Məktub - bir qarışlıq zərfdə insan taleyinin və həyatının ən kövrək duyğularının dünyadan qorunaraq yerləşməsidir. Təəssüf ki, çox vaxt bu məktublar yaşanılması mümkün olan, lakin yaşanmamış böyük sevgilərdən xəbər verir. Bu məktublar bəlkə də bu səbəbdən qiymətlidir, insan qəlbinin döyüntülərinin saxlanc yeridir... İnsan ruhunun baxışları vardır ki, onlar toxunduğu yerlərdə iz buraxa bilir. Bütün məktublarda sözə çevrilməyə gücü yetməyən sevgi vardır ki, onlar yalnız poeziya ola bilir...
Poeziya - təbiətin kainata bəxş etdiyi füsunkar gözəllikləri, gülün, çiçəyin rənglərini, yağışın səsini, yaxud ilin dörd fəslini sıralamaq və tərifləməklə kifayətlənməməlidir. Əslində bu harmoniyanın insan hisslərində, insan dünyasında yaranan və məhv olan gözəlliklərinin qarşılığında ədəbi təkanları kiçik başlanğıcları ilə qəlblərə toxunmalıdır.
Bəlkə də bu çiçəklər körpələrin ayaqları altında qalıb, yaxud sevgisini bildirmək üçün bir gənc oğlanın çılğınlığına düçar olub. Poeziya gözəlliyin deyil, onun məhvinin yerində yaranmış sevgini tərənnüm etməlidir. Şeir illərin susqunluğundan doğan kəlmələrin səbridir. Sanki şillə dəyən adamın ayılması kimi bir gün sənə yazılacaq məktubdakı üç-beş cümlə ilə həyatını dəyişdirəcək məhəbbət kimi...
Sənə məktub yazacam,
Yazacam şirin dillə.
Könlümü ovunduran,
Yazacam üç-beş cümlə.
İnsan öz ruhunun başlanğıc hisslərində yaşayır. İnsanlar dünyaya tək gəldikləri kimi, yaşadıqları bir ömürlük həyatda bütün hisslərini də yalnız yaşayırlar. Nitşeyə görə, duyğular zehnin zəif tərəfi olsa da, məhz bu duyğular insanın xarakterini formalaşdırır. Hələ də anlaşılmır ki, insan doğulanda niyə məhz gülməli yox, ağlamalıdır. Bəlkə də bu səbəbdən Nitşe mərhəməti gülünc sayırdı... Əslində yazılmayan bu üç-beş cümlədə bir insan hisslərinin illərlə girovundan bəhs olunur... və daha nələrdən...
Nə bilim daha nədən,
Yazılası çox şey var.
Amma yazmayacam mən,
Sənə olan sevgimdən.
İnsan sevgisi ilə dəyərlidir. Sevgidən və ondan doğan hissləri insanın ölçüsünü müəyyənləşdirir. Bu məktub, Xurşidbanu Natəvan adına mükafatın laureatı, Azərbaycandakı bir neçə hərbi birləşmənin, ordu hissələrinin diplom və fəxri fərmanlarını almış, xarici ölkələrin ödüllərinə layiq görülmüş, Oksford Akademiyasının fəxri professoru, "Milan Hospitalı"nın icraçı direktoru Xuraman Muradovaya aiddir. O, dünyada gördüyü bütün varlıqları və özünün bəlkə də heç vaxt etmədiyi şıltaqlıqlarını təbiətin dili ilə aydınlaşdırır:
Sənə məktub yazacam,
Yağışın yağmasından.
Günəşin doğmasından,
Küləyin əsməsindən.
İnsan hər şeydən yaza bilir, lakin qəlbinin vücudunun qatlarına hifz etdiyi ən incə və müqəddəs hisslərini nə dilə gətirə bilir, nə də yaza bilir. Hər qəlbin öz sevgi tərifi olduğu kimi, duyğuları da müxtəlifdi. Yalnız adı birdir: sevgi... bu seirdə hər şeydən yazmaq istəyən müəllif yalnız yaşadaraq böyüdüb əzizlədiyi hər kəsdən doğma olan xəyallarda baş alıb gedən ümidlərindən yazmır: "Amma yazmayacam sənə olan sevgimdən". Yoxluğun boşluğunu yalnız sevgi ilə dolduran həsrət məktubu ədəbiyyatda xüsusilə poeziyada çox rast gəlinir.
Həyatını yalnızlıqda keçirən və yalnızlığı müdafiə edən Pol Start sevgilisinə: "Mənə sən lazımsan, qalanları yalnız təsadüf" yazmışdı bir məktubunda. Otuz il şeirlərinin ilk oxucusu olduğu sevdiyi qadınla nə evlənən, nə də ona sədaqət göstərən Start onun haqqında: "O olmasaydı, bu yaşam təcrübəsinə və bu şeirlərə sahib ola bilməzdim" - demişdi. Xuraman Muradovanın şeirlərindəki "təklik" də məhz ayrılmaların bayramı, yalnızlığın sülh rəmzidir. Onun təkliyi tənhalığın təqvimindəki günlərin birində yazacağı, yerlə göyün arasında yaşanmış və qələmə alınmış inadkar bir məktubla ifadəsini tapır:
Sənə məktub yazacam
Xatirəmdəki izdən
Sənə məktub yazacam
Yerdən, göydən, dənizdən...
O, şeirlərində sevgisini təkbaşına yaşatdığı müxtəlif duyğularını qarşı-qarşıya qoyur. Hər insan bir hekayə, hər sevgi bir şeirdir. Şair insanın beynindən keçən duyğularını, Əshabi-Kəhf dağı kimi qəlbində yatan susqun arzularını bir arxeoloq kimi qazaraq üzə çıxarır, səssizcə... Sevginin dəruniliyini izah etmək üçün söz kasadlığından əziyyət çəkən Xuraman Muradova sevgilisini dünyada gördüyü ən mücərrəd varlığa bəlkə də bəhrlənməmiş qafiyəyə bənzədir. Əslində bu məktubda yazdıqlarından çox yazmadıqları diqqət çəkir: "Sənə məktub yazacam..."
Bu səssizlik 29 yaşında intihar edən türk şairi Nilgün Marmaranın şeirlərini xatırlatdı mənə... Sonsuzluğun səssizliyində göyqurşağını dar ağacı kimi görən, doğulmadan öncə və ölüm sonsuzluğundakı asılan insan vücudlarıtək...
Şimdisi yitik
diziyor diziyor notalarını,
göğe ışık üzerine boncuklarını,
ucuza getiriyor varlığını
sonsuzun sessizliğiyle
sonlunun gürültüsü arasında,
O bitirince kıyısında gezindiği
yol çöküyor...
(Gökkuşağından Darağacı)
Xalq şairi Nəriman Həsənzadənin təkidi ilə şeirlərini oxucularına təqdim edən Xuraman xanımın yaradıcılığı ilə bir mahnının, səsin izi ilə rastlaşmışıq. 2011-ci ildə Heydər Əliyev Fondunun muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə keçirdiyi Televiziya Muğam Müsabiqəsinin və 2013-cü ildə "Muğam Aləmi" 3-cü Beynəlxalq Muğam Festivalının qalibi olmuş Mirələm Mirələmovun səsi bu poeziyaya yeni nəfəs verdi. Musiqisi istedadlı bəstəkar Ruslan Səfərovun olan bu mahnı milyonların sevgisini qazandı.
Həqiqi poeziya uşaq kimidir, səmimiliyi və qayğını hiss etdirməlidir. Səhifənin bir küncünə sütun kimi düzülən hər şeir poeziya ola bilmir. Poeziya, milyonlarla insanın sevgisinin yerləşdiyi bir ovuc boyda qəlbi titrədərək bilinc altındakı hisslərin taleyini düşünməlidir. Təsadüfi deyil ki, ən gözəl şeirlər sevgidən yaranır. Sevgisiz şeir, uşaq evində böyüyən körpəyə bənzəyir. İnsanın sevgi ilə qarşılaşması isə özü şeirdi, poeziyadı, ən gözəl şərqidir... Sənə məktub yazacam...
Sənə məktub yazacam,
Ya bu gün, ya da sabah.
Əsas odur, yazacam,
Amma oxu, sən Allah.