Qocaman xanəndəmiz Ağakərim Nafiz öz gözəl ifaları ilə xalqımıza yaxşı tanışdır. Beynəlxalq Muğam Mərkəzinin tədbirlərində də aktiv iştirak edir və yaşının 75-ə yaxınlaşmasına baxmayaraq gözəl ifaları ilə tamaşaçılarımızı sevindirir.
Keçən ilin son günündə Türkiyənin mötəbər elmi jurnallarından biri olan ESTAD (Eski Türk Edebiyyatı Araştırmaları Dərgisi) səhifələrində dosent-doktor Pərvanə Bayramın "Çağdaş Azərbaycan şeirində bir qəzəl ustası: Ağakərim Nafiz Şirvani" adlı 32 səhifəlik məqaləsi dərc edilib. Pərvanə Bayram Türkiyənin Burdur şəhərində, Mehmet Akif Ersoy Universiteti Türk Dili və Ədəbiyyatı bölümündə çalışır.
Pərvanə Bayram məqalənin giriş bölümündə Azərbaycanda müasir dövrdə klassik əruz şeiri ənənələrinin davam etməsindən heyranlıqla bəhs edir. XIX əsr şeir məclisləri ənənəsinin XX-XXI əsrdə də Azərbaycanda davam etdiyindən danışır, bu dövrdə əruzla şeir yazan müasir şairlərin adlarını çəkir. Öz məqaləsinin obyekti olan Ağakərim Nafizin Şamaxı-Şirvan klassik şeir məktəbinin davamçısı olduğunu qeyd edir. O yazır: "Ağakərim Nafiz Şirvani (1948) divan poeziyasının, xüsusilə Şirvan ədəbi məktəbinin canlı nümayəndələrindən biridir. Şairin Azərbaycan türkcəsində klassik üslubda yazdığı şeirlərin hamısı Turan İbrahimov tərəfindən toplanıb, tərtib edilərək 2017-ci ildə "Klassik Azərbaycan ədəbiyyatının müasir nümayəndəsi" adlı ön söz və geniş icmalla birlikdə Bakıda nəşr edilib. XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və incəsənətinin canlı təmsilçilərindən biri olan Nafiz təkcə Azərbaycan klassik ədəbiyyatını və onun nümayəndələrini deyil, İranın tanınmış şairlərini, Anadolu və Orta Asiya şairlərinin yaradıcılığını da yaxşı bilir. Təkcə klassik ədəbiyyat sahəsində deyil, həm də klassik Şərq musiqisi sahəsində öz dövrünün mühüm nümayəndələrindən olan Nafiz, Azərbaycan muğam sənətində gur səsi və bəstələri ilə fəaliyyətini davam etdirir. O, təkcə Azərbaycanda deyil, Orta Asiya və Yaxın Şərq və eləcədə bir çox Avropa ölkələrində, xüsusilə Fransada, Amerika Birləşmiş Ştatlarında bəstələri və ifaları ilə tanınan sənətkardır".
Məqaləni tam ciddi elmi üslubda yazan Pərvanə Bayram onu giriş, 6 bölmə və nəticə kimi hissələrə bölüb. İlk üç bölmədə Ağakərim Nafiz Şirvaninin həyatı və sənəti, təhsili, ustadları, bəhrələndiyi şəxsiyyətlər haqqında məlumat verib.
Klassik şeirin və ədəbi zövqün formalaşmasında təsirli olan üç müasirindən, "Gənclik illərində ustad şair Məhəmməd Biriyadan, Əhməd Cəfərzadə və Ələkbər Ənsaridən klassik şeir üslubunu mənimsəmişəm" deyə bəhs edib.
Daha sonra Ağakərim Nafizi bir xanəndə və bəstəkar kimi dəyərləndirir, onun musiqi sahəsindəki ustadının gənc yaşlarında vəfat etmiş Ağalar Əhmədşah oğlu olduğunu vurğulayır.
Ayrıca bölmədə A.Nafizin bəhrələnib, təsirləndiyi klassik türk şairləri haqqında məlumat verən Pərvanə Bayram, şairin klassik poeziya zövqünün formalaşmasında Füzulinin böyük təsiri olduğunu qeyd edir. Bundan əlavə o, Ağakərim Nafizin İran şairi Hafiz Şirazinin, Çağatay ədəbiyyatından Əlişir Nəvai və Lütfinin şeirlərini gözəl bildiyini və onlardan bəhrələndiyini də göstərir. Nafizin Osmanlı-Anadolu şairləri Karamanlı Nizami, Nicati bəy, Üsulu, Muhibbi, Baki, Nabi, İzzəti Rumi, Mir Naşidi Rumi, Vəsli Rumi, Namık Kamal kimi şairləri dərindən öyrənib onlarla nəzirə və təxmislər yazdığını da ifadə edir.
Məqalənin 5-ci bölümündə Pərvanə Bayram Ağakərim Nafizin çap olunmuş 2 və çap olunmamış 4 əsəri haqqında məlumat verir. İlk əsəri XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində yaşamış məşhur Şirvan xanəndəsi və şairi haqqında yazdığı "Ustadi-Əzəm Mirzə Məhəmməd Həsən Fələkzadə Şirvani" (2013) kitabıdır. Müəllifin ikinci nəşr edilmiş əsəri onun "Divan"ıdır (2017). Bu 633 səhfəlik kitaba şairin qəzəl, nəzirə, təxmis, tərcümələri və digər şeirləri daxil edilib. Bu "Divan" haqqında məqalənin 6-cı bölümündə Pərvanə Bayram geniş təhlil aparır. Bunlardan əlavə qeyd edir ki, şairin 4 kitabı da əlyazma şəklində hazırdır. Bunlardan birincisi onun sevimli musiqi ustadı Ağalar Əhmədşah oğlunun həyat və sənətindən bəhs edən "Avazı Girami və Pehlivani Avaz" adlı əsəridir. Digərləri isə Şirvan xanlığından bəhs edən "Bayqurd Qartalı", öz həyatından bəhs etdiyi "Xatiratnamə" və klassik Azərbaycan şairlərinin qəzəllərindən topladığı "Təzkireyi-Nafiz" kitablarıdır.
Pərvanə Bayram məqalənin 6-cı bölümündə Ağakərim Nafiz "Divan"ının forma xüsusiyyətləri, qəzəllərinin mövzusu, təxmisləri, nəzirələri, Çağatay türkcəsində tərcümə etdiyi qəzəlləri və Nafizə yazılmış nəzirələr barədə söz açır. Təxmislər haqqında yazı, Azərbaycan, Anadolu və Çağatay şairlərinin qəzəllərinə yazdığı təxmislər ayrı-ayrılıqda üç başlıqla verilib.
Nafizin "Divan"dakı 530 şeirdən 7-si qəsidə, 6-sı məsnəvi, 2-si mürəbbə, 4-ü müxəmməs, 1-i müsəddəs, 1-i müstəzad, 428-i qəzəl, 11-i rübai, 53-ü təxmis, 15-i tərcümə qəzəldir. Mədhiyyələr və qısa məsnəvilər qəzəllərdən əvvəl sıralanıb.
İkinci saqinaməsində şair-xanəndə muğamatın xüsusiyyətlərindən və növlərindən bəhs edib, bir xanəndənin malik olmalı olduğu xüsusiyyətləri sadalayıb. Bu saqinamədə "Rast", "Şur", "Nəva", "Çahargah", "Hümayun", "Şustər", "Mahur", "Əraq", "Segah", "Sarəng" və sair muğam və muğam bölmələrinin adı çəkilir. "Şirvan xanədanlarının vəsfi" adlı üçüncü saqinaməsində o, XIX əsrin ikinci yarısından bu günə qədər yaşayıb fəaliyyət göstərən Şirvan xanədanlarını adlarını, sənətdəki mühüm xüsusiyyətlərini qeyd edir və onları yüksək qiymətləndirir. XIX əsrin sonlarında fəaliyyət göstərən Mirzə Məhəmmədhəsən və Mirzə Güllərdən başlayaraq, özü də daxil olmaqla, cəmi 34 şirvanlı muğam ustasından bəhs edir.
Azərbaycan ədəbiyyatından təxmis etdiyi şairlər sırasında Həqiqi, Nəsimi, Bəsiri, Kişvəri, Füzuli, Naci, Seyyid Əzim Şirvani, Nişat Şirvani, Seyid Əbulqasım Nəbati, Mirzə Məhəmmədhəsən Fələkzadə, Məhəmməd Hadi, Unsi Əfəndi, Mirzə Ələkbər Sabir vardır. Anadolu ədəbiyyatından Mühibbi, Baki, Üsuli, Nabi, Mir Naşidi Rumi və Vəsli Rumi adlı 6 şairin qəzəllərinə təxmislər yazıb.
Xaqani, Hafiz, Nəvai, Baqi, Fərruxi Yəzdi kimi şairlərin qəzəllərini də dilimizə çevirib.
Pərvanə Bayram məqalənin nəticəsində Ağakərim Nafiz yaradıcılığını və şəxsiyyətini aşağıdakı kimi qiymətləndirir: "XX əsr Azərbaycan ədəbiyyatında yazılmış divanlardan biri də Ağakərim Nafiz Şirvaninin "Divan"ıdır... XIX əsrin klassik türk poeziyasına hakim olan dil və üslub XX əsrdə də qorunub saxlanılmış və davam etdirilmişdir. O, klassik poeziyada işlənən məzmunları bugünkü şəraiti və yaşadığı bölgənin dil-üslub xüsusiyyətlərini nəzərə alaraq yenidən cilalamış, öz poeziya bilgisi və lüğət imkanları ilə zənginləşdirmişdir.
Hər hansı bir universitet təhsili almamasına baxmayaraq, şeirlərini oxuyanda, Nafizin əruza, klassik poeziya və klassik musiqi biliklərinə dərindən yiyələnmiş olduğu görünür. Klassik dövr şairləri kimi o da təhsilini poeziya emalatxanalarında, böyük şairlərin, rəssamların, musiqiçilərin məclislərində, onların söhbət mühitində tamamlamışdır".
Nəticədə "Divan"ın kamilliyinə və tərtibinin mükəmməlliyinə diqqəti cəlb edən Pərvanə Bayram fikir və nəticələrini belə tamamlayır: "Ağakərim Nafiz öz dövrünün görkəmli qəzəl şairlərindən biridir. Sovet dövrünün ağır illərində yetişməyinə baxmayaraq, Qurani-Kərimi və peyğəmbərlər tarixini, dini-təsəvvüfi məzmun və ifadələri yaxşı bilən şair şeirlərində bu elementlərdən yerində və uğurla istifadə etmişdir. Onun divanında ərəb əlifbasının 28 hərfiylə də qafiyələnmiş qəzəllər vardır. Məzmun baxımından onun qəzəlləri daha çox aşiqanə, təsəvvüfi, satirik və didaktik üslubda yazılmışdır.
Nafizin "Divan"ı, demək olar ki, klassik musiqinin ensiklopediyasıdır. İstər klassik muğamlar, istərsə də bu muğamları ifa edən sənətkarlar haqqında yüzlərlə beyti var. Zəngin yaddaşa malik olan şair müxtəlif tədbirlərdə, poeziya-bədii gecələrdə çıxış edərək klassik poeziya və musiqi haqqında biliklərini yetişməkdə olan gənc nəsilə çatdırır. Nafizin divanı, divan poeziyasını bu şeirin mühüm forma və məcazi xüsusiyyətlərini yaşatmaq, nümayəndələrini tanıtmaq və sonrakı nəsillərə ötürmək baxımından dəyərli əsərdir. Şairin yaddaşında olan xatirələrin, klassik mədəniyyətə aid məlumatların tez bir zamanda qələmə alınması Azərbaycan mədəniyyətinin və incəsənətinin, klassik poeziyasının davamı üçün çox vacibdir".
Dosent Pərvanə Bayrama bu böyük tədqiqat işinə görə təşəkkürlərimizi bildiririk. Eləcə də 75 yaşına qədəm qoymuş ustad xanəndə və şair Ağakərim Nafizə möhkəm cansağlığı, uzun ömür və yazdığı 4 kitabın da tezliklə işıq üzü görməsini arzulayırıq.
Gülhüseyn KAZIMLI
Filologiya üzrə fəlsəfə doktoru,
Turan İBRAHİMOV
Texnika elmləri üzrə fəlsəfə doktoru