Çağdaş dünyamızda tıxac istənilən ölkədə böyük şəhərlərin, meqapolislərin üzləşəcəyi ən böyük problemlərdəndir. Lakin bir çox inkişaf etmiş dövlətlərdə bu problemin həlli istiqamətində atılan addımlar öz nəticəsini verib. Məsələn, avtobuslar üçün xüsusi zolaqların yaradılması. Başqa bir nümunə olaraq da Estoniyanı misal göstərmək olar. 2012-ci ildən Estoniyanın paytaxtı Tallində ictimai nəqliyyat ödənişsizdir, bu isə şəhərdə avtomobil istifadəsini xeyli dərəcədə azaldıb və insanların işə-evə və yaxud başqa hər hansı yeri gediş-gəlişini xeyli asanlaşdırıb. Qardaş ölkə Türkiyədə isə tələbələrə, müəllimlərə, təqaüd alan şəxslərə endirimli gediş haqqı ödəmək imkanı verilir. Bəs Azərbaycanda, xüsusəndə paytaxt Bakıda hansı modeli tətbiq etməyə ehtiyac var?
Bakı nəinki Azərbaycanın, hətta bütün Qafqazın ən böyük şəhəridir və son illər şəhər əhalisi xeyli artıb. Qeyri-rəsmi məlumatlara görə, Bakıda 4 milyondan artıq əhali yaşayır, bu isə son illər, demək olar ki, hər gün baş verən tıxaclarla özünü büruzə verir. Şəhərdə tıxaca səbəb olacaq bu qədər çox sayda avtomobil olmasının səbəbi isə ictimai nəqliyyatdan istifdənin bəzən hətta mümkünsüz vəziyyətə gəlməsidir. Buna görə də bir çoxları haqlı olaraq düşünürlər ki, şəxsi avtomobilə üstünlük vermək lazımdır. Bu isə hər gün səhər və axşam radələrində yollardakı gündəlik görməyə öyrəşdiyimiz xaos vəziyyətini yaradır.
Bakı Nəqliyyat Agentliyi şəhərin bir neçə küçə və prospektlərində yeni avtobus zolaqlarının tətbiqinə başlayıb. Bu addım, avtobusların tıxacda qalmamasına kömək ola biləcəyindən, həqiqətən də effekt verə bilər. Yeni çəkilmiş zolaqlar hələ ki Gəncə prospekti, Qara Qarayev prospekti, Ziya Bünyadov prospekti, Moskva prospektlərini əhatə edir. Bunun isə ictimai nəqliyyatın hərəkəti üçün yetərli olmayacağı indidən bəllidir.
Bakının mərkəzi küçələrini də əhatə edəcək zolaqlarının artırılması nəzərdə tutulurmu?
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin "525"ə bildirdiyinə görə, indiki halda yollardakı tıxac zamanı avtobuslar da digər avtomobillər kimi ləngimə ilə hərəkət edir, nəticədə marşrut xətləri üzrə avtobusların hərəkət cədvəllərində əhəmiyyətli gecikmələr baş verir: "İctimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi 49 küçə və prospektdə xüsusi zolaqların təşkil olunmasını təklif edib. Bu küçə və prospektlərin hər biri şəhərin vacib ictimai nəqliyyat dəhlizi hesab edilir. Artıq 17 küçə və prospektdə zolaqlar təşkil edilib. Lakin xüsusi zolaqlar var ki, onların şəbəkə halında formalaşması mütləqdir. Bu, şəhərin hərəkətlilik imkanlarının artırılması baxımından zəruridir. Bakı Nəqliyyat Agentliyi xüsusi zolaqların marşrut şəbəkəsi boyunca formalaşmsını hədəfləyib. Hesab edirik ki, belə olmasa, hədəflənən nəticəni əldə etmək mümkün olmayacaq. Eyni zamanda, vacib faktorlardan biri də xüsusi zolaqların tələbinə riayət olunması, nəzarət tədbirlərinin gücləndirilməsidir".
Digər məsələ isə, bu zolaqlara nəzarətin hansı səviyyədə həyata keçiriləcəyidir. Çünki BNA bir neçə il öncə də şəhərin bəzi küçələrində avtobus zolaqları yaratmışdı, lakin fərdi avtomobilləri idarə edən sürücülər həmin zolaqlara daxil olub, avtobusların hərəkətini ləngidirdi. Bəs, yeni yaradılmış zolaqlara nəzarət necə olacaq? Yaxud da avtobus dayanacaqlarında dayanıb sərnişinlərin avtobusa minməsinə mane olan avtomobillərlə bağlı hansısa tədbirlərinin görülməsi nəzərdə tutulurmu? Mais Ağayev bildirib ki, bunun üçün Dövlət Yol Polisi xüsusi zolaqların tələbinə riayət edilməsinə nəzarəti gücləndirməlidir: "Xüsusi zolaqlarla bağlı hədəflənən nəticəni əldə etmək üçün vacib faktorlardan biri də nəzarətlə bağlıdır. Təəssüf ki, biz hələ də zolaqların olduğu küçə və prospektlərdə digər sürücülərin qaydalara riayət etmədiyinin şahidi oluruq. Habelə avtobus dayanacaq məntəqələrinin ərazisini digər sürücülərin zəbt etməsi də ciddi narahatlıq doğuran bir haldır. Xüsusən də qanunsuz sərnişindaşıma vasitələrinin əsas cəlbetmə nöqtəsi hesab edilən ərazilərdə avtobus dayanacaq məntəqələrinin ətrafında xaotik vəziyyət yaratması vəziyyəti daha ağırlaşdırır. Həm sərnişindaşımanın təhlükəsizliyi risk altına düşür, həm də leqal daşımaların işi çətinləşir, avtobuslar xaotik vəziyyətdən doğan tıxac və sıxlıq səbəbindən normal hərəkət edə bilmir, intervallar pozulur. Ona görə hesab edirəm ki, Dövlət Yol Polisi əməkdaşları xüsusi zolaqların tələbinə riayət edilməsinə nəzarət tədbirlərini daha da gücləndirməlidirlər".
Avtobus zolaqlarının artırılmasının avtomobil zolaqlarında daha uzun tıxaclara səbəb ola biləcəyi ehtimalına gəlincə, Mais Ağayevə görə, bu, gözlənilən hal olsa da, problemin tədricən aradan qalxacağı ehtimal olunur: "Xüsusi zolaqlarla bağlı dünyanın digər böyük şəhərlərinin təcrübəsinə baxdıqda görərik ki, bu cür zolaqlar məhz tıxac olan yollarda tətbiq edilir. Bəli, xüsusi zolaqların tətbiqi müəyən zaman kəsiyində yoldakı tıxac və nəqliyyat sıxlığını artıracaq, bu, gözləniləndir, amma tədricən bu problem də aradan qalxacaq. Bu necə baş verdiyini belə izah edim. Tıxaclı yollarda zolaq olduğu halda vətəndaşın seçim imkanları yaranır. O, səyahətini ya daha az vəsait ödəməklə avtobusla həyata keçirir və bu zaman zolağın hesabına tıxacda qalmadan, stabil intervalla mənzil başına çatır, ya da mənzil başına şəxsi avtomobili ilə, amma tıxacda qalaraq, yanacaq sərf edərək gedir. Yəni zolaqlar çoxaldıqca ictimai nəqliyyatın cəlbediciliyi də artacaq və bu, fərdi avtomobildən istifadəni də azaldacaq".
Fərdi SANÇAR