərhum general Rasim Musayev, Xeyrulla Hümbətov, Ramiz Abbasov Ulu öndər Heydər Əliyevin müdafiəsi ilə bağlı keçirilən mitinqlərdə o zamankı hakimiyyətin qəzəbinə tuş gəlmişik. Bir neçə dəfə məni polis bölməsinə apararaq 10-15 gün azadlıqdan məhrum ediblər. Ancaq bu kimi təzyiqlər məni haqq və ədalət uğrunda apardığım mübarizədən çəkindirmədi. Əksinə, daha böyük fəallıqla Ulu öndərimiz Heydər Əliyevin Naxçıvandan Bakıya gələrək Azərbaycanı düşdüyü ağır problemlərdən, xaos və anarxiyadan xilas etmək işində dəstəyimi davam etdirdim. Xoşbəxtəm ki, Ulu öndərimiz Heydər Əliyevə teleqram vururaq ondan Bakıya gələrək xalqı üzləşdiyi bəlalardan xilas etməyi xahiş edən insanlardan biri də mən olmuşam. Bununla bağlı "Səs" qəzetində bir neçə dəfə məqalə ilə çıxışlar da etmişdim. Həmin qəzetin 30 aprel 1992-ci il sayında yazırdım ki, "Heydər Əliyevin Azərbaycana birinci şəxs kimi gəlməsi nəinki Qarabağ müharibəsinə, hətta daxili hərc-mərcliyə son qoyar. Bu, mənim qənaətimdir".
YAP-ın veteranı onu da bildirir ki, Ulu öndərin müdafiəsi ilə bağlı Ali Sovetin qarşısında keçirilən mitinqlərə o zaman uşaq olan övladları ilə qatılıb: "Dahi öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinə qarşı qoyulan qadağanın - 121-ci maddənin ləğv olunması tələbilə Ali Sovetin qarşısında keçirilən mitinqlərdə oğlanlarımla birgə iştirak etmişik, süni qadağanın ləğv olunmasını tələb etmişik. Mitinqlərdə azyaşlı övladlarım dahi öndərimiz Heydər Əliyevin portretlərini başları üzərində qaldırıb "Azərbaycanın xilası Heydər babanın hakimiyyətə gəlməsindədir", "Heydər baba, biz səni dəstəkləyirik" və digər bu kimi şüarlarla çıxış edirdilər. Bu gün həmin uşaqlar Daxili işlər orqanlarında Ulu öndər Heydər Əliyevin qurucusu olduğu, Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan dövlətinə şərəflə və qürurla xidmət edirlər".
Sirlər tədricən açılır, qaranlıq nöqtələrə gün işığı düşür
Söhbətimiz zamanı Birinci Qarabağ müharibəsi veteranı Arif müəllim Azərbaycan ordusunun uğurlu hərbi qələbələrindən də danışır. Deyir ki, XXI əsrin ən qanlı müharibəsinin ən qısa zamanda qalibi olan Azərbaycan xalqının bir yumruq kimi birləşib müdrik Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə göstərdiyi şücaət böyük qəhrəmanlıqdır: "Cəmi 44 gün ərzində dünyanı heyrətə gətirən döyüş taktikasının və uğurlu hərbi əməliyyatların aparılmasında lider amili çox vacib şərtlərdən idi. Qarabağda əldə olunan parlaq qələbə ilə Ali Baş Komandan İlham Əliyev təkcə Azərbaycan xalqı arasında, cəmiyyətdə deyil, beynəlxalq ictimai rəydə də nüfuz qazandı, öz dəsti-xətti ilə şərəfli tarix yazdı".
Hazırda 70 yaşını qeyd etməklə kamillik zirvəsinə yüksələn Arif müəllim YAP-ın yaranmasından, keçdiyi şərəfli, qürurverici tarixindən sevə-sevə danışır. Deyir ki, bu gün xalqın partiyası olan YAP Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında gündən-günə inkişaf edir: "Dahi öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin sədrlik etdiyi YAP ötən zaman kəsiyində öz fəaliyyətini uğurla davam etdirir. Əminəm ki, YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha da inkişaf edəcək və müstəqil Azərbaycanın dövlətçilik tarixinə yeni-yeni zəfərlər yazacaq".
"Uzun müddət siyasi çevrələrdə, mətbuatda görünmədiniz, səbəb nə idi" sualımıza qocaman partiya veteranı sağ əlini nurani simasında bərq vuran alın qırışlarına gəzdirib, pıçıltı ilə "laqeydlik və etinasızlıq" deyə bildirdi. Sonra da əlavə etdi: "Məqsədli şəkildə 35 il məni kölgədə saxladılar. Ancaq YAP-ın 7-ci qurultayında Prezident İlham Əliyevin tarixi çıxışı və partiyada aparılan geniş kadr islahatları məni Ulu öndərimiz Heydər Əliyevlə olan o tarixi duyğusal anları yenidən xatırlamağa və olub keçənlərə bir daha nəzər yetirməyə həvəsləndirdi. Qurultayda Ulu öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin dediyi "1993-cü ilin oktyabr ayında Heydər Əliyevin Prezident seçilməsi ilə ölkəmizin böhrandan çıxma prosesi başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu bilməlidirlər. O tarixi yaşayanlar öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Müstəqillik tariximiz məhz ondan başladı" fikirləri mənim həyatımda 35 il əvvəl yaşanan hadisələri, xüsusilə YAP-ın yaranmasından, dahi öndərimiz Heydər Əliyevlə Naxçıvanda və Bakı şəhərində olan söhbətlərimizi danışmağa sövq etdi. Bir növ sirlər tədricən açılır, qaranlıq nöqtələrə gün işığı düşür. Bununla bağlı fikirlərimi və təəssüratlarımı Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevə də məktub şəklində göndərmişəm. Əminəm ki, dövlətimizin başçısı fikirlərimi dinləmək üçün məni qəbul edəcək. İnanıram ki, partiya və dövlət qarşısında xidmətlərimi dövlətimiz layiqincə qiymətləndirəcək".
İ.ƏLİYEV
SİA.az