Osman Çakmakçı
Səhv etmirəmsə, 1990-cı illərin sonu idi, Radikal qəzetində köşə yazırdım, Jan Bodriyar (Jean Baudrillard) Türkiyəyə gəlmişdi, İzmirdə, İstanbulda iki konfrans verərək artıq hamı tərəfindən bilinən düşüncələrini təkrarlamışdı. Bu səs-küylü fransız filosof verdiyi müsahibələrdən birində “sənətin artıq bir heç olduğunu, hər bir sənət növünün performansa çevrilərək özünü yox etdiyini” açıqlamışdı. Mən bu cəsur filosofun dedikləri nə qədər spekulyativ və həddindən artıq bədbin olsa da, onların böyük bir qismi ilə razılaşıram. Bodriyarın üstünə vurğu etdiyi məsələ artıq simulyakr labirintinə oxşayan dünyamızda sənətin əsl varolma səbəbini və əsas mahiyyətini itirmiş, qarşılığı olmayan bir oyuna çevrilməsidir.
Bəs belə bir vəziyyətdə varolma səbəbi birdən-birə, qəfildən yox olan, varolma sahəsi ayaqlar altında tapdalanan sənət adamı bu sahəni yenidən dirçəltmək, əvvəlki halına qaytarmaq üçün nə etməlidir? Sənətin və sənət adamının qarşısında hansı mövqeni tutmalı olduğu ilə bağlı hansı seçimlər var? Yoxsa sənət öləcək, mumyalanacaq və sadəcə sərgi salonlarında, kitab səhifələrində yaşamağa davam edən nostalji “ifadə formasına” çevriləcək? Bunlar üstündə düşünülməli problemlər, cavab tapılmalı suallardır. Bu problem həll edilmədən, suala cavab tapılmadan yazılar hər bir roman, şeir, çəkilən hər bir rəsm, bəstələnən hər bir musiqi faydasız tamaşadan başqa heçnə olmayacaq. Əvvəla içinə düşdüyümüz, demək olar ki, həll olmayan bu vəziyyətin fərqinə varmaq, daha sonra da bu prosesdən əldə etdiklərimizi əks etdirən əsərlər ortaya qoymaq lazımdır. Bunun əksi, sənət adamlarının dar sənət qurumu içində özlərinin çalıb özlərinin oynaması deməkdir. Sənət gildiyada var-gəl etməyə məhkum olacaq.
Sənət deyərkən qətiyyən bu günün tələblərinə uyğun olan sənətdən bəs etmirəm. Bu halda daha çox estetikliyə qurban edilmiş incəsənət populyar mədəniyyətə boyun əyərək özünü istehsal edir. Bu mənada ortaya çıxan musiqi albomlarının milyonlarla, bəzi “romanların” yüz minlərlə satılması incəsənətin canlılığının sübutu kimi qəbul edilməməlidir. Bunlar kapitalizmin mübadilə qanununa uyğun, kütlələrin ortalama rəğbətinə cavab verən, passiv sənət nümunələridir və sənət tarixində qalmaları mümkün deyil. Onsuz da sənət tarixində qalmağı planlamırlar, çünki sənətin tarixi inkişaf dövründən, şərtlərindən bixəbərdirlər.
Bodriardın yox olduğunu irəli sürdüyü sənət “həqiqi sənətdir”: Volter Benjaminin (Walter Benjamin) dediyi kimi, bir aurası, fərdiliyi və təkrarlanmazlığı olan sənət: İnsanoğlunun bu dünyaya atılmasının yaratdığı varolma ağrısının ifadəsi mənasında əvəzolunmaz, bəşəriyyətlə və insanın mövcudluğu ilə əlaqəli problemləri ələ alıb həllinə çalışan və onlarla mübarizə aparan sənət. Benjamin, sənətin öldüyünü, artıq heç olduğunu deməklə əslində sürətlə yayılan bu sənətdən bəhs edirdi. Sənət hər yerə yayılaraq, populyar mədəniyyətin kodlarından istifadə edərək öz məhvini sürətləndirib. Populyar mədəniyyət də sənətin kodlarından istifadə edir. Sənət hər yerdə olduğundan artıq həm də heç bir yerdədir.
Hər bir sənət adamı kimi şairlər də, sənətin ən həqiqisi olan şeir də dərindən bu problemləri hiss edir. Şair bunun, “səbəbsiz varolmanın ağrısı”nı çəkir. Söz ağızdan çıxan kimi populyar mədəniyyətin uğultusuna qarışıb buxarlanır, şair sözləri kağıza yazanda özünü onlara yad hesab edir. Hətta nə qədər optimist olsa da, bir çox sənətlə əlaqəli cəhd varolan uğultuya bir gurultu daha əlavə etməkdən, bununla da uğultunu daha da yüksəltməkdən xilas ola bilmir. Səslər musiqiçilərə, rənglər və fırça rəssamlara, mərmər heykəltəraşlara, dil yazıçılara dərman olmur. Onların bəşəriyyətin bir üzvü kimi özlərini ifadə etmələrinə, ağrılarını bildirmələrinə kömək etmir. İndi dil oğurlanıb; yerinə yeni bir dil qoyulmadığı üçün sənət adamları dilsiz qalıb.
Görəsən bəşər tarixində sənətin bügünkü qədər xədim edildiyi, bir cəmiyyət tərəfindən bu qədər ələ keçirilib necə gəldi yaradılıb istifadə edildiyi, yenidən yaradılaraq bir daha istifadə olunduğu dövr olubmu? Xeyr, qəti şəkildə deyirəm ki, belə bir qaranlıq dövr heç vaxt olmayıb.
Sənət adamı heç vaxt cari ictimai mexanizmlər tərəfindən deşifrə edilib çarəsiz hala salınmamışdı. Əsərinə heç vaxt bu qədər yadlaşmamışdı. Yaratdığı sənət əsərinə bu qədər yad olmamışdı. Əsərinin qarşısında heç vaxt bu qədər axmaq vəziyyətə düşməmişdi. İndi sənət adamının yaratdığı sənət deyil, sənət deyə ortalıqda olanlar da sənət adamını əks etdirmir. Sənətin ortalıqda olma şərtləri sənət tərəfindən deyil, kapitalist cəmiyyət nizamı tərəfindən müəyyən edilir. Bundan kənarda qalan və ya qalmağa çalışan – ki belə bir fəaliyyətə nə Türkiyədə, nə də dünyada rast gəlinir, kompyuter incəsənəti, internetdə sənətin yeni mövcudluq sahəsi tapması kimi cəhdlər ötəri və faydasızdır, problemi kökündən həll etmir – sənət əsərləri tərk edilmə ilə üz-üzə qalır. Çox keçmədən bütün sənətlə əlaqəli kriteriyaları distribyutorlar müəyyən edəcək. Onların kriteriyalarına uyğun olmayan sənət əsəri cəmiyyətdə - əgər varsa – qarşılığını tapa bilməyəcək. Səs-küy yaratmayacaq.
Mən sənət “sənət” üçündür deyərkən, Pol Valerinin (Paul Valery) öndərlik etdiyi həmin əsrin əvvəlində sənətə dair cəhdi, saf sənəti müdafiə etmirəm. Amma sənət olmayan bir sənətin də bəşəriyyətin və tarixin ona olan gözləntilərini qarşılayamayacağını bilirəm. Necə ki, içində olduğumuz vəziyyətdə sənət populyar mədəniyyətin təzyiqlərinə məruz qalır, buna qarşı çıxmaq istəyən cahillər və ictimai nizamın mexanizmindən xəbəri olmayanlar da sənəti ideologiyanın boyunduruğu altına salmağa çalışır. Sənəti indiki neqativ vəziyyətdən xilas etməyin yeganə yolu onu ideologiyanın – hansı ideologiya olursa-olsun – xidmətinə vermək deyil, sadəcə sənətin ontoloji varolmanın şərtlərinin fərqinə vararaq onu başlanğıc nöqtəyə qaytarmaqdan keçir. Artıq ibtidai bir sənətə ehtiyac var! Burası dəqiqdir ki, sənət ancaq özü olanda başqa heç bir düşüncə və yaratma formasının qarşılaya bilməyəcəyi ictimai tələbləri yerinə yetirə bilir. Sənət ancaq özü olaraq ondan gözlənənləri verə bilir. Sənət özü olmadıqca, fəaliyyətsizləşəcək və kapitalist sistemin asanlıqla mübadilə etdiyi mala çevriləcək.
Bir daha təkrar edirəm: Sənətin dili kapitalist sistemin quruluşları, populyar mədəniyyətin istiqamətvericiləri tərəfindən oğurlanıb! Deşifrə edilib və bu deşifrə edilən dillə kapitalist sistemə xas sonsuz bölünməylə bir sənət ortaya çıxıb. Sənətin indi etməli olduğu şey, geriyə qayıtmaq, öz içinə çəkilməkdir. Bu içinə çəkilmə ilə yeni və riyazi (yəni bu əsrin ritmi) bir dil tapacaq, bu dil hələ ələ keçirilməmiş bir dil olacaq. Sənət, bu bəşəriyyətin həm mənəvi, həm də fiziki varlığının təhdid altında olduğu əsrdə insan mövcudluğunun səbəbsizləşən sancılarını ifadə etməyə fokuslanmalıdır. Deməli sadəcə quruluş, forma olaraq deyil, eyni zamanda mövzu olaraq da ibtidai olana qayıtmalı, onsuzda hər gün yaşadığımız ibtidai varoluş sancısını əks etdirməlidir. Quruluş olaraq da deşifrə edilməmiş yeni bir sənət forması kəşf edilməli və bu kəşfi dərinləşdirəcək əsərlər ortaya qoymalıdır. Bir sənət əsərinin kütlə tərəfindən bəyənilib təsdiq edilməsi o sənət əsərinin uğurlu olduğunu ifadə etmədiyi kimi, bəlkədə, bəlkədə deyil, qəti şəkildə estetiklər və tənqidçilər, amma ən çox da distribyutorlar tərəfindən idarə edilən əyləncə estetikasının xüsusiyyətlərini təmin edəcək sənətə xəyanət etdiyini göstərir. İndi yenilikçi, axtarışda olan, dil tutulmasını aşmağa çalışan sənətə ehtiyac var.
Bu sənətin yolu dövrümüzün labirintə çevrilən yolları arasında gəzişərək deyil, bu sivilizasiyadan kənarda qalmaqla əldə ediləcək yeni ifadə formalarından keçir. Həqiqətdən, mənanın əsas götürülməsindən keçir.
Hazırda sənət özü olma problemi ilə üz-üzədir. Özü olsun ki, bəşəriyyətin halını, həssaslığını və ən çox da varoluş sancısını ifadə edə bilsin. Bax bu kontekstdə deyirəm ki, sənət “sənət” üçündür.
Tərcümə edən: Taleh Eminoğlu