“Dövlət İmtahan Mərkəzi (DİM) son 3 il ərzində 9-cu sinflərin buraxılış imtahanının məzmununda azı 4 dəfə dəyişiklik edib. Mərkəz bu dəfə də xarici dillə bağlı imtahan məzmununda dəyişiklik edib. Əvvəllər 9-cu sinifdə təhsil alan şagirdlərin xarici dil üzrə bir neçə test tapşırığı nümunələrində bilik və bacarıqları yoxlanılır və ölçülürdü. Bu dəfə edilən dəyişikliyə əsasən yazı ilə bağlı mətn sualı çıxarılır, bunun yerinə imtahan kitabçasında olan 3 şəkil azı 5 cümlə ilə ifadə olunmalıdır. Həmçinin bir imtahanda övladlarımızın bilikləri müxtəlif formalarda yoxlanılır. Oxuyub-anlama, dinləyib-anlama, qrammatik bilikləri və yazı qabiliyyətləri. Üç saatlıq imtahanda şagird xaric dillə bağlı bir neçə bacarığı nümayiş etdirməlidir. 9-cu sinif şagirdləri üçün bir neçə bacarığı 1 saat içərisində təqdim etmək çox çətindir. İmtahan müddətində hər fənnə 1 saat vaxt düşür. Bu şagird 1 saat içərisində hansı bacarığını göstərsin?".
525.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, imtahanları bu qədər çətinləşdirməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, 9-cu sinflərin buraxılış imtahanına az zaman qalıb.
Şagirdlərin aprel ayına kimi bu qədər bilik və bacarıq formalaşdırması çətindir.
Bununla belə K. Əsədov söyləyir ki, ingilis dilini yaxşı mənimsəməyənlər gələcəkdə iş tapmaqda, beynəlxalq şirkətlərdə çalışmaqda müəyyən çətinlik çəkəcəklər:
"Bu kimi halları nəzərə alsaq ingilis dilinin genişləndirilməsi müsbət bir haldır. Amma bunun üçün gərək məktəblərdə bu biliklər şagirdlərə verilsin. Əks halda dinləyib-anlama ilə bağlı imtahana sualların salınmasının bir nəticəsi olmayacaq".
Sevinc Qarayeva