Çox qəribədir, nəyisə gizlətsəm - tez faş olar, kimdən qaçsam - tez qarşıma çıxar... Əcəba, bu mənim taleyim, alın yazımmı?..
l l
Vəzifə kürsüsü yaxşı şeydir, intəhası, kiminin altında olur, kiminin üstündə.
l l
Böyük insanların səhvi-böyük ağacların yıxılması kimidir-aşıb ətrafındakıları da əzəcək...
l l
İnsanlar nə öz millətini, nə də qohumlarını seçir... Bu taledir, seçən də Böyük Yaradan!
l l
Boyunu uzadan da, gödəldən də Günəşdir; baxır ....hardan çıxıb, hardan batacaq.
l l
Yanğının ən böyük namərdliyi - qurunun oduna yaşı da yandırmasıdır.
l l
Arının müqəddəs yaradıcılıq qabiliyyəti - hətta acı tütün çiçəyindən də şirin Bal çəkməyi bacarmasındadır...
l l
Gözəllik şərtidir, qadının əsil yaraşığı və gözəlliyi nəfsində və nəfəsindədir!
l l
Hamı dünyanın faniliyindən danışır, amma heç kim dəyişmir... Dəyişən ömürdən gedən günlərdir...
l l
Əlini dalına cütləyincə, qabağa uzat, səni çaşmağa və yıxılmağa qoymasın!
l l
Otların rəngi yüz cür, insanların rəngi isə min cür...
l l
Niyə çaşıb mat qalmısan?! Alan da göz önündədir, satan da...
l l
Dərd sənin üstünə gələndə əcəba sən nə edəsən, kimin üstünə gedəsən?..
l l
Görəsən, Böyük Yaradan İnsanlar və Talelər arasında fərqi nəyə əsasən müəyyənləşdirir!?
l l
Kiminsə ünvanına həqarət danışırsansa - öz işindir, amma el-oba, yer, torpaq, tayfa barədə cəm halda danışma, yoxsa ziyan çəkərsən.
l l
Hər hansı bir mübarizədə gözünü qırpmadan düşmən üzərinə gedə biləcək İnsan sonda qalib gələcək Qəhrəmandır!
l l
Bu dünyada pul, onun gücü və hökmü var: həyatda da, ailədə də, cəmiyyətdə də...
l l
Evinə, ailənə daşıya bilmədiyin Dostluq buz üstə sürüşən naşı adamın hər an yıxılmaq qorxusu yaşaması kimi bir şeydir...
l l
Ehtiyacın öz dili var: sən istəsən də, istəməsən də, o, danışacaq və danışdıracaq, bəzən isə susdurub qızardacaq.
l l
Gözəl qadının yanında gözü qırpıq dovşan tək gəzən kişiyə çox yazığım gəlir, qismətinə acıyıram.
l l
Unutma: cibindəki pulun qəlbindəki qürurun qədər qüvvətli və əbədi deyil!
l l
Ölümqabağı-Etiraflar sənin böyüklüyün deyil, böyük səhvlərinin siyahısıdır.
l l
İlanın dil çıxarmağı-Allah bəndəsi qarşısında Ağ Bayraq qaldırmasıdır.
l l
Əl qaldırmaq - əlini qaldırmaq: fərqli şeylərdir.
l l
Ehtiyatlı davran, ehtiyatlı yanaş, ehtiyatlı danış -ziyan görməzsən.
l l
Hərənin bir yaxşı cəhəti var: o asılıdır sən necə yanaşırsan və necə baxırsan.
l l
İçin çölü, çölün içi - biri bağlı, biri açıq. Kaş ki, için də çölün kimi görünə biləydi...
l l
Yer üzündə nə qədər rəngarəng, həşərat, canlı, bitki, ot-ələf varsa, - bir o qədər də müxtəlif fərqli insan var... Bu, dünyanın yaşam tərzidir; biri digərinə qidadır, biri olmayanda o birisi də yaşaya bilməz...
l l
Bibim deyərdi ki, bunlar mərdimazar nəsildilər, babalarından bəri üzlərində qarğış damğası var.
l l
Ağlı, mərifəti, savadı, qabiliyyəti, danışığı, davranışı, oturuşu-duruşu - hamısı, hamısı tam halda düzgün olan İnsan varmı dünyada?..
l l
Sən hikmətə bir bax: alnım açıq, üzüm ağ - niyə alnım, niyə üzüm? Gözüm səndən su içmir - niyə məhz gözüm? Qəlbim səndən sındı, - niyə qəlbim?! Bu hikməti yazan dünyanın ən böyük filosofu deyilmi?!..
l l
Hamı görür - ancaq hamı müşahidə edə bilmir, hamı fikirləşir, lakin hamı düşünmür...
l l
Döyüşkən və mübariz OĞLUN özü boyda da ürəyi olur və tək elə bu ürəklə də yaşaya və vuruşa bilər.
l l
Sevincin və kədərin həddi, qədəri insanın gözlərindən oxunur.
l l
Oturmağı bacarmayan dözümlü ola bilməz.
l l
Sözə - söhbətə, qeybətə-höcətə rəvac verən və inanan rəhbər zəif, aciz və hərdəmxəyal olar.
l l
Zəif saplağından sallanan Meyvə, ölümünü dəhə-düş gözləyən İnsan - eyni anları yaşayır...
l l
Hərə bir cür ölür: bəladan, qəzadan, təsadüfdən - bu, sənlik deyil - Yazıdandır .
l l
İnsanın ölüm ayağında can verməsi - ən ağıllı və ən ağrılı anlarıdır... Səd heyif ki, gecdir...
l l
Özünə kənardan baxa bilməyən adam həmişə başqasına həsəd aparacaq, gözü başqasında olacaq.
l l
Pis insan, pis həyat və pis iş yoxdur, - ancaq pis münasibət və pis baxış var.
l l
Kimsədə gördüyün nöqsanı Allah sənə də verə bilər, nöqsan tutub "alver" etməyin yeri yoxdur.
l l
Hər bildiyin və hər gördüyün həqiqəti dilə gətirib üzə söyləmək, heç də həmişə qəbul olunub hörmət gətirmir və heç də sənin həqiqəti sevdiyinə dəlalət etmir.
l l
Ağrı gələndə ağıl da gəlir... Gec gələn ağıl güc gələ bilməz.
l l
Danışanda da, dinləyəndə də, hər hansı qərar qəbul edəndə də - özünə qulaq asmağı bacarmalısan...
l l
Rənglərin çalarlarını ayırd edə bilməyən günlərin də fərqini bilməz..
l l
Şöhrət-həm də düşməndir: ondan qorunmağı da bacarmalısan.
l l
Dayaz və kasad adam mənsəb və şöhrət yiyəsi olan kimi çaşıb harınlaşır.
l l
Günəş sübh çağı ağır-ağır və əzabla doğulur, qüruba gedəndə isə çox tələsik... Bəlkə dünyanın faniliyinə işarədi bu?!
l l
Yasında kimin ağlamağı, toyunda kimin oynamağı səni qaldırar da, yandırar da..
l l
Külək, güllə, hədəf, paxıllıq və həsəd - öndə gedənləri yaxalar.
l l
Göz yaşları - kədər bulağının damcılarıdır...
l l
Dar macalda, əsəbi vaxtlarda səbrli və dözümlü olsan, qeybət və səhv eləməsən -udan tərəf sƏn olacaqsan - Vaxt və Zaman var.
l l
Səni yola verən zəngləri, süni təbəssümləri başının altındakı daş yastıq kimi bil - özünü aldatma...
l l
Özünü şahmat fiquru kimi "peşka" yerinə qoyan bilməlidir ki, "peşkanın" geriyə yolu, qayıdışı yoxdur və potensial qurban olaraq getməlidir.
l l
Çəkilən siqaretin əriyən külü kimi ömrün var - əlindəcə qəfildən qırıla bilər...
l l
İstedadlı və dahi insanları dünyaya gətirən MüqƏddƏs Ana - həm də böyük Əzabkeşdir - təkcə onu 9 ay bətnində saxlaya bildiyinə görə...
l l
Yenicə dil açıb həyatı anlayan və ata-ana, baba-nənə nəvazişi görən körpə yazda tumurcuqlayıb çiçək açan ağaclar tək sevincək olur.
l l
Ətrafındakıların təsirinə düşmək - narkotik aludəçiliyi kimi xəstəlikdir, ondan qurtulmaq çətindir...
l l
Borcun öhdəliyi olmur, amma tarixi olur...
l l
Gəlin - münasibətdir, necə yanaşsan, eyni cür baxacaq... Və hər şey də pərdəli olacaq...
l l
Sənin hərəkətlərində nöqsan axtaran düşmənin olmasa da, dostun da deyil!
l l
Qorxudan deyilən yalan da qorxuludur!
l l
Sən doğulanda Şeytan və Xəstəlik sənlə bərabər dünyaya gəlir... Məqamı düşəndə, vaxt yetişəndə boynuna minəcəklər.
l l
Ananın biri dilənir, biri dolanır... Bu, Ananın günahı deyil, Tale Yazısıdır.
l l
Oturub-durub, yeriyə bilirsənmi? Eşidib-görə bilirsənmi? Ağlayıb gülə bilirsənmi? Daha bundan başqa nə xoşbəxtlik axtarırsan, ay Allah bəndəsi?..
l l
Yer üzündə nə qədər insan varsa, bir o qədər tale var. Görəsən, bir-birinə oxşar iki tale varmı bu dünyada?..
l l
Bir var səhv, bir var xəyanət: səhvi bağışla, xəyanəti isə cəzalandır.
l l
Gözü dolusu və yaxud gözü doymadan meyvə gətirən Ağac - elə bil dünyanın gərdişinə qarşıdır, bəlkə çətin günlərinin tədarükünü görür və ya bəlkə afatın, xəstəliyin, küləyin hayına qalır?
l l
Bir yarpağın düşməsi bir insanın ölümü; bir ağacın aşması isə nəslin qırılmasıdır...
l l
Xoruzun banlaması, itin hürməsi, atın kişnəməsi - həm də zamanın ritmləridir...
l l
Görəsən, doğulan Uşaqla ölən Qoca arasında qalan dünyanın yaşı neçədir?..
l l
Səni yaşadacaq Ölüm - ən son qazancındır!
l l
Vəzifə sabiq ola bilər, təki əqidən sadiq olsun!..
l l
Vəzifə və maddi imkan-insanı cavan, şux və hökmlü göstərər.
l l
Özün qazanmadığın pulun nə bərəkəti olar, nə də suyumu və urvatı.
l l
Vaxtından əvvəl gülmək - yarınmaq kimi çıxar, düşük, şit görünər...
l l
Məclisdə səni yoran adam nəfəsdən gələn qoxu kimidir, dərhal çevrilib uzaqlaşmaq istəyirsən.
l l
Səni bilmirəm, mən özüm üçün yaşamaq istəmirəm...
l l
Kefiniz kök olanda da, qanınız qara olanda da - məni axtarın, məni, mənim əziz dostlarım!
İmamverdi İsmayılov