|
|
|
|

Atlanta FED-in prezidenti Raphael Bostic "Financial Times" qəzetinə verdiyi müsahibəsində ABŞ Federal Ehtiyat Sisteminin inflyasiyaya nəzarət etmək üçün martda faizini 50 baza bəndi artıra biləcəyini bildirib. Bu açıqlamadan sonra FED-in 2022-ci ildə 5 dəfə faiz artıracağı gözləntiləri güclənib. Qlobal investisiya bankı "JP Morgan" ABŞ Mərkəzi Bankının (FED) ilk faiz artırımından sonra yüksəlişini davam etdirəcəyini, bundan 1-2 ay sonra isə pik həddinə çatacağını gözlədiklərini açıqlayıb.
Proqnozlar göstərir ki, yaxın vaxtlara bir çox ölkənin milli valyutası dəyər itirəcək. Azərbaycana qonşu olan ölkələrdə artıq bu tendensiya müşahidə olunsa da, manat öz mövqeyini qorumağı bacarıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) manatın məzənnəsi, ölkədə yenidən devalvasiya olacağı barədə fikirlərə artıq münasibət bildirilib. Qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında milli valyutanın məzənnəsinin bu il stabil olacağını, manatın məzənnəsinin qorunub saxlanılacağını deyib.
Bəs bu, nəyin hesabına və necə baş verəcək? Ümumiyyətlə, ilin sonuna qədər manatın məzənnəsinin qorunması bizə nə qazandıracaq və yaxud zərər verə bilərmi?
Məsələ ilə bağlı "525"ə açıqlama verən iqtisadçı millət vəkili Vüqar Bayramov deyib ki, Azərbaycanda üzən məzənnə rejiminə keçilmədiyi üçün hazırda fiks rejim tətbiq olunur: "Bu isə ondan xəbər verir ki, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılıdır. Manatın məzənnəsinə təsir göstərməyən ciddi faktor isə neftin dünya bazarındakı qiymətidir. Ölkəyə daxil olan valyutanın həcmini neft satışından əldə etdiyimiz gəlirlər formalaşdırır. Neftin dünya bazarında qiymətinin stabil olması ölkəyə daha çox valyutanın daxil olmasına, bu da valyutaya olan tələbin ödənilməsinə imkan yaradır. Ona görə də növbəti dövrdə, o cümlədən, 2022-ci ildə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".
"Goldman Sachs Group" transmilli investisiya bankının iqtisadçılar qrupu hesab edir ki, ABŞ-ın maliyyə requlyatoru federal kredit vəsaitləri üzrə faiz dərəcəsinin hər qərarda 25 baza bəndi (0,25 faiz bəndi) artıraraq, ilin sonuna 1,25 -1,5 faiz səviyyəsinə çatdıracaq. Sözügedən qərarların mart, may, iyul, sentyabr və dekabr aylarında veriləcəyi gözlənilir.
Vüqar Bayramov, FED-in qərarları və qonşu ölkələrin milli valyutalarının dəyərsizləşməsinin Azərbaycan valyuta bazarına psixoloji təsir göstərdiyini deyir. Amma üzən valyuta rejimi olmadığına görə, yenə də Mərkəzi Bankın mövqeyi həlledicidir. 2022-ci ildə bu konteksdən milli valyuta və məzənnəsinin necə dəyişməsi yenə də Mərkəzi Bankın qəbul etdiyi qərarlardan asılı olacaq.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı ötən həftə manatın dəyərini qorumaq üçün uçot dərəcəsini 0,25 faiz artıraraq 7,25 faizdən 7,5 faizə qaldırıb. Faiz dəhlizinin aşağı həddi 6 faizdə saxlanılıb, yuxarı həddi isə 8,25 faizdən 9 faizə yüksəldilib.
Mərkəzi Bankın manatın məzənnəsini stabil saxlamaqla bağlı aldığı qərarların ölkə iqtisadiyyatına təsirlərini isə ekspert bu cür şərh edib: "Dövlət Neft Fondunun büdcə qarşısında öhdəlikləri var. Bu il təxminən 12 milyard manatlıq bir öhdəlikdən söhbət gedir. Buna uyğun olaraq Dövlt Neft Fondu vəsaiti hərraclarda satır və büdcəyə transfer edir. Çünki fondun gəlirləri dollarla, amma büdcə qarşısında öhdəliyi manatladır. Amma təbii ki, xüsusən də Azərbaycanın əsas qeyri-neft ixracatçısı olan ölkələrdə milli valyutalar dəyər itirən zaman manatın stabil qalması bizim qeyri-neft məhsullarımızın həmin ölkələrin milli valyutası ilə bahalaşmasına gətirib çıxardır. Bu da qeyri-neft məhsullarının rəqabət qabiliyyətini azaldır. Bu baxımdan, əslində daha məqsədəuyğun olardı ki, Mərkəzi Bank növbəti dövrdə üzən məzənnə rejiminə keçsin və bazarın təsirlərinə uyğun olaraq məzənnənin müəyyənləşdirməsini həyata keçirsin. Bu, xüsusən də ona görə lazımdır ki, məzənnə siyasəti qeyri-neft mallarının ixracını daha yaxından təşviq edə bilsin".
Natəvan ABDULLAYEVA



