"Azərbaycanın səfirliklərinə və diaspor nümayəndələrinə qarşı radikal hərəkətlər edilir. Belə aksiyalardan biri Los Ancelesdə keçirildi. Bunu qətiyyətlə pisləyirik. Ermənistanda hüquqi nifrət zəminində çıxışlar, çağırışlar çoxdur".
525.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Ermənistanda Azərbaycanla münasibətlərin normallaşması üçün çağırış edənlər təhqir olunur, belə çağırışı edənlər xəyanətkar adlandırılır:
“Yalan və saxta miflər üzərində qurulmuş bu addımlar təhlükəlidir. Biz artıq xəstəlik səviyyəsinə çatan dözümsüzlük kampaniyasının şahidi oluruq”.
“Bir sıra Avropa ölkələri postsovet məkanındakı münaqişələrə eyni yanaşmırlar, selektiv yanaşma göstərirlər. Biz bu məsələ bu gün litvalı həmkarımla da müzakirə etdik”.
O, litvalı həmkarına münaqişə ilə bağlı məsələləri Ermənistanın qarşısında qaldırdığı üçün təşəkkür edib.
“Bəzi ölkələrdən obyektiv yanaşma görürük, onlar hər iki tərəfdən mövqe öyrənir. Biz bütün beynəlxalq təşkilatları minalarla bağlı məlumatlandırmışıq. Biz Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərlə bağlı məsələni qaldırmışıq. Mən indi tərəflərin bu məsələyə yanaşmasına diqqət çəkmək istərdim. Amma heç kimi bu fərqli yanaşmanı görmür. 44 günlük müharibədən sonra azad olunmuş ərazilərdə həlak olan erməni hərbçilərinin meyitlərinin axtarışı üçün şərait yaradılıb, Rusiya sülhməramlıları ilə birgə erməni hərbçiləri də axtarışlarda iştirak edib.
Amma 30 il ərzində Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistan nəzarətdə saxladığı ərazilərdə həlak olmuş azərbaycanlıların axtarışı ilə bağlı bu istiqamətdə addım atmayıb və Ermənistan ciddi qınaq obyektinə çevrilməyib. Bir neçə gün öncə Kəlbəcərdə kütləvi məzarlıq tapıldı. Deməli, bu cür kütləvi məzarlıqlar məlum idi, amma bununla bağlı Ermənistan tərəfi heç bir addım atmamışdı. Bu insanlığa sığan bir hərəkət deyil”, - deyə C. Bayramov qeyd edib.