|
|
|
|
“ Ukraynada baş verənlər, hər şeydən əvvəl, Krım yarımadası ilə bağlı vəziyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və obyektiv həlli nöqteyi-nəzərindən bir sıra aparıcı dövlətlər, ilk növbədə ABŞ və Avropa İttifaqı üçün əyani ibrət dərsi olmalıdır”.
Belə bir açıqlama ilə politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıqov çıxış edib. Onun sözlərinə görə, bu hadisələr Cənubi Qafqazda baş verənləri kənardan seyr edən və etinasız mövqedə duraraq tərəfləri hansısa virtual güzəştlərə çağıran və onların sonda bu münaqişəni nizamlaya biləcəklərini düşünən bir çox siyasətçiləri ayıltmalıdır: “Bu gün bir sıra regionlarda və xüsusilə də, Ukraynada baş verənlər reallıqda onu göstərir ki, bir çağırış ilə, bir öyüd-nəsihət ilə, xüsusən də belə etinasız münasibətlə münaqişəni nizamlamaq mümkün deyil. Dövlətlərin, eləcə də Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün konkret iş görmək, beynəlxalq hüquq prinsiplərinə əsaslanan real köməklik göstərmək və Ermənistanın BMT Təhlükəsizlik Şurası səviyyəsində qəbul olunmuş qətnamələri yerinə yetirməsi lazımdır. Bax bu çox vacibdir”.
Politoloq ABŞ dövlət katibi Con Kerrinin Cənubi Qafqaz regionuna nəzərdə tutulan səfərinə də toxunub və qeyd edib ki, əgər onun səfəri sözügedən məsələlərə təkan verəcəksə, bu sağlam düşüncə və idrakın qələbəsi olardı: “Yox əgər dövlət katibinin səfəri nə isə bir protokol və ya tanışlıq səfəri və görüşünə dönəcəksə, tərəflərin üzərinə heç bir öhdəçilik qoymayacaqsa, o zaman bundan konkret olaraq nəsə gözləməyinə dəyməz. Lakin Kerri kimi yüksək səviyyəli bir şəxsin bizim regiona, xüsusilə də Azərbaycana gəlməsi, özlüyündə müsbət divident gətirməlidir.
Düşünürəm ki, Con Kerrinin Azərbaycan prezidenti ilə görüşü və xüsusilə də, regionda baş verən real hadisələr haqqında informasiyanın, Azərbaycanın Qərb və ABŞ-a münasibətdə tutduğu mövqe haqqında birbaşa dövlət başçısının məlumat verməsi rəsmi Vaşinqton tərəfindən ciddi qəbul olunacaq. Əgər rəsmi Vaşinqton Cənubi Qafqaz regionunda alovun baş qaldırmasını və vəziyyətin nəzarətdən çıxmasını, xüsusən də, başqa bir güc mərkəzi tərəfə çevrilməsini istəmirsə, o zaman ABŞ bundan müvafiq nəticə çıxaracaq və erməni-Azərbaycan münaqişəsi ilə bağlı qəti mövqe tutacaq”.
ABŞ-ın danışıqlar prosesində real olaraq fəallaşarsa, bunun postsovet məkanı üzərində öz nüfuzunu bərpa etməyə çalışan Rusiyaya qarşı bir mesaj kimi qiymətləndirilə bilməsinə gəlincə, F.Sadıqov deyib ki, hətta belə olsa da, ABŞ-ın vəziyyətə buna bənzər yanaşması belə, münaqişədə zərər çəkmiş tərəf kimi bizi tam qane etmiş olardı: “Lakin mən yenə də güman edirəm ki, məsələ daha dərindir. Bu, Amerika diplomatiyasının bizim regionda öz simasını ilk olaraq xilas etmək, ikincisi, ədaləti bərpa etmək və üçüncüsü, regionu öz maraq dairəsi çərçivəsində saxlamaq cəhdidir. ABŞ bu kimi geosiyasi məsələlərdə kifayət qədər praqmatikdir və başa düşür ki, o, hər şeyi digər aparıcı tərəfin otkupuna verərsə, nəticədə, Ukraynada olduğu kimi, geosiyasi, geostrateji və iqtisadi maraqlarının qorunduğu digər regionları da itirə bilər. Bu isə öz növbəsində Amerikanın nüfuzuna, onun qlobal maraqlarına zərbə deməkdir. Və Kerri Vaşinqtonun rəsmi nümayəndəsi kimi hətta buna görə öz rəhbərliyini Qarabağ münaqişəsi ilə bağlı aydın və birmənalı mövqe tutmağa inandıra bilsə belə, bu bizim üçün yetərli olacaq.
ABŞ qlobal dünya dövlətidir, onun bu və ya digər regiondakı vəziyyətlərə kifayət qədər təsir vasitələri var. Mən həm iqtisadi vasitələri, həm də regionda aşkar güc nümayişi ilə bağlı məsələləri nəzərdə tuturam. Bu günədək biz Minsk qrupu həmsədrlərinin hər üçünün Dağlıq Qarabağ münaqişəsi üzrə yalnız mövqelərinin üst-üstə düşməsinin şahidi olurduq. Lakin zaman göstərdi ki, burada təsadüflər olmamalıdır, çünki hər bir tərəfin bu regionda öz marağı var və fors-major vəziyyətlər yaranacağı təqdirdə, tərəflərdən biri təkan götürür və vəziyyəti nəzarəti altına alır. Bax burada elə həmin şey baş verməlidir. ABŞ istəsə həmin erməni diasporu vasitəsilə onun maliyyə vasitələrinə təzyiq göstərmək, təcavüzkar ölkə olduğu üçün yardımı kəsmək, bank və iqtisadi sanksiyalar tətbiq etməklə Ermənistana təzyiq göstərə bilər”.
Politoloqa görə, əsas odur ki, onlar dəqiq seçim etməli və bir dövlətin digər dövlətə qarşı ərazi iddiaları irəli sürməsinin qəbuledilməz olduğunu və xüsusən də bir tərəfin digərinin 7 rayonunu işğal etdiyi halda Dağlıq Qarabağda status-kvonun qorunub-saxlanmasının mümkünsüzlüyünü və qarşı tərəfin Azərbaycan torpaqlarını işğaldan azad etməyə başlamalı olduğunu birmənalı şəkildə bəyan etməlidir.
Hadisələrin bu cür inkişafının Azərbaycan-Rusiya münasibətlərində öz əksini necə tapmasna da toxunan F.Sadıqov deyib ki, ABŞ-ın erməni-Azərbaycan münaqişəsini beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələr əsasında həll etmək cəhdi rəsmi Bakı və Kreml arasında hökmən münasibətlərin pisləşməsinə gətirib çıxara biləcəyini düşünmür: “Xüsusən də Azərbaycan hökumətinin beynəlxalq arenada, həmçinin Kosovo, Krım və başqa regional münaqişələrlə bağlı balanslaşdırılmış xarici siyasət apardığı bir halda. Azərbaycan Rusiyaya qarşı ərazi iddiası irəli sürmür, NATO, yaxud başqa bir hərbi alyanslara daxil olmağa hazırlaşmır, sadəcə onun ərazi bütövlüyünü şübhə altına alan münaqişənin həllinə cəhd göstərir. Yeri gəlmişkən, biz bu barədə həm Moskvada, həm Vaşinqtonda, həm də Parisdə kifayət qədər açıq-aydın bəyan etmişik və danışıqlar müsbət nəticə verməyəcəyi təqdirdə, işğal olunmuş torpaqlarımızı hərbi yolla azad etməyə hazır olduğumuzu da gizlətməmişik. Bəli, istisna etmək olmaz ki, Rusiyada mövcud vəziyyətin, xüsusilə də, münaqişədə status-kvonun qorunub-saxlanmasında maraqlı olan qüvvələr var, lakin bu o demək deyil ki, biz əlimizi yanımıza salladıb durmalıyıq. Düşünürəm ki, bunu həm Rusiyada, həm də Vaşinqtonda başa düşürlər. İstənilən halda, Azərbaycan beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində hərəkət edərək yalnız öz ərazi bütövlüyünü müdafiə edəcək”.
Pərvanə



