Avstraliyanın müdafiə naziri Riçard Marles ABŞ-ın Avstraliyanın şimalına yerləşdirməyi planlaşdırdığı nüvə tutumlu "B-52" bombardmançılarının 1980-ci ildən bəri bölgəyə təlim keçmək üçün gəldiyini və qərarın "təxribat" olmadığını bildirib.
525.az xəbər verir ki, nazir Marles mətbuata "ABŞ-ın B-52 bombardmançılarını Avstraliyaya yerləşdirmək və hərbi obyektləri inkişaf etdirmək planı" ilə bağlı danışıb. Nüvə raketləri daşıya bilən təyyarələrin yerləşdirilməsinin “təxribat xarakterli olub-olmadığı” sualına Riçard Marles belə cavab verib: "Məncə, burada hər kəs dərindən nəfəs almalıdır. Bu təyyarələr 1980-ci ildən Avstraliyaya gəlir. 2005-ci ildən burada məşq edirlər. Bütün bunlar 2017-ci ildə yaradılmış təşəbbüsün bir hissəsidir".
ABŞ-dan müdafiə təlimi aldıqlarına və bunu ABŞ təyyarələri ilə etdiklərinə diqqət çəkən Marles ABŞ-ın Tindal Hava Bazasına qoyduğu sərmayələrin Avstraliya üçün də əhəmiyyətli faydaları olduğunu söyləyib. Bəzi avstraliyalı ekspertlər ABŞ-ın ölkədə artan varlığının Avstraliyanı ABŞ-Çin mübarizəsində daha çox hədəfə çevirdiyi qənaətindədir. Çin xarici işlər nazirliyinin sözçüsü Cao Licien ABŞ-ın bu təşəbbüsünün silahlanma yarışını artıra biləcəyi barədə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, Avstraliyanın ABC Yayım Korporasiyasının "Dörd künc" proqramında dərc olunan hesabatda ABŞ-ın Avstraliyanın şimalındakı Tindal aviabazasına 6 ədəd B-52 bombardmançı təyyarəsi yerləşdirməyi planlaşdırdığı üzə çıxmışdı.
Məhəmməd Tağıyev