2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
525.az Vətən müharibəsinin xronikasını təqdim edir.
Müharibənin 29-cu günü
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.
Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib.
Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etməsi ilə bağlı paylaşım edib.
Müdafiə Nazirliyinin məlumatına əsasən, cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib. Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib. Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələri canlı qüvvə baxımından çoxsaylı itkilərə məruz qalıb. Azərbaycan Ordusu düşmənin 3 tankını, 2 piyada döyüş maşınını, 6 artilleriya qurğusunu, 1 “Qiasint-B” topunu, 2 “Qrad” qurğusunu, 1 komanda idarəetmə məntəqəsini, 9 avtomobil texnikasını və bir neçə atəş nöqtəsini məhv edib.
Müdafiə Nazirliyi Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.
Düşmənin atəş nöqtələri məhv edilib.
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun düşmənə qarşı yüksək dəqiqlikli silah növü tətbiq etməsi barədə video paylaşıb.
Ermənistan ordusu Goranboyun Meşəli kəndinə qadağan olunmuş raket atıb.
Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilib.
Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.