|
|
|
|

Bu gün Azərbaycanla Avropa İttifaqı arasında yüksək səviyyəli münasibətlər və əməkdaşlıq mövcuddur. Xüsusilə, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra regionda yaranmış yeni fürsətlər fonunda Aİ Cənubi Qafqazın lider dövləti ilə tərəfdaşlığı genişləndirməkdə maraqlı olduğunu ortaya qoyub. Tərəflər arasında həyata keçirilən yüksək səviyyəli səfərlər, qurumun postmünaqişə dövründə oynadığı rol, Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik səyləri bunu bir daha sübut edir.
Xatırladaq ki, artıq Azərbaycan və Ermənistan liderlərinin Mişelin iştirakı ilə Brüsseldə üç üçtərəfli görüşü keçirilib. Nəhayət, iyulun 18-də Bakıda Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Layenlə görüşü, enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi, ölkəmizin geosiyasi mövqeyinin daha da gücləndirilməsi baxımından çox əhəmiyyətlidir. Təəssüf doğuran hal isə Avropa Parlamentinin (AP) ölkəmizə qarşı tutduğu qərəzli mövqeyidir. AP-nin bu yanaşması zaman-zaman özünü göstərib, 44 günlük Vətən müharibəsi günlərində isə açıq şəkildə işğalçıya dəstək verilib, ölkəmizin əleyhinə qətnamə qəbul edilib. Qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılması kimi cəfəng məqamlar yer alıb ki, bunun da yalan olmasının sübuta ehtiyacı yoxdur. İşğal müddətində ermənilərin Azərbaycanın tarixi, mədəni irsinə qarşı barbarlığı, məscidlərimizi təhqir etməsini bütün dünya görüb. Bunları görmək istəməyən Avropa Parlamenti isə qərəzli, ədalətsiz mövqeyi ilə nüfuzuna xələl gətirir, özünə olan inamı heçə endirir.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman AP-nin mövqeyinin tamamilə əsassız olduğunu bildirib: “Bizə qarşı ittihamlar, təhqirlər səsləndirildi və yalan məlumatlar yayıldı. Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir. Xüsusən də Vətən müharibəsindən sonra bir qətnamə qəbul edilmişdir. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil. Həmin qətnamə bu ilin mart ayında qəbul olunub. Yəni, müharibə bitəndən ilyarım sonrakı vaxta təsadüf edir”.
Dövlət başçısının AP nümayəndə heyətini qəbul etdiyi zaman səsləndirdiyi tənqidi fikirlər bu qurumda zaman-zaman ayrı-ayrı lobbi qruplarının ölkəmizə qarşı həyata keçirməyə çalışdığı təxribatlar, qəbul olunmuş qeyri obyektiv sənədlərə münasibətdir. Azərbaycan Avropa Parlamenti ilə də sağlam və qarşılıqlı faydalı əsasda münasibətləri inkişaf etdirməyə hazırdır. Amma bu qurum Aİ-Azərbaycan əlaqələrinin inkişafı yolunda problem olmamalı, ilk növbədə ümumAvropa maraqlarından çıxış etməli, Aİ-nin tərəfdaşları ilə konstruktiv münasibətlər formalaşdırmalı və inkişaf etdirməlidir.
Mövzu ilə bağlı “525”ə danışan Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, Avropa Parlamenti ölkəmizlə bağlı daim ikili standartlara əsaslanan qətnamələr qəbul edib: “Lakin son vaxtlar Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici siyasət, eyni zamanda uğurlu diplomatiya, Azərbaycan parlamentarilərinin Avropa Parlamenti ilə apardığı iş nəticəsində ölkəmizin mövqeyi bütün dünyaya çatdırılır, müsbət istiqamətdə çox ciddi addımlar atılır. Yəni əvvəllər tam başqa bir rakrusdan çıxış edirdilər, indi müəyyən qədər bu proseslərə aydınlıq gətirilir. Əvvəllər AP insan haqlarını daim bir problem kimi ortaya qoyaraq, ikili standartlı yanaşma sərgiləyirdi”.
Deputat hesab edir ki, Azərbaycan dünyaya sübut edə bildi ki, apardığımız 44 günlük müharibə haqq səsimizdir, heç kimin ərazi bütövlüyünə xələl gərirmirik, kiminsə ərazilərini zəbt etmirik: “Əsas məqam ondan ibarətdir ki, biz ikili standartlara qarşı ciddi arqumentlərimizi və faktlarımızı ortaya qoya bildik. Buna baxmayaraq yenə də müəyyən proseslər gedir, məlum məsələdir ki, Avropa parlamentariləri tək bir dövləti deyil, üzv ölkələri təmsil edirlər. Bir sıra dövlətlərin Ermənistanla münasibətlərinin hansı səviyyədə olduğu aydındır. Ona görə də mütləq şəkildə özlərinin ermənipərəst mövqelərini, lobbiçilik siyasətini ortya qoymağa çalışırlar. Lakin bunun da qarşısı alınır. Əsas məqam ondan ibarətdir ki, Avropa İttifaqı – həm onun prezidenti, həm komissiyanın rəhbəri birmənalı şəkildə başa düşürülər və bəyan edirlər ki, bu gün Azərbaycan dövləti Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısını alan ən ciddi dövlətlərdən biridir. Bu, artıq imzalanan memorandumlarda da, keçirilən görüşlərdə də özünü göstərir. Düşünürəm ki, bu istiqamətdə atılan ciddi addımlar bir sıra parlamentarilərin də öz mövqeyindən dönməsinə, Azəbaycana qarşı artıq başqa bir müstəvidən yanaşmanın olmasına gətirib çıxaracaq. Bu xarici siyasətdir, həm diaspora təşkilatlarımız, həm Xarici İşlər Nazirliyi, parlamentarilərimiz proseslərdə iştirak edir və bunun müsbətə doğru nəticəsi artıq göz qabağındadır”.
Politoloq Qabil Hüseynli isə “525”ə deyib ki, Avropa Parlamentinin Azərbaycana qarşı xeyli qərəzli hərəkətlərinin şahidi olmuşuq: “Əvvəla 44 günlük müharibə dövründə Fransanın Azərbaycan ordusu ermənilərə qarşı “soyqırım” aparır” deyimi sonradan çox uğursuzluğa düçar oldu. Çünki Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq öz torpaqlarını azad etdi və ordumuza qarşı bu cür iddiaların irəli sürülməsinin nə dərəcədə əsassız olduğu üzə çıxdı. Faktiki olaraq Avropa Parlamentində bir qrup – daha çox Fransanı təmsil edən deputatların qaldırdıqları iddialar iflasa uğradı. Müharibədən sonra da yeni iddialara əl atıldı. Burada erməni lobbisi daha fəal sürətdə iştirak edirdi. Təsəvvür edin ki, irəli sürülən iddia əvvəlki qədər dəhşətli, xoşagəlməz və əsassız idi. AP iddia edirdi ki, Azərbaycan ərazisindəki erməni dini və tarixi abidələrinə qarşı barbarcasına hərəkət edir. Əvvəla Azərbaycan ərazisində erməni abidəsi yoxdur, xristian kilsələləri var, onların da hamısı albanların tikdiyi və vaxtilə Rusiya işğalından sonra Alban Aftokefal kilsəsinin erməni Qriqoryan kilsəsinə birləşdirilməsi ilə Qriqoryan kilsəsi bu abidələr üzərində dini nəzarət hüququ qazandı. Amma sovet dövründə bu kilsələrin hamısı bağlı idi, çalışmırdı. Kilsələr daha çox Kəlbəcər və Laçın ərazilərində idi. Bu kilsələrin heç birindən bir kərpic belə qopmayıb. Kəlbəcərdəki Vəng kilsəsinin təmiri və restavrasiya işləri Azərbaycan hökuməti tərəfindən həyata keçirilib, indi bu kilsə bölgədə ən əzəmətli və qiymətli alban xristian kilsəsidir. Elə Laçında Ağdaban kəndində çox da böyük olmayan bir kilsə var ki, o da təmir edilib”.
Politoloq hesab edir ki, Avropa Parlamenti, eləcə də UNESCO illərlə ermənilərin barbarlığına, vəhşiliyinə göz yumub: “Fakt budur ki, Azərbaycan Prezidentinin dediyi kimi, işğal altında olan 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılıb. Onlar məscidlərimizdə donuz, inək saxlayıblar. Bununla belə, ermənilərə “gözün üstündə qaşın var” deyən yoxdur. Üstəlik, Azərbaycanın Şuşa şəhərində olan məscidlərə də böyük zərbələr vurulub, birinin arxitekturası dəyişdirilərək fars məscidi adı ilə təqdim edilməyə başlayıb. Biz dəfələrlə UNESCO-nu dəvət etmişik ki, gəlib o əraziləri öz gözləri ilə görsünlər, amma bu qurum ermənipərəst mövqeyindən əl çəkməyərək AP-dəki bir qrup deputat kimi yalançı, heç bir əsası olmayan faktları yaymaqla məşğuldur. Burda ermənipərəst mövqe, xristian təsəbbkeşliyi özünü açıq şəkildə göstərir. Bu qəbildən olan adamlar həm müharibədə qələbəmizə, həm də dövlətimizin uğurlu inkişafına kölgə salmaq üçün istənilən hədyanları uydurub, dövriyyəyə buraxırlar. Amma Prezident İlham Əliyev apardığı siyasət Avropanın özü üçün çox böyük siyasi və iqtisadi dividentlər gətirməkdədir. Azərbaycan Avropanın enerji təchizatında önə çıxmağa başlayıb. Gələcəkdə Azərbaycanın yolunu başqa türk dilli dövlətlərin enerji resurslarının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması da burada böyük rol oynaya bilər, yəqin ki, oynayacaqdır. Ona görə də Azərbaycanı “dilə dişə” salmaq məqsədilə ermənilərin dərmanına su tökən Avropa Parlamentinin üzvləri bilməlidirlər ki, Azərbaycan strateji ölkədir. Bu ölkədə ciddi multikultiralizm və tolerantlıq ənənələri var, hansı dinə mənsubluğundan asılı olmayaraq ölkəmizin ərazisində olan bütün abidələrə eyni yanaşmanı göstərib, lazım olan diqqət və qorunma həyata keçirilir. AP bu istiqamətdə uydurma təbliğatını dayandırmalıdır və güman edirəm ki, dayandıracaq”.
Pərvanə SULTANOVA



