Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
525.az xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
xxx
Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) yenidən Qaradağ Rayon Prokurorluğa gətirilib.
525.az-ın xəbərinə görə, hazırda istintaq aparılır.
Bu gün onun barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.