2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
525.az Vətən müharibəsinin xronikasını təqdim edir.
Müharibənin 31-ci günü
• Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib.
• Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub. Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də bir ədəd T-72 tankı, dörd ədəd D-30 və üç ədəd D-20 topu, bir ədəd “Osa-AKM” ZRK, bir ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd radiolokasiya stansiyası və altı ədəd avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
• Düşmənin silahlı birləşmələri Goranboy və Bərdə rayonlarını müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub. Düşmənin xain hücumu nəticəsində ilkin məlumata görə Bərdə rayonunun Qarayusifli kəndinin sakinləri Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və yeddi yaşlı İsgəndərova Aysu Rövşən qızı həlak olub, yeddi nəfər isə xəsarət alıb. Prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.
• Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü tanklar təmirdən sonra yenidən döyüşə göndərilir.
• AZƏRTAC-ın müxbiri düşmənin raket hücumuna məruz qalmış Bərdə rayonunun Qarayusifli kəndində olub, hadisə yerindən foto və video reportaj hazırlayıb.
• Baş Prokurorluğun məlumatına görə, Ermənistan ordusunun Bərdə rayonunu raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı dördə çatıb.
• Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.
• Ermənistan humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini və rayonun kəndlərini ağır artilleriyadan və “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub – AZƏRTAC-ın foto və video reportajı.