Avstraliyanın Pert şəhərində dostları ilə məktəbdən evə gedərkən bir nəfərin hücumuna məruz qaldıqdan 10 gün sonra xəstəxanada dünyasını dəyişən aborigen Kassius Turvey üçün Avstraliyada nümayişlər keçirilib.
525.az xəbər verir ki, Turvenin ailəsi və minlərlə avstraliyalı hücumlara qarşı əyalət paytaxtlarında, eləcə də ölkə daxilində 40-a yaxın yerdə təşkil edilən etiraz aksiyalarına qatılıb. Qərbi Avstraliyanın paytaxtı Pert şəhərində baş verən hücumu "irqi motivli" olaraq xarakterizə edən nümayişçilər yerli olan 15 yaşlı Turveyi öldürməkdə günahlandırılan 21 yaşlı Cek Stiven Ceyms Brearlinin ən ağır cəzasını tələb ediblər. Melburnda təxminən 2 min adamın iştirak etdiyi anım mərasimində edilən çıxışlarda aborigen gənclərin küçələrdə qorxmadan və sərbəst gəzə bilmələri üçün lazımi tədbirlərin görülməsi istənilib.
Aborigen gəncləri qorxmamağa çağıran Yaşıllar Partiyasından Viktoriya senatoru Lidia Thorpe: "Bu gecə burada olan gənclərimiz, Kassius kimi, siz də xəyallarımızın övladlarısınız. Biz sizi görürük, hiss edirik və qucaqlayırıq", - deyib. Qərbi Avstraliya Polisinin açıqlamasına görə, oktyabrın 13-də məktəbdən evə gedərkən qara rəngli avtomobildən düşən Ceyms Brearli tərəfindən Turvey və dostlarına dəmir barmaqlıqla hücum edilib. Ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırılan Kassius hadisədən 10 gün sonra, oktyabrın 23-də xəstəxanada dünyasını dəyişib. Polis tərəfindən yaxalanan və qətldə ittiham olunan Brearli gələn ay Pertdə məhkəmə qarşısına çıxacaq.
Qeyd edək ki, polis avtomobildəki digər şəxslərin hücumda iştirak edib-etmədiyini araşdırmağa davam edir.
Məhəmməd Tağıyev