“Məcburi köçkünlərin işğaldan azad olan torpaqlara qayıtması üçün sistemli və ardıcıl addımlar atılır”.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu torpaqlarda infrastrukturun dağıdılması barədə litvalı həmkarını məlumatlandırıb.
“Həmin ərazilər 30 il ərzində minalarla çirkləndirilib. Azərbaycanın və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan mina xəritələri verməkdən boyun qaçırır və hərbi cinayətini davam etdirir. 10 noyabrdan bəri mina partlayışı nəticəsində 22 nəfər həlak olub, 100 nəfər yaralanıb. Ermənistana təzyiq artırılmalıdır. Dünya dövlətləri, beynəlxalq təşkilatlar buna səssiz qalmamalıdır”, - deyə XİN başçısı vurğulayıb.
“Üçtərəfli bəyanatların icrası istiqamətində müsbət işlər görülüb”.
O qeyd edib ki, Azərbaycan tərəfi bütün öhdəliklərini məsuliyyətlə yerinə yetirir və noyabrın sonunda hərbi əsirlərin mübadiləsi başa çatıb:
“Ötən il noyabrın sonunda xüsusi əməliyyat nəticəsində Azərbaycan ərazisinə qeyri-qanuni keçən 62 nəfər tutulub. Onların əməlləri ilə bağlı araşdırmalar davam edir. Onların əməllərinə hüquqi qiymət veriləcək. Bütün bunlar litvalı nazirin diqqətinə çatdırılıb”.