Bəhreyn ABŞ-dan F-16 təyyarələri alıb. ABŞ-ın Manamadakı səfiri Stiven Bondi Bəhreynin son model "F-16 Block 70" döyüş təyyarələri aldığını açıqlayıb.
525.az xəbər verir ki, Bondi yerli mediaya bildirib ki, paytaxt Manamada keçirilən Beynəlxalq Hava Sərgisi ABŞ və Bəhreyn tərəfləri arasında Lockheed Martin şirkəti və Bəhreyn Silahlı Qüvvələrinin yeni döyüş təyyarələrinin xüsusiyyətləri, variantları və çatdırılmasını müzakirə etmək üçün yaxşı fürsətdir.
Bəhreynin Cənubi Karolinada Lockheed Martin şirkətinin istehsal etdiyi son model "F-16 Block 70"i aldığını ifadə edən Bondi, sifariş edilən təyyarələrin sayı ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, Bəhreynin paytaxtı Manamada bu gün başlayan Beynəlxalq Aviasiya Sərgisinin noyabrın 11-dək davam edəcəyi gözlənilir. Sıhayr Hava Bazasında keçirilən yarmarkada Türkiyə də daxil olmaqla 30 ölkədən 180 şirkət iştirak edir. Yarmarkada hərbi təyyarə və helikopterlərlə yanaşı, sərnişin təyyarələri də nümayiş etdirilir.
Fərid Sançar