1993-cü ildən Azərbaycan Radiosunun "Xəbərlər" redaksiyasında çalışıram. Hər dövrün öz tələbləri, ilin, ayın, günün ab-havası fərqlidir.
Radio yaşanan zamanın səsi, həmin anın əks-sədasıdır. Uzun illərin şahidiyəm ki, radiodan hər səhər təqdim etdiyimiz informasiyalar yenilənir, daha böyük uğurlarımızdan, ölkəmizin sürətli inkişafından söhbət açılır, irəlidə gözlənilən böyük naliyyətlərlə bağlı proqnozlar verilir. Dinamik inkişaf Azərbaycanın simasını dəyişir, onun dünyadakı mövqeyini möhkəmləndirir. Səsləndirdiyimiz xəbərlərin tez bir zamanda reallığa çevrilməsi sözün etibarlılığını, kəsərini artırır, jurnalistikadan daha məsuliyyətli yaradıcılıq tələb edir. Söhbət radiodan gedirsə, efirdən danışırıqsa, dinləyiciyə vədlər veririksə, təbii ki, burada çalışan reportyorlar, informatorlar da hər sahədən xəbərdar olmalı, ictimai, siyasi, mədəni mövzularda aktuallıq kəsb edən məqamlara fikir sərgiləməyi bacarmalıdır.
Bu gün dünyada radio jurnalistikasının elmi aspektlərdən öyrənilməsi aktual sahələrdən biridir. Azərbaycanda da yayımların sayı artıb, müxtəlif radiolar fəaliyyət göstərir. Əfsuslar olsun ki, özünün 95 illik yaradıcılıq ənənəsi ilə radiojurnalistika məktəbi sayılan ana radionun sənətkarlıq məziyyətlərindən, efir təcrübəsindən yararlanmırlar və radionun elit danışığı, maarifçilik funksiyası, təbliğatçılıq rolu get-gedə zəifləməyə başlayır. Ona görə də alimlərimizin tövsiyəsi və çalışdığım sahədə qazanılan təcrübənin gənclərə əxz edilməsi məqsədi ilə elmi iş götürmək qərarına gəldim.
Bakı Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə aparılan qəbul prosesində iştirak edərək 2013-cü ildə dissertanturaya qəbul olundum. Qoyulan tələbləri yerinə yetirərək bütün prosesləri adlamışdım. İlkin müzakirədən sonra seminar mərhəsi başlayırdı. Lakin nöqsanlar aşkarlandığından Elmi Seminarın işi dayandırıldığı üçün (iki ilə yaxın) bir müddət gözləməli oldum. Başqa əlac yox idi. Nəhayət, açılan kimi sənədlərimi qəbul etdilər və bu prosesi də müvəffəqiyyətlə keçdim. Bu dəfə isə Müdafiə Şurası fəaliyyətini dondurdu.
Bir müddətdən sonra Ali Attestasiya Komissiyası "Elmi dərəcələrin verilməsi qaydası haqqında" yeni Əsasnamə ilə fəaliyyətə başladı. Sənəddə dəyişikliklər edildiyindən, tələblərə uyğun olaraq yenidən geriyə - seminar mərhələsinə qayıtmalı idim. Üstəlik, Müdafiə Şurasının da olmaması işi daha çətinləşdirirdi. "Seminarı nəyə görə yenidən verməliyəm?" deyə etirazımı bildirdim. Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevlə, eləcə də digər məsul şəxslərlə görüşümüz oldu. Bizə yeni qanunun tələbləri izah edildi və əvvəlki seminardan fərqli olaraq həmin ixtisas üzrə mütəxəssislərin iştirakı ilə dissertasiyanın yenidən müzakirəsi tələbi irəli sürüldü. Görüşdə bizi əmin etdilər ki, bu sahədə şəffaflığı təmin etmək fikrindədirlər. Şəffaflıq...nədənsə ümidlərim çox az idi. Jurnalistikadan fərqli olaraq digər sahələr üzrə eşitdiklərim bir qələm əhli kimi məni məyus edir, gənc tədqiqatçıların qarşılaşdıqları çətinlikləri görəndə vəziyyətin müsbət məcraya yönələcəyinə, düzələcəyinə heç gümanım yox idi.
Lakin prosesin içində olduğum müddətdə qarşılaşdığım hadisələrdən şahidi oldum ki, Ali Attestasiya Komissiyasında da dərin islahatlar gedir. Əvvəla, öz çətinliyimizdən yazım ki, jurnalistika ixtisasından müdafiə etməyə şura yoxdur. Ancaq Komissiyaya müraciətimizə müsbət cavab aldıq. Uzun illər jurnalistikada ad-san qazanmış, qüsursuz xidmətləri ilə seçilən həmkarım, Əməkdar jurnalist Namiq Əhmədovla mənə Folklor İnstitutunda Birdəfəlik Şura verdilər. Akademik Muxtar İmanov, elmi katib Afaq Ramazanova bizim müdafiə etməyimiz üçün geniş imkan yaratdılar. Təkrar seminar mərhələsi Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlunun sədrliyi ilə keçdi. Pandemiya dövrü olduğu üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri səviyyəsində iclas təşkil olundu. Sırf jurnalistika üzrə alimlərin dissertasiyanı müzakirəsi zamanı elmi işimdə tapılan nöqsanlara, deyilən iradlara söz tapa bilmədim. Nəzərdən qaçırdığım, görə bilmədiyim bir sıra nüansları Jurnalistika fakültəsinin müəllimləri asanlıqla aşkar etdilər. Fərqinə varmadığım səhvlərim elmi işimə xələl gətirə bilərdi. Bu seminar ümumi işin xeyrinə oldu. Çünki yeni qanuna, Əsasnaməyə edilən dəyişikliyə görə elmi iş həmin sahənin xiridarlarına etibar edilir.
Təkrar Seminardan keçməyimlə dissertasiya işimin sanbalı daha da artdı. Seminar mərhələsində dissertasiya ilə bağlı dəyərli tövsiyələrini vermiş alimlərimizə, filologiya elmləri doktoru Vüqar Zifəroğlu başda olmaqla Jurnalistika fakültəsinin bütün müəllimlərinə, siyasi elmlər doktoru Sabir Məmmədliyə, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Rəhilə Kəsəmənliyə, Könül Niftəliyevaya, Aygün Əzimovaya, Pərvanə İbrahimovaya, Aytəkin Zeynalovaya, Arzu İsayevaya məsələyə ciddi yanaşaraq tədqiqat işinin zəif məqamlarının qabardılmasında əsl alimlik nümayiş etdirdikləri üçün minnətdaram.
Seminar mərhələsini təkrar keçməyimdə israrlı olan Ali Attestasiya Komissiyasına da xüsusi təşəkkürümü çatdırmaq istəyirəm ki, həqiqətən, dedikləri kimi tədqiqatçının mövzusunun eyni ixtisas alimləri tərəfindən müzakirəsi ancaq səmərə verə bilərmiş.
Beləcə, deyilən iradları düzəldib növbəti mərhələyə adladım.
Heç bir çətinlik olmadan maneəsiz son məqama yetişdik. Nəhayət, iyun ayının 22-də səbirsizliklə gözlədiyimiz gün gəlib çatdı. Karantin dövrünün tələblərinə uyğun olaraq əksər alimlər iclasa virtual şəkildə qoşuldu. Səsvermə üçün AAK tərəfindən Müdafiə Şurasının üzvlərinə möhürlənmiş zərfdə gizli şifrələr paylandı. İclasın gedişinə AAK tərəfindən də video nəzarət edilirdi. Bəli, həqiqətən şəffaf keçirilən bir prosesin şahidi olduq. Maraqlı məqamlardan biri odur ki, alimlər Ali Attestasiya Komissiyasının saytında onlara təqdim olunmuş özəl şifrələrlə gizli səs verirdilər.
Beləliklə, Namiq Əhmədov ("Müstəqillik dövründə Azərbaycan-Türkiyə münasibətlərinin "Xalq qəzeti"ndə təqdimi məsələləri") və mən ("Audiopublisistikada ifadə vasitələrinin sintezi problemi") elmi işlərimizi müvəffəqiyyətlə müdafiə etdik. Nəticə gözlədiyimizdən də uğurlu alındı. Yeni yaranmış mühitdən olduqca razı qaldım.
Bir neçə vaxtdır ki, yığılıb qalmış müdafiələrin keçirilməsi və prosesin sürətli aparılması üçün düzgün mexanizm qurulub və elmin bütün sahələri üzrə tədqiqatçılara şəffaf imkanlar yaradılıb. Yeni islahatlar, komissiya ilə elmi katiblərin sıx çalışması, onların komissiya tərəfindən daima təlimatlandırılması, yeniliklərlə məlumatlandırılması, seminar mərhələsini təkrar keçənlərin növbəsizliyi, hər hansı ciddi narazılıq doğuran məsələyə komissiyadan anında reaksiya verilməsi və s. fərqli iş prinsipi, yeni interaktiv yanaşma ilə bu sahədəki narazılıqlara son qoyulur.
Elmi işin müdafiəsi zamanı hörmətli akademik Teymur Kərimliyə, ustadımız, filologiya elmləri doktoru, professor Cahangir Məmmədliyə, filologiya üzrə fəlsəfə doktoru Lalə Hacıyevaya təşəkkür edirəm ki, dissertasiyanı diqqətlə oxuyub və vaxt tapıb prosesə qatılmışdılar. Dissertasiya işini yazarkən əsərlərindən bəhrələndiyim, teleradio üzrə alim, hörmətli professor Qulu Məhərəmlini iclasda görəndə çox sevindim. Mənim elm aləminə gəlişimi ürəkdən istəyən, hər zaman mənəvi dəstəyini gördüyüm filologiya üzrə fəlsəfə doktoru Qərənfil Quliyevaya, elmi işin ilkin müzakirəsi zamanı təmənnasız qayğı və diqqətinə görə Aynur Kərimliyə (o zamankı kafedra müdiri) xüsusi təşəkkürüm var.
Mətbuatda AAK-ın əleyhinə gedən yazıları oxuyanda müdafiə etməyə inamım get-gedə qırılırdı. Tələb olunan yenilikləri, eşitdiyim məlumatların yalan-doğruluğunu, məni narahat edən hər xırda məsələnin dəqiqliyini qurumun məsul şəxslərindən biri olan, hörmətli alim, professor Asif Rüstəmlidən öyrənirdim. Asif müəllim isə tədqiqatçıların yüzlərlə telefon zənginə cavab verir, saatlarla izah etməkdən yorulmurdu, əsl mahiyyəti anladırdı və əmin edirdi ki, bu sahədəki yeniliklər tədqiqatçıların xeyrinədir, sağlam mühit yaradılır, dissertasiyanı özü yazan tədqiqatçılara, elm aləminə dərin təfəkkürlə qədəm qoyan gənclərin üzünə AAK-ın qapıları açıq olacaq. Asif müəllim heç kəsə kobud davranmadı, "Gedin, Əsasnaməni özünüz oxuyun!" deyib heç kimi naümid qoymadı. Əksinə, "Kimin qarşısına maneə çıxarsa, Komissiyaya müraciət edib doğrusunu öyrənsin" deyib tədqiqatçılara dəstək nümayiş etdirirdi.
Ali Attestasiya Komissiyasının sədri, hörmətli professor Famil Mustafayevin Feysbuk sosial şəbəkəsində rəhbərlik etdiyi qurumun səhifəsində canlı yayımda bir neçə saat ərzində sualları cavablandırması da bu sahədə qaranlıq qalan mətləbləri aydınlatdı. Bu da son nəticə.
Nəhayət, AMEA-nın Folklor institutunun Müdafiə Şurasında (Jurnalistika üzrə Birdəfəlik Müdafiə Şurası) Əməkdar jurnalist Namiq Əhmədovla eyni gündə müdafiə etdik. Sonda şuraya axın edən, böyük ümidlərlə qapısını döyən tədqiqatçılara isti münasibəti, insani keyfiyyətləri və nəcib davranışlarıyla seçilən akademik Muxtar İmanova, bizə sözün əsl mənasında diqqətlə yanaşan, qucaq açan, təmənnasız əziyyətimizə qatlaşan (bəli, tam təmənnasız) elmi katib Afaq xanım Ramazanovaya təşəkkür edirəm. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu prosesdə elmi katiblərin işi həddindən artıq gərgin və məsuliyyətlidir, çünki Komissiya tərəfindən tələb olunan sənədlərin dəqiqliyi və Əsasnamənin müddəalarına iddiaçının diqqətini yönəltmək məhz onların üzərinə düşür. Üstəlik, elmi katiblərin özlərinin də çalışdığı elm sahəsində fərdi yaradıcılığı var. Hər iki qolu inkişaf etdirməyə vaxt bölgüsü lazımdır və nəzərə alsaq ki, müxtəlif xarakterli insanlarla qarşılaşırsan, demək, ən əsası səbrli olmaq gərəkdir.
Eyni zamanda, Müdafiə Şurasının bütün üzvlərinə və elmi rəhbərim, professor Nəsir Əhmədliyə sonsuz ehtiram və sayğılarımı bildirirəm.
Həm də ona görə sevinirəm və qəti əminəm ki, bu gün BDU-da Filologiya üzrə Müdafiə Şurası olmadığı üçün illərlə növbə gözləyən tədqiqatçıları, jurnalistika ixtisasında müdafiə edəcək həmkarlarımı, eyni zamanda, elm sahəsinə yeni qədəm qoyanları qarşıda tamamilə fərqli ab-hava, yeni sağlam mühit gözləyir və AAK-dakı fərqli düşüncələr, islahatlar Azərbaycan elminin inkişafı naminədir.