27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını alınması məqsədi ilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız yağı düşmən tapdağından azad edildi.
Bu dövr ərzində Prezident, Ali Baş Komandan İlham Əliyev müzəffər Ordusunun döyüşlərdəki uğurları ilə eyni vaxtda dünyanın ən nüfuzlu informasiya məkanında Azərbaycanın haqq səsini dünya mediasına və birliyinə çatdırdı. Həm diplomatik sahədə, həm də informasiya müharibəsində qazanılmış uğurlar torpaqlarımızın düşmən tapdağından azad edilməsi prosesində müstəsna əhəmiyyət kəsb etdi. 44 günlük Vətən müharibəsi dövründə hər bir Azərbaycan vətəndaşı ordumuzun və dövlətimizin ətrafında sıx birləşərək, əlindən gələni əsirgəmədi. Hər bir Azərbaycan vətəndaşı vətəndaşlıq borcunu layiqincə yerinə yetirdi. Ordu-xalq birliyi düşmən üzərində şanlı qələbəmizə gətirib çıxartdı. Bu qələbə hər bir azərbaycanlı üçün ən dəyərli hədiyyə oldu.
Həmçinin bu qələbə ədliyyə işçiləri üçün ikiqat bayram oldu. Çünki əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilmiş ədliyyə işçilərinin peşə bayramı ilə demək olar ki, üst-üstə düşürdü. Bu arada onu da qeyd etməyi özümə borc hesab edirəm ki, müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin əməkdaşları, məhkəmə aparatı işçiləri və onların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş nazirliyin aparatının əməkdaşı birinci dərəcəli dövlət qulluqçusu, ədliyyə kapitanı Xəlilov Ruhin Müzəffər oğlu və ədliyyə könüllüsü olan Qədirli İsmayıl Elçin oğlu, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olub. Ədliyyə kollektivi ordumuzla həmrəylik nümayiş etdirərək, hərbçilərimizə, yaralananlara və şəhid ailələrinə öz dəstəyini əsirgəməyib, Silahlı Qüvvələrə Yardım Fonduna, "YAŞAT" Fonduna və Qarabağ Dirçəliş fonduna əmək haqlarından könüllü ianələr ediblər. Bundan başqa Ədliyyə nazirliyinin əməkdaşları qanvermə aksiyalarında da mütəmadi iştirak ediblər. Döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbçilərimizə mütəmadi baş çəkib və sovqatlar təqdim ediblər.
Ədliyyə Nazirliyi əməkdaşları tərəfindən döyüşlərdə iştirak etmiş əməkdaşların, o cümlədən şəhid ailələrinin qayğıları ilə mütəmadi maraqlanılıb, onların problemləri daim diqqətdə saxlanılaraq zəruri köməklik göstərilib. 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini təbrik edirəm.
Qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Qələbəmiz daimi olsun!
Ədliyyə Nazirliyinin əməkdaşı Qasım Mustafayev