|
|
|
|
Pakistanın nüfuzlu “The Frontier Post” qəzetində Pakistanın Milli Müdafiə Universitetinin aparıcı tədqiqatçısı İffət Pərvizin “Azərbaycanda soyqırımı” adlı məqaləsi dərc edilmişdir.
Məqalədə, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 26 Mart, 1998 –ci il tarixində 31 Mart Gününü Azərbaycanlıların Soyqırımı Günü elan edərək öz çıxışında “Birinci dünya müharibəsi və Rusiyadakı 1917-ci ilin fevral və oktyabr inqilablardan su-istifadə edən ermənilər bolşevik şüarları altında öz məkrli planlarını həyata keçirməyə başlamış və 1918-ci ilin mart ayında Bakı Kommunası Bakı əyalətindən azərbaycanlıları tamami ilə ləğv etmək haqqında kriminal planını həyata keçirməyə başlamışlar.” Yazıda, Azərbaycan xalqının hər ilin 31 martında kütləvi etnik təmizləmə və soyqırımı qurbanlarının yad etdikləri bildirilmişdir.
Daha sonra İffət Pərviz, Azərbaycanın tarixinə nəzər yetirərək, Gülüstan və Türkmənçay müqavilələri barəsində danışmışdır. Bildirmişdir ki, bu sazişlər nəticəsində Azərbaycan parçalanmış, onun tarixi əraziləri olan Dağlıq Qarabağ, Naxçıvan, Zəngəzur, Dərələyəz, Ordubad, Vedibasar və digər ərazilərə İran və Türkiyədən ermənilər köçürülmüşdür. Lakin, bütün bunlara baxmayaraq Azərbaycanlılar bu ərazilərdə çoxluq təşkil etmiş və məhz bu səbəbdən də “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər Azərbaycanlılara qarşı soyqırımı siyasətini tətbiq etmişlər. Azərbaycan torpaqlarının işğalı da bu siyasətin ayrılmaz bir hissəsi olmuşdur.
Yazıda, 1905-1907-ci illərdə minlərlə günahsız azərbaycanlıların ermənilər tərəfindən öldürüldüyü vurğulanmışdır. Qeyd olunmuşdur ki, Birinci Dünya müharibəsindən sonra Rusiya bolşeviklərinin başçısı V.Lenin S.Şaumyanı Qafqazın fövqəladə komissarı təyin edərək onu Bakıya göndərmişdir. Bakıda hakimiyyəti ələ keçirən bolşeviklər azərbaycanlıları tamami ilə məhv etmək üçün ermənilərə şərait yaratmışdır. Mart ayının 3-də 6000 Bakı soveti əsgəri və 4000 daşnakların azərbaycanlılara qarşı soyqırımı əməliyyatına başlamışlar. Qısa bir müddət ərzində Bakının əksər bir hissəsi dağıdılmışdır. Bununla yanaşı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər bölgələrində də kütləvi qırğınlar törədilmişdir.
28 may, 1918-ci siyasi müstəqilliyini əldə etmiş Azərbaycan Demokratik Respublikası hadisələrə siyasi qiymət vermiş, 31 mart gününü 1919 və 1920-ci illərdə ümummilli hüzn günü kimi qeyd etmişdir.
31 Mart, 1918-ci il hadisələri zamanı soyqırıma məruz qalmış insanların sayı haqqında yazan İffət Pərviz, Nyu-York Times qəzetinə istinad edərək bu rəqəmin təkcə Bakıda 12000 olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 1919-ci ildə keçirilmiş Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti, ermənilərin Bakı hadısələrində əsas rol oynayaraq 12000 qadın, uşaq və ahılları öldürdüklərini bildirlmişdir.
Pakistan mətbuatında dərc edilmiş məqalədə ermənilərin soyqırımı siyasətini davam etdirərək 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində yüzlərlə günahsız insanı xüsusi amansızlıqla məhv etdiklərini bildirmişdir.
Məqalə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan xalqına müraciətindən gətirilmiş “...erməni millətçilərinin siyasi-maliyyə dividendlər və müəyyən kompensasiyalar əldə etmək məqsədi ilə dırnaqarası soyqırımı haqqında davamlı bəyanatlarından fərqli olaraq biz, Azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıraraq bu məqsədi qarşımıza qoymamışıq. Biz inanırıq ki, müasir dünyada ərazi iddiaları, bütün bir millətə qarşı ideoloji dözümsüzlük, millətlər və dövlətlər arasında mübahisəli məsələləri hərb vasitəsi ilə həll edilməsi qəbul edilməzdir. Bununla yanaşı, bütün dünya soyqırım haqqında həqiqətləri bilməlidir... ” sitatı ilə yekunlaşmışdır.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:
http://thefrontierpost.com/article/86239/The-Azerbaijan-genocide/



