Qambiya hökuməti ölkədə böyrək çatışmazlığından ən azı 70 uşağın ölümünə öskürək siropunun səbəb olduğunu hələ təsdiqləmədiyini bildirib.
525.az xəbər verir ki, Qambiya Narkotiklərlə Mübarizə Agentliyinin rəsmisi Tijan Jallow açıqlamasında bildirib ki, agentlik hər bir uşağın hansı dərmanları qəbul etdiyini dəqiq müəyyən etməyə çalışır. Öskürək siropunun uşaq ölümlərinin səbəbi olduğunu hələ təsdiq edə bilmədiklərini ifadə edən Jallow: "Hələ dərmandan qaynaqlandığı qənaətinə gəlməmişik. Çox uşaq heç bir müalicə almadan öldü", - deyib. Jallow həyatını itirən bəzi uşaqların qəbul etdiyi dərmanların da sınaqdan keçirildiyi və dərmanların "yaxşı" olduğu barədə məlumat paylaşıb.
Qeyd edək ki, Qambiyada keçən ay ən azı 70 uşağın tərkibində parasetamol olan yerli şərbətdən istifadə etdikdən 3-5 gün sonra öldüyü iddia edilirdi.
Məhəmməd Tağıyev