Ümumdünya Meteorologiya Təşkilatı son 30 ildə Avropada temperaturun qlobal temperaturdan iki dəfədən çox artdığını açıqlayıb.
525.az xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən dərc edilən Avropada İqlim Vəziyyəti hesabatında 1991-ci ildən 2021-ci ilə qədər qitədə istiləşmə sürəti qiymətləndirilib. Hesabata görə, bu müddət ərzində Avropada temperatur hər 10 ildən bir 0,5 dərəcə Selsi yüksəlib ki, bu da qlobal səviyyədən iki dəfə çoxdur. Fövqəladə temperatur artımı səbəbindən Alp dağlarında buzlaqlar 2021-ci ilə qədər 30 metr incəlib. Qrenlandiyada buz təbəqələrinin həddindən artıq əriməsi dəniz səviyyəsində görünməmiş bir artıma səbəb olub.
Hesabatda fikirləri yer alan WMO-nun baş katibi Petteri Taalas bəyan edib ki, Avropa ilə bağlı bu statistikalar ekstremal hava və iqlim hadisələri qarşısında heç kimin təhlükəsiz olmadığını göstərir. Taalas: "2021-ci ildə Avropanın əksər hissəsində güclü isti dalğaları, quraqlıq və meşə yanğınları baş verdi, eyni zamanda həddindən artıq daşqınlar ölümlərə səbəb oldu", - deyib. Avropada istixana qazı emissiyalarının əhəmiyyətli dərəcədə azalmasını müsbət hesab edən Taalas: "Avropa əsrin ortalarına qədər Paris sazişini yerinə yetirmək üçün karbon-neytral mövqeyə nail olmaqda əsas rol oynaya bilər", - ifadələrini işlədib.
Məhəmməd Tağıyev