Tofiq Abdinin ölümü məni ölüm mövzusuna bir də qaytardı. Doğrusu, bu mövzudan aralanmamışdım da – gecə-gündüz canında daşıdığın bir varlıqdan... yox, düz demədim, yoxluqdan necə aralanasan? Üstəlik də, ölüm mövzusuna gəlib çıxandan sonra dünyada bundan ayrı bir mövzu, bundan özgə bir mətləb olmadığını anlayırsan. Anlayırsan: hər canlının gövdəsini torpağın üstündə dik saxlayan bir güc var – onun adına elmin dilində “özünüqoruma instinkti”, elin dilində “qorxu” deyirlər. Qanırsan: hər qorxunun bir qaynağı var – ölüm. Görürsən: hər ölümlü varlığın tək bir diləyi var – ölməmək, olduqca olmaq, durduqca durmaq, diriliyə çatmaq.