Sentyabr ayı musiqisevərlər üçün uzun illərdir ki, Üzeyir bəyin adı ilə bağlıdır. Maestro Niyazinin təşəbbüsü ilə hər il dahi bəstəkarın doğum günü Bakı Musiqi Akademiyasının qarşısında xüsusi tədbir keçirilərdi. 1995-ci ildən etibarən, 18 sentyabr rəsmi şəkildə Milli Musiqi günü kimi qeyd edilməyə başlandı. Artıq 14 ildir ki, bu günü Üzeyir Hacıbəyli adına Belnəlxalq Musiqi Festivalı çərçivəsində təntənəli şəkildə qeyd edirik. Dünyanın bir sıra tanınmış ifaçıları, orkestrləri festivala dəvət olunur, həmçinin, yerli musiqi kollektivləri, teatrları mövsümü açıq elan edərək, müxtəlif konsert proqramları ilə çıxış edirlər. Son illər festivalın coğrafiyası genişlənib. Adı çəkiləndə minbir hiss yaşadığımız Şuşa şəhərində iki ildir ki, festivalla bağlı konsert proqramları təşkil edilir. Bundan başqa, Gəncə, Ağdam, Ağcabədi, Bərdə və Sumqayıt şəhəri də festivala cəlb olunur.
Builki festivalın miqyası, tədbirlər planı çox geniş idi. 18-26 sentyabr tarixlərində müxtəlif konsepsiyalar, ideyalar ətrafında cəmlənən, məramı və məqsədinə görə 20-dən çox fərqli konsert keçirildi. Müxtəlif konfrans, film nümayişi, sərgi, açıq dərsləri də qeyd etməliyik. Əlbəttə, festivalın bütün proqramını əhatə edib haqqında rəy bildirmək çox çətindir. Cədvəlin sıxlığı, bəzən eyni gündə bir neçə vacib tədbirin olması, hər birində iştirakın mümkünsüzlüyü təəssüf doğururdu. Amma dinləyicisi olduğum bəzi konsertlərlə bağlı təəssüratlarımı bölüşmək istərdim.
Festival əsasən xoş, ürəkaçan, dəyərli anları ilə yadda qaldı, musiqi cameəsinin insanları üçün bayrama çevrilə bildi, yüksələn xətlə inkişaf edib möhtəşəm sonluqla tamamlandı. Bununla yanaşı, festival musiqi mədəniyyəti sahəsində mövcud olan bir sıra problemli məqamları da üzə çıxardı.
“Vəzifeyi-musiqiyyənin təqib etdiyi məqsəd odur ki, Azərbaycanda yaşayan ümumxalq mərifəti musiqiyyədən hissəbərdar olub, zövqlərinə tərbiyyə vermək üçün gözəl musiqilər eşitmək ehtiyacını rəf edə bilsinlər” -Üzeyir Hacıbəyli
Festivalın ilk, açılış konserti Müslüm Maqomayev adına Filarmoniyada baş tutdu. Proqrama “Koroğlu” uvertyurası, Fikrət Əmirovun Violin və piano üçün ikili konserti, Kamil Sen-Sansın İntroduksiya və rondo-kapriççiozo və P. Bülbüloğlunun Violin və orkestr üçün konserti daxil olunmuşdu. İlk hissədə orkestrə dirijor Mustafa Mehmandarov rəhbərlik edirdi. Fikrət Əmirovun İkili konsertini Fransadan olan gənc solistlər - Slava və David Gerşoviç qardaşları ifa edirdi. Bacardıqları qədər əsərin milli xüsusiyyətlərini, abu-havasını duymağa və ifadə etməyə çalışırdılar. Bir zamanlar Mustafa Mehmandarov özü də bu konserti solist qismində çox böyük şövqlə ifa etmişdi. Bu gənclərin ifası, o qədər parlaq olmasa da, milli musiqimizin təbliği mənasında (məsələn, daimi repertuarlarına daxil olunduğu təqdirdə digər ölkələrdə ifası) dəyərli idi. İkinci hissədə dirijor pultu arxasında tanınmış rusiyalı dirijor Serqey Skripka, solist qismində isə Vadim Repin çıxış edirdi. Əlbəttə, bu hissədə əsas diqqət Polad Bülbüloğlunun ilk dəfə ifa olunacaq konsertinə yönəlmişdi. Çünki, K. Sen Sansın İntroduksiya və rondo-kapriççiozosu, gözəl əsər olsa da, açılış konsertinin ümumi atmosferinə bir qədər uyğun gəlmirdi. Bildiyiniz kimi, Polad Bülbüloğlu “Babək” filminin musiqisinin müəllifidir. Bu əsərdə də, xüsusən, II və III hissələrdə həmin filmdən olan tanış intonasiyaları, melodiyaları duymaq olurdu.
“Qafqaz millətləri içində musiqiyə ən müstəid olanları Azərbaycan türkləridir desək, zərrəcə mübaliğə olmaz” –Üzeyir Hacıbəyli
Bütün həyatı boyu gənclərə hər cür dəstək verən Üzeyir bəyin adı ilə bağlı bu festivalda “Üzeyir sənətinin gənclik sədaları” istiqamətinin olması çox simvolik və doğru idi. Bu başlıq altında artıq kifayət qədər sevilən və tanınan, bədii rəhbəri Türkər Qasımzadə, konsertmeysteri Samir Əsədov olan “Cadenza”orkestrinin çox maraqlı konsertini qeyd edək. Bundan başqa, festivalda gənclərlə bağlı daha bir neçə diqqətəlayiq konsert baş tutdu: Kamera və Orqan Musiqiqisi zalında “Gənclərə dəstək”, digər bir gün isə “Detaşe” violinoçular ansamblının konserti.
ADMİU-nin nəzdində fəaliyyət göstərən “Cadenza” ansamblı, məqsədyönlü şəkildə, bir tərəfdən geniş anlamda musiqi maarifçiliyi, digət tərəfdən isə dünya və Azərbaycanın çağdaş bəstəkarlarının əsərlərinin ifası, premyeraları ilə məşğuldur. Bu mövsümdəki ilk konsert də istisna olmadı. Azər Dadaşovun “Angels day” 14 saylı simfoniyası, Firəngiz Əlizadənin “Crossing II” və Firudin Allahverdinin balaban və orkestr üçün “Barokko” konserti səsləndi. Üç maraqlı, emosional baxımdan fərqli, müasir müsiqimizin inkişaf tendensiyalarını özündə əks etdirən əsər. Azər Dadaşov simfoniyanı anasının vəfatından təsirlənərək yazmış, ona həsr etmişdir. Kamera orkestri üçün yazılmış faciə, çıxılmazlıq, tənhalıq və bütün bunlara baxmayaraq, sonda ümid saçan əsər bu günlərin təzadlı abu-havası ilə çox səsləşərək, dəyərli bir sənət nümunəsi kimi çoxlarının diqqətini cəlb etdi. Firudin Allahverdinin milli alətimiz olan balabanın kamera orkestri ilə Barokko üslubunda sintez cəhdi də çox qeyri-adi idi. Yeni tembr çalarları, ritm-intonasiya oyunları, ansambl və solo deyişmələri - bütün bunlar konsertin birinci hissəsini çox orijinal edə bilmişdir. Bu yaradıcı kəşfə görə bəstəkarı təbrik etmək olar. Təəssüf ki, bu xətt konsertin II və III hissəsində davam etdirilməmişdir. Daha çox kino və ya teatr musiqisini xatırladan, akademizmdən kənar üslubda yazılmış bu hissələr, bəlkə də, müstəqil nömrə kimi maraqlı ola bilərdi, amma konsertin davamı kimi çətin qəbul edildi. Firəngiz Əlizadənin çevik ansambl-solo ötürmələri ilə zəngin “Crossing II” əsəri daxil olmaqla, bütün əsərlərin ifası “Cadenza”nın vahid, bir-birini gözəl anlayan, ən incə məqamları duya, səs fəzasını mənalandıra bilən ansambl kimi formalaşmasından bəhs edirdi.
“Zəmanəmizə layiq musiqi əsərləri yaradaq”-Ü.Hacıbəyli
Festivalın növbəti konserti - “İlk ifalar” adlanırdı. Əvvəlcə, ifaçıları qeyd etmək istərdim. Azərbaycan Dövlət Simli Kvarteti – Soltan Məmmədova. Vaxtanq İmanov, Aleksey Miltıx, Ceyidova Seyidova, Dövlət fortepiano triosu – Elnarə Kəbirlinskaya, Səbinə İbrahimova, Töhfə Babayeva, solistlər Leyla Əliyeva və Aynur Xəlilova. Premyeraların öz çətinliyi, məsuliyyəti var, xüsusən də söhbət müasir dövr bəstəkarlarının əsərlərindən gedirsə. Afişanı görən kimi diqqətimi cəlb edən ilk əsər Elmir Mirzəyevin trio və səs yazısı üçün “Epitaf” əsəri oldu. Əsər Xocalı faciəsinə həsr edilib. Anna Axmatovanın “Rekviem”inin mətnlərindən istifadə olunan “Epitaf” son dövrlər eşitdiyim ən təsirli, müstəsna əsər kimi xatirimdə qaldı. Kamera və Orqan Musiqisi zalının xüsusi atmosferi, akustik imkanları fonunda musiqiçilərin anlamlı və məsuliyyətli ifası əsərin bədii keyfiyyətlərini qabartmağa kömək oldu. Həmin gün ifa olunan əsərlərdən Röya Hüseynovanın Simli Kvartetini də qeyd etmək olar. Son hissələrdə Dmitriy Şostakoviçdən xatırlatmaların daha çox olmasına baxmayaraq, forma baxımından düşünülmüş əsər kimi diqqəti cəlb etdi. Digər səslənən əsərlər haqda, təəssüf ki, rəy bildirməkdə çətinlik çəkirəm.
Festivalın “Üzeyir ənənələrinin sönməyən ulduzları” silsiləsi bir neçə konsertlə qeyd edildi. Onlardan biri Fikrət Əmirovun 100 illik yubileyi ilə əlaqədar olaraq, ABŞ-da keçirilən bəstəkarlıq müsabiqəsinin qala konserti idi. Bu maraqlı və dəyərli təşəbbüslə ABŞ-da yaşayan həmyerlimiz, pianoçu Nərgiz Əliyarova çıxış etmiş, Milii Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri kimi iyirmidən çox ölkənin bəstəkarının müsabiqədə iştirakına nail olmuşdur. Dəyərli bəstəkrımız Rəhilə Həsənovanın da daxil olduğu münsiflər heyətinin qərarı ilə R. Czura (Almaniya) və İ. Areşidze (Gürcüstan) 3-cü yer, J. Destro (ABŞ) 2-ci yer, L. Sen (Çin) 1-ci yerə layiq görülmüşlər. Qeyd edək ki, keçən il müsabiqə Üzeyir Hacıbəyliyə həsr edilmişdi. Müsabiqənin məğzi bəstəkarlarımızın mövzuları əsasında əsər bəstələnməsi, təmamilə yeni yaradıcı sintezin ortaya çıxmasından ibarətdir. Sözsüz ki, hər mənada diqqətəlayiq bir layihədir. Son illərdə bir sıra xarici bəstəkarların əsərlərində milli musiqimiz, əsasən də xalq mahnılarımızdan istifadəyə rast gəlmək mümkündür. Bu müsabiqə isə mədəniyyətlərarası dialoqun, multikulturalizmin növbəti mərhələsi, təcəssümü kimi qəbul edilə bilər - bir tərəfdən bəstəkarlarımızın yaradıcılığının tanınması, öyrənilməsi, digər tərəfdən isə yeni sənət nümunələrinin yaranması. Təsvirçilik olmasın deyə, qalib gələn əsərləri ümumən səciyyələndirərək, onları obraz və məzmun baxımından fərqli, F.Əmirov sitatlarına təmamilə müasir, bəzən heç gözləmədiyimiz baxış sərgiləyən müxtəlif tərkiblər üçün yazılmış ciddi sənət nümunələri kimi xarakterizə etmək olar. Növbəti qala konsert oktyabrın 20-si Nyu-Yorkdakı Linkoln Mərkəzinin Bruno Walter Auditoriumunda baş tutacaq.
“Mən istərdim ki, Azərbaycan bəstəkarları öz doğma xalqının musiqi dilində simfoniyalar yaratsınlar.” - Ü.Hacıbəyli
“Üzeyir ənənələrinin sönməyən ulduzları” silsiləsinin ikinci konserti “Muğamdan simfoniyaya” doğru adlanırdı. M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Ü. Hacıbəyli adına Dövlət Simfonik Orkestrı Fikrət Əmirovun “Kürd-ovşarı” simfonik muğamını, Aqşin Əlizadənin 4 saylı simfoniyasını və Niyazinin “Rast simfonik” muğamını ifa etdi. Festivalın ən yaddaqalan konsertlərindən biri musiqişünas Zümrüd Dadaşzadənin müstəsna çıxışı ilə başlandı və bu çıxış bütün konsertə gələnləri təqdim olunacaq konsepsiyanın nə qədər böyük bir əhəmiyyətə malik olması, hər üç bəstəkarın yaradıcılığındakı muğam-simfoniya sintezinin özünəməxsusluğu, estetik fərqi, inkişaf modelləri və əlbəttə ki, bütün bunların Üzeyir bəy ənənələrinin davamı olması kimi bir çox vacib məqamlarla tanış edib lazımı dalğaya köklədi. Orkestrimiz də həmin konsertdə, ümumən, gözəl çıxış etdi. Çox mürəkkəb, ifaçı və dinləyicini ekstaz halına (kaş xanəndənin sondakı ifası daha autentik və mənalı olardı) salan 4-cü simfoniyadan sonra nikbin, məğrur, insanı riqqətə gətirən “Rast”ı ifa etmək elə də asan iş deyildi. Bu baxımdan, proqramın ardıcıllığı mənim üçün bir qədər mübahisəli idi. Hər konserti şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayır, səslənən əsərlərdə, sanki, yeni mənalar kəşf edib, onları fərqli kontekstlər, yeni reallıqlar fonunda qavrayırdıq. Əvvəl proqramın 4-cü simfoniya ilə bitməsini daha məqsədəuyğun hesab etsəm də, Zümrüd Dadaşzadənin Aqşin müəllimə istinadən musiqimizdə qalibiyyət ruhunun vacibliyini vurğulayan fikri bu taleyüklu dönəmlərdə konsertin, məhz belə, Rastın inam və dirçəliş ruhlu intonasiyaları ilə tamamlanmasının daha doğru olmasını təsdiq etdi. Sadəcə, bu konsertdə sual doğuran bir məsələ var idi, o da “Kürd-ovşarı” kimi dahiyanə əsərin ixtisarla səslənməsi. Zənnimcə, buna heç bir ehtiyac yox idi. Sadəcə Azərbaycan, həmçinin, dünya klassik musiqi inciləri hesab etdiyimiz bir çox əsərlərin bəzən özünü doğruldan, bəzən isə ona ciddi xələl gətirə bilən redaktə və ya ixtisar olunmuş variantının mövcudluğu hamıya bəllidir. Məsələyə birmənalı yanaşmaq çətin olduğu üçün müəyyən müzakirə və reaksiyaların yaranması da təbii və zəruridir.
Nəhayət, festivalın son iki günü və “Türk yurdunun musiqi aləmi” adlı tarixi əhəmiyyətli iki konserti. Türk xalqlarının milli və əsasən akademik musiqi mədəniyyətini, bəstəkar yaradıcılığını təbliğ edən konsepsiyanın ideya müəllifi musiqişünas Zümrüd Dadaşzadədir və bu xətt ilk dəfədir ki, festivalda öz əksini tapır. Birinci konsert dirijor Fəxrəddin Kərimovun rəhbərliyi altında Q. Qarayev adına Kamera orkestrinin iştirakı ilə baş tutdu. Bu konsertdə türk bəstəkarı Hasan Ferit Alnarın solist Çinarə Heydərovanın ifasında Qanun üçün konserti, yaradıcılığında folklor nümunələri üzərindən Qərb-Şərq sintezinə xeyli yer ayırmış macar bəstəkarı Bela Bartokun “Divertisment”i və Cavanşir Quliyevin Üzeyir Hacıbəyliyə həsr etdiyi “Dastan” simfoniyası səsləndi. Düşünürəm, hər üç əsərin mümkün olan ən gözəl ifa variantlarından birini eşitdik. Qanun konsertinin forma-struktur boşluqları solistin birnəfəsə, dolğun ifası ilə yaxşı tənzimlənirdi. Həmçinin, Divertesmentin xırda melizmatikasından mürəkkəb ritm strukturları, dramatizm dolu hissələrinə qədər bütün komponentlər ifada öz əksini tapdı. Cavanşir Quliyevin “Dastan” simfoniyasındakı instrumental teatrla bağlı olan məqamlar, solist Rövşən Əmrahovun canlandırdığı obrazın virtuoz, eskpressiv təqdimatı da yüksək səviyyədə idi.
Üzeyir Hacıbəyli adına XIV Beynəlxalq Musiqi Festivalının bağlanış konserti ideya əhəmiyyəti, həyata keçirilmə səviyyəsi, həm də tamaşaçıların interaktivliyi, musiqiçi-dinləyici ünsiyyəti baxımından ən yaddaqalan konsertlərindən biri oldu. Türk yurdunu Azərbaycandan Aliyə Məmmədova “Xəyal” simfoniyası (IV və V hissələr), Özbəkistandan M. Bafoyevin “Soğd freskaları”, Tatarıstandan Elmir Nizamov “Səma hərəkəti”, Türkmənistandan Mərdan Bəşimov “Külək susanda”, Qazaxıstandan Aktotı Raimkulova “Dala sırı” əsərləri ilə təmsil edirdi. Başlanğıcda isə pianoçu Nərgiz Əliyarova Fikrət Əmirov və Elmira Nəzirovanın Ərəb mövzularında fortepiano ilə orkestr üçün yazılmış konsertini ifa etdi. Xüsusi olaraq bu gecədə orkestrə rəhbərlik edən tatarıstanlı dirijor Ayrat Kaşayevi qeyd etmək istərdim. Məhz onun özəl, həssas yanaşması, professionallığı, adi ünsiyyətdə çox sakit biri kimi görünsə də, səhnədəki emosionallığı ilə bütün orkestri cəmləməyə qadir olan fərdi dirijorluq üslubu sayəsində bu mürəkkəb konsert proqramı ən yüksək səviyyədə həyata keçdi. Bəstəkar Arzu Məmmədovanın məqaləsində çox doğru qeyd edildiyi kimi, “Konsertin əhəmiyyəti yalnız musiqi hadisəsi olmaqdan xeyli kənara çıxdı. O, zaman və məkan fərqinə baxmayaraq, türk dünyasının müxtəlif bəstəkarlıq məktəblərinin ümumi genetik kodlarını aşkar şəkildə üzə çıxara bilən indikator rolunu oynadı. ”Giriş sözü ilə çıxış edən musiqişünas Zümrüd Dadaşzadə də bu birlik həyəcanı, bizi birləşdirən dəyərlər, Üzeyir bəyin bu kontekstdə tarixi əhəmiyyəti barədə müfəssəl məlumat verdi. Sonda Qazaxıstandan olan “Turan” folklor ansamblı daha bir əlavə nömrə ilə çıxış etdi. Bu, saf, qədim, energetikası ilə insanları cuşa gətirən folklor nümunəsi, sanki, Üzeyir bəyin xəlqilik barədə fikirlərinin təcəssümü idi. XX və XXI əsrin bütün mürəkkəb bədii axtarışları – Aliyə Məmmədovanın ağrı-acı dolu yaşantıları, Elmir Nizamovun qeyri-adi, mürəkkəb səs fəzası, Mustafa Bafoyevin özünəməxsus retrospektivliyi, Mərdan Bəşimovun impressionistik səs tablosu və Aktotı Raimkulovanın ənənəvilik və müasirlik sintezindən sonra səslənən qazax xalq mahnısı bizi bir anlıq qədim köklərimizə qaytararaq ruhən daha güclü etdi və tamaşaçıların uzun sürən çoşğulu alqış sədaları altında festival başa çatdı.
Üzeyir Hacıbəyli adına XIV Beynəlxalq Musiqi Festivalının proqramı bu zamana qədər keçirilənlərdən xeyli fərqlənirdi. Konsertlərin sayı çox, təmayüllər rəngarəng, istiqamətlər müxtəlif idi. Bu, əsasən, özünü doğruldur, müsiqisevərlər üçün geniş seçim imkanları yaradırdı. Bəzən də təşkilatı məsələlərdəki müəyyən nöqsanların üzə çıxmasına səbəb olurdu. Lakin, istənilən halda, musiqiçilərimizin Üzeyir bəyin adını daşıyan sənət bayramına aidiyyatlarının olma həvəsini anlayır, dəstəkləyir, bu təşəbbüskarlığın il boyu davam etməsini arzu edirik. Həmçinin, festivalın dinləyici auditoriyasının daha geniş və məlumatlı olması, televiziya və sosial şəbəkələr vasitəsilə geridönüşlərin, müzakirələrin, müxtəlif proqramların, sanballı festival gündəliklərinin hazırlanması onun əhəmiyyətini, cəmiyyət üçün faydasını daha da artıra bilər.