Azərbaycanın beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil yollarının inşası və yenidən qurulması işləri ölkənin iqtisadi və sosial həyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, ölkənin avtomobil yollarının ana xətti olan, Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakıdan Gəncə şəhərinədək olan hissəsinin ötən illərdə birinci texniki dərəcəyədək təkmilləşdirilməsi işləri yekunlaşdırılıb.
Hazırda isə yolun 130 kilometrlik Gəncədən Gürcüstan sərhədinədək olan hissəsinin 4 hərəkət zolağına malik olmaqla genişləndirilməsi layihəsi icra olunur. Tikinti-quraşdırma işləri magistralda avtomobillərin hərəkəti dayandırılmadan yerinə yetirilir. Layihəyə əsasən, yol örtüyü polimer asfalt-beton olacaq.
Bu günədək sözügedən sahədə yol işlərin 70 faizi başa çatdırılıb. Tikinti işlərinin növbəti il ərzində yekunlaşdırılması nəzərdə tutulur. 25 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 84 avtobus dayanacağı, 83 yeraltı keçidin inşası hərəkətin təhlükəsiz və yolun uzun ömürlü olmasına hesablanıb.
"Bu layihənin daha bir üstün cəhəti ondan ibarətdir ki, yüksək sürətli yol iri yaşayış məntəqələrindən aralı keçəcək. Bu, hərəkət təhlükəsizliyi baxımından çox əhəmiyyətli məsələdir", - deyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Anar Nəcəfli bildirib.
Böyük İpək Yolunun Azərbaycandan keçən hissəsinin modernləşməsi Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında əhəmiyyətli rol oynayacaq. Həmçinin, yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına, eləcə də yol boyu yaşayan əhalinin rifahına yeni təkan verəcək.
Zakir MURADOV,
Gəncə