|
|
|
|

Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Ölkəmizlə qurum arasında bir sıra sahələrdə, xüsusilə enerji sektorunda sıx əməkdaşlıq qurulub. İyulun 18-də Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Layen tərəfindən imzalanan Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu strateji əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olacaq. Bu sənəd bir daha təsdiqləyir ki, Aİ Azərbaycanla mövcud əlaqələri genişləndirmək, idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Aİ ilə enerji əməkdaşlığının 15 ildən çox tarixi var. Prezident İlham Əliyev xanım Ursula Fon der Layen ilə keçirilən görüşdən, sonra mətbuata açıqlamasında bu barədə deyib: "Bizim enerji sahəsində əməkdaşlığımızın 15 ildən çox tarixi var. Bugünkü sənəd Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış ilk sənəd deyil. Biz 2006-cı ildə də sənəd imzalamışıq. 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı sənəd imzalanıb. Beləliklə, bizim əməkdaşlığımızın uğurlu tarixi var".
Dövlət başçısı yeni memorandumun əməkdaşlığın gələcəyi üçün yol xəritəsi rolunu oynadığını vurğulayıb, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşların dəstəklədiyi enerji layihələrinin Avropanın enerji xəritəsini tamamilə dəyişdiyini söyləyib.
Sənədə əsasən Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmi ikiqat artırılacaq. İmzalanan memorandumla Aİ-nin Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərinə öhdəlik götürdüyünü bildirən Ursula Fon der Layen qeyd edib: "Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik".
Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, sənəd tərəflər arasında strateji əməkdaşlığın daha gücləndirilməsinə xidmət edəcək: "Aİ Azərbaycandan aldığı qazın həcmini 2 dəfə artırmaq və növbəti 5 ildə ən azı 20 milyard kub metr qaz idxal etmək niyyətindədir. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunun daha da artacağı anlamına gəlir.
Deputat hesab edir ki, Rusiya-Ukraya müharibəsi fonunda Azərbaycanın geostrateji mövqeyi daha da güclənməkdədir. Azərbaycan "Şahdəniz" ilə yanaşı, çox yaxın gələcəkdə daha 5 yataqdan ("Abşeron", "Şəfəq", "Asiman", "Ümid-Babək" və "Azəri-Çıraq-Günəşli") qaz hasil ediləcək. Bu, ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq.
V.Bayramov əlavə edib ki, Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilməkdədir: "Artıq "köhnə qitə"də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artımlar var. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan Daxili Şəbəkə ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər. Memorandum tərəflər arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutsa da, bütövlükdə İttifaq ilə Azərbaycan arasında strateji əlaqələrin dərinləşməsi müşahidə olunur. Yeni düzən fonunda bu, Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək".
Onun sözlərinə görə, Azərbaycan Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa İttifaqına mavi qaz ixracatını ən çox artıran ölkədir: "Bu ilin ilk yarısında Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 68.7 faiz artıraq 3.2 milyard kubmetrdən 5.4 milyard kubmetrə yüksəldib.
Aİ də Cənubi Qafqaz ölkələrinin əsas ticarət tərəfdaşı olaraq qalmaqdadır. Belə ki, Aİ-nin ümumi ticarət dövriyyəsində payı Azərbaycanda 36.7, Gürcüstanda 23.9, Ermənistanda 18.0 faizdir. İttifaq pandemiyadan əvvəlki il, yəni 2019-cu ildə Azərbaycanda 2.6, Gürcüstan 1.2, Ermənistanda isə 1.0 milyard avro sərmayə qoyluşu həyata keçirib. Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəlib. Bütövlükdə ixracatımızın təxminən 48 faizə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin 2/3-i isə Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır".
Deputat hesab edir ki, Aİ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin imzalanacağı gün də uzaqda deyil.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu rol getdikcə artmaqdadır. İyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Layenin ölkəmizə səfəri də bu reallığı təsdiqləyir.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan ilə Avropa İttifaqı arasında uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq bizim böyük uğurumuzdur. Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa toxunan dövlətimizin başçısı deyib: "Bu, bir çox istiqamətləri, o cümlədən, neft, qaz, bərpaolunan enerji növləri, enerji səmərəliliyi və digər sahələri əhatə edir. Azərbaycanın bərpaolunan enerji istehsalı sahəsində təşəbbüsləri Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Biz artıq külək və günəş enerjisi ilə işləyən layihələrə sərmayə qoyur, öz potensialımıza dair dəyərləndirmələr aparmışıq. İşğaldan azad olunmuş ərazilərdə külək və günəş enerjisi sahəsində böyük potensial var". Azərbaycan Prezidenti Avropa Komissiyasının rəhbəri ilə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında çox məhsuldar müzakirələr aparıldığını diqqətə çatdırıb.
Avropa Komissiyasının Prezidenti Azərbaycanın bərpaolunan enerji sahəsində də çox böyük potensialının olduğunu deyib.
S. Fətəliyeva qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu tərəflər arasında strateji əməkdaşlığın daha gücləndirilməsinə xidmət edəcək: "Avropa İttifaqı Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə də töhfələr verir. Düşünürəm ki, Avropa İttifaqının vasitəçiliyi səmərə verəcək. Çünki məqsəd regionun tərəqqisinə nail olmaqdır. Digər tərəfdən, Avropa İttifaqı işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsinə də dəstək verir. Beləliklə, tərəflər arasında əməkdaşlığın böyük perspektivi var və bu amil Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin daha da güclənməsinə xidmət edəcək".
PƏRVANƏ



